Xəbərlər

Sofiya adlı robot Əmirliklərin bilik elçisi olub

Abu-Dabi, 23 noyabr, AZƏRTAC
 
Bu günlərdə Səudiyyə Ərəbistanının “vətəndaşlığını almış” Sofiya adlı humanoid robot Birləşmiş Ərəb Əmirliklərinin bilik elçisi olub. Bu barədə məlumat “Knowledge Summit 2017” forumunda açıqlanıb. 
 
AZƏRTAC xəbər verir ki, BƏƏ hökuməti beş bilik elçisi seçib. Onların arasında teleaparıcı və futuroloq Ceyson Silva, ərəb mediasının təmsilçisi  Muna Abu Süleyman, Dubay polisinin DNT və biologiya üzrə eksperti Rəşid Al Qafri, habelə süni intellekt proqramları işləyib hazırlayan 13 yaşlı Tanmay Bakşi var. 
 
Birləşmiş Ərəb Əmirliklərinin nailiyyətlərini regional və beynəlxalq səviyyələrdə təqdim edəcək bilik elçiləri hər il seçiləcək. 
 
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri