Nağıllar, hekayələr

Boris Jitkov. Ağ ev

Dəniz sahilində yaşayırdıq. Atamın yelkənli gözəl bir qayığı vardı. Qayığı idarə etməyi yaxşı bacarırdım, ancaq atam məni dənizə tək buraxmırdı, çünki o zamanlar on iki yaşım var idi.
 
Bir dəfə bacım Nina ilə atamın iki gün evdə olmayacağını bilib qayıqla o biri tərəfə geçməyi planlaşdırdıq. Dənizin o biri tərəfində gözəl, kiçik, qırmızı damlı bir ağ ev dayanmışdı. Evin ətrafı yaşıl bağ ilə əhatə olunmuşdu. 
 
Bacım ilə orda heç vaxt olmamışdıq, buna görə də, düşündük ki, ora getsək bizim üçün maraqlı olacaq. Bizim fikrimizcə, evin mehriban yaşlı sahibi və sahibəsi vardı, onların da mehriban itləri var. 
 
“Qocalar, yəqin ki, hazırda qatıq yeyirlər və bizi görüb qonaq edəcəklər” - deyə öz-özümüzə xəyal etdik.
 
Beləliklə, dənizə çıxmaq üçün çörək və su doldurmaq üçün şüşələr yığmağa başladıq. 
 
Atam axşam yola düşdü və biz dərhal, anamdan gizli, şüşələrə su tökdük. (Əgər anamız suyu nə üçün doldurduğumuzu soruşsa, o zaman bütün planlarımız alt-üst olacaqdı.)
 
Səhər açılan kimi Nina ilə sakitcə pəncərədən çıxıb çörəyimizi və şüşələrimizi götürüb qayığa mindik. Yelkəni açdım və, beləliklə, dənizə çıxdıq. 
 
Kapitan kimi oturdum, Nina isə dənizçi kimi mənə itaət etdi.
 
Yüngül külək əsirdi, dalğalar isə kiçik idi. Nina ilə özümüzü böyük bir gəmidə hiss edirdik; su və yemək ehtiyatımız var, sanki hansısa başqa bir ölkəyə səyahət edirdik. Qayığın istiqamətini birbaşa qırmızı damlı evə tərəf yönəltdim. 
 
Bir qədər sonra bacıma səhər yeməyini hazırlamasını əmr etdim. Bacım bir az çörək qırdı və su dolu şüşələrdən birini açdı. O, qayığın ortasında oturmuşdu və səhər yeməyini mənə vermək üçün ayağa qalxdı. Bacım çönüb evimizin olduğu sahilə baxanda elə qışqırdı ki, özümü itirdim:
 
- Ah, evimiz necə də uzaq görünür! – o, dedi.
 
- Nina, amma qocaların evi artıq yaxındadır - deyə ona cavab verdim.
 
Bacım çönüb irəli baxdı və daha da yüksəkdən qışqırdı:
 
- Sən nə danışırsan? Qocaların evi də çox uzaqdadır: ümumiyyətlə yolu heç yarılamamışıq belə. Evimiz artıq uzaqda qaldı!
 
Nina ağlamağa başladı, mən isə, onun acığına, heç nə olmamış kimi çörək yeməyə davam etdim. Bacım dayanmadan ağladı, mən yenə ona dedim:
 
- Geri qayıtmaq istəyirsənsə, atla dənizə, üzərək get evə, mən isə qocaların yanına gedirəm.
 
Sonra bacım şüşədən su içdi və yuxuya getdi. Mən hələ də sükanda oturub, irəliləyirdim. Külək istiqamətini dəyişməmişdi, eyni qaydada əsirdi. Qayıq hamar bir şəkildə irəliləyir, altındakı su isə fırlanıb səs salırdı. Günəş artıq yüksəkdə idi.
 
Artıq qarşı tərəfə çox yaxın idik və ağ ev aydın görünürdü. 
 
“İndi Ninka oyanıb baxsa – sevinəcək!” – öz-özümə fikirləşdim.
 
İtin harada olduğuna nəzər yetirdim. Amma nə it, nə də qocalar görünmürdü.
 
Birdən qayıq büdrədi, hərəkətsiz şəkildə yerindəcə dayanıb bir tərəfə əyildi. Suya yıxılmamaq üçün yelkəni aşağı endirdim. Nina ayağa qalxdı. Yuxuya getdiyindən harada olduğunu anlamırdı. O, qorxu dolu gözlərini geniş açıb mənə baxdı. Mən isə ona dedim:
 
- Qayığımız quma ilişib. Qorxma! İndi onu ordan çıxaracam. Artıq ağ ev də yaxın məsafədədir!
 
Ancaq Nina artıq ağ evə yaxınlaşdıqları üçün sevinmirdi, onu sadəcə qorxu bürümüşdü. 
 
Paltarlarımı çıxarıb suya atıldım və qayığı itələməyə başladım. Qayıq daha da dərin quma girmişdi.
 
Artıq yorulmuşdum, ancaq qayıq hələ də hərəkət etmirdi. Onu ya bir tərəfə əydim, daha sonra digər tərəfə, daha sonra yelkənləri aşağı saldım, amma heç nə kömək etmədi.
 
Nina qocanın bizə kömək etməsi üçün qışqırmağa başladı, amma uzaqda idik və heç kim köməyimizə gəlmədi. Ninaya suya tullanmağı xahiş etdim, amma bu da gəmini asanlaşdırmadı: qayıq möhkəm qumun içinə girmişdi. Qayığı sahilətərəf itələməyə çalışdım, ancaq hər istiqamətdə dərin idi. Yerimizdə dayanıb qalmışdıq, nə irəli, nə də geri getmək mümkün deyildi.
 
Bu müddət ərzində ağ evdən heç kim çıxmadı. Çörəyimi yedim, suyumu içdim, Nina ilə isə heç bir kəlmə belə etmədim, çünki, o, durmadan ağlayıb, məni günahlandırırdı:
 
- Budur, indi bizi burda heç kim tapmayacaq. Dənizin ortasında qaldıq. Kapitan! İndi anamız dəli olacaq! Xatırlayırsan anamız həmişə deyirdi: "Sizə bir şey olsa, dəli olarm."- bacım dedi. 
 
Mən isə susdum. Külək tamamilə dayanmışdı. Başımı qayığın bir tərəfinə qoyub yuxuya getdim.
 
Oyandığımda tamamilə qaranlıq idi. Ninka hələ də skamyanın altında bükülüb ağlayırdı. Ayağa qalxdım və qayığın ayaqlarımın altında sərbəst və asanlıqla yelləndiyini hiss etdim. Qəsdən onu daha da yellədim, qayıq artıq azad idi. Buna görə çox sevindim!  İstiqamətini dəyişən külək suların səviyyəsini qaldırmışdır, buna görə də, qayığımız qumdan azad olaraq suyun üstündə sərbəst dayanmışdı.
 
Ətrafa baxdım. Uzaqdan çoxlu işıqlar parlayırdı. – İşıqlar bizim sahilimizdən gəlirdi.
 
Yelkənləri qaldırmağa tələsdim. Nina ayağa qalxdı və əvvəlcə dəli olduğumu düşündü, amma ona heç nə demədim.
 
Gəmini işıqlara tərəf yönəltdikdən sonra ona dedim:
 
- İndi nə deyirsən, ay ağlayan qız? Evə gedirik!
 
Bütün gecə üzdük. Səhər artıq külək dayanmışdı, biz də sahilə çatmışdıq. Evə doğru qaçdıq. Anamız həm qəzəbli, həm də sevincli idi. Ancaq ondan atamıza heç nə deməməsini xahiş etdik.
 
Daha sonra öyrəndik ki, bir ildən çoxdur ki, ağ evdə heç kim yaşamır.