Xəbərlər

Fastfudların orqanizmə zərərləri

“Dönər”lər, “burger”lər, “hot-doq”lar, “dürüm”lər son zamanlar xüsusilə uşaqların ən çox sevdiyi qidalar sayılır. Bir çox hallarda gənclərin də belə fastfudlarla qidalandığının şahidi oluruq. Bəziləri onun tez hazırlandığını, bəziləri dadlı olduğunu əsas gətirir, bəziləri isə hərdən damaq dadını dəyişmək üçün onlarla qidalanmağa üstünlük verirlər.

 

Əslində bu qida növü rasionumuza əcnəbi ölkələrdən gəlib. Lakin buna baxmayaraq, milli fastfudlar – qutab, kətə, peraşki və sairləri də var. Mütəxəssislərin dediyinə görə, ümumiyyətlə, fastfudların növündən asılı olmayaraq, istehlak zamanı müəyyən məqamlara diqqət yetirmək lazımdır.

 

AZƏRTAC xəbər verir ki, qida üzrə ekspert Seymur Qafarov deyib: “Küçə qidalarında, sürətli və ayaqüstü yeməklərdə qida etiketlərindən istifadə olunması, onun qısa zaman ərzində - təqribən 2, bəzi qidalarda 3 saat müddətində istehlakı tövsiyə edilir. Həmin müddətdən sonra qalan qidaların tərkibində dəyişiklik ola və sağlamlığa zərər yetirə bilər. Kifayət qədər kalorili və bir o qədər də ləzzətli olan həmin qidaların tərkibində rəngləndirici və dadlandırıcı kimyəvi maddələr var. Bu isə orqanizmə mənfi təsir göstərir”.

 

Həkim-terapevt Zakir Quliyev isə qeyd edir ki, gündəlik qida rasionuna saldığımız fastfudlar mədə-bağırsaq, hətta xərçəng xəstəliyinə səbəb ola bilər: “Hansısa öyrəşilən qidadan birdən-birə uzaqlaşmaq mümkün deyil və birdən-birə uzaqlaşmağın özü də orqanizmə ciddi ziyan vura bilər. Ona görə də həmin qidalardan bədəni birdən-birə deyil, tədricən, alışdıra-alışdıra, yavaş-yavaş, hissə-hissə uzaqlaşdırmaq lazımdır. İlk mərhələdə həftədə bir dəfə, sonrakı mərhələdə ayda bir dəfə qəbul etmək olar və aradakı interval artdıqca istək də azalacaq”.

 

Xüsusilə də fasfudları ailənin balaca üzvlərinin menyusundan çıxarmaq tövsiyə olunur, çünki həmin qidalar uşaqlarda piylənmə və digər xəstəliklərə aparıb çıxara bilər.