Bu maraqlıdır!

Filatelistlərin sirləri

İnsanın könüllü, məcbur edilmədən məşğul olduğu və böyük zövq aldığı fəaliyyətlərə onun hobbisi deyilir. Bəziləri nadir əşyaları toplamağı, digərləri ayrı-ayrı dövlətlərə məxsus pul vahidlərin yığmağı, bir sıra insanlarsa poçt markaları yığmağı sevir. Məhz poçt markasını toplamağı özünə hobbi kimi seçənlər filatelist adlanır.


İlk dəfə marka yığmaq tembrofliya, sonralar isə markamaniya adlansa da, lakin 1864-cü ildə Fransada marka yığmağı filateliya adlandırdılar.


Filatelistlər hər hansı ölkənin poçt markasını topladıqda istər-istəməz həmin ölkənin tarixini, memarlığını, flora və faunasını, dahi şəxsiyyətlərini, idman aləmində nailiyyətlərini öyrənir. Filateliya dünyada dərin məzmunlu bir elm sahəsi kimi tanınır. Markalarda dövrlər üzrə yaranan ən yeni texnologiyaların təsvir olunması onu toplayanlarda da istənilən ölkə, sahə üzrə dərin biliklər, ensiklopedik məlumatların yaranmasına kömək edir. Nəticədə isə filateliyanı hobbi kimi seçən insan maariflənir.


Artıq 1899-cu ildə bütün dünyada 1 milyona yaxın filatelist var idi. On il sonra isə İngiltərənin "Ştamp Adventiser" jurnalının yazdığına görə marka yığanların sayı daha 500 min nəfər artıb. Birinci dünya müharibəsindən sonra  filatelistlər 2.3 milyon, 1940-cı ildə 7.5 milyon nəfər təşkil edirdi. 


1967-ci ildə "İtaliya filateliyası" jurnalının yazdığına əsaslansaq, o dövrdə marka yığanların sayı 18 milyon nəfərə çatmışdı.


Hazırda aparılan araşdırmalara görə, marka yığanların sayı 100 milyon nəfərə yaxındır.


Qeyd edək ki, 1926-cı ildə Beynəlxalq Filateliya Federasiyası təsis olunub. Azərbaycanda ilk filatelistlər dərnəyi 1957-ci ildə yaradılıb, 1958-ci ildə isə Bakı şəhər kolleksiyaçılar cəmiyyətinə çevrilib.1966-cı ildə Ümumittifaq filatelistlər cəmiyyətinin Bakı şöbəsi kimi yenidən təşkil olunub.


Dünyada Rokfeller, Ruzvelt, Yelizavetta, Monako şahzadəsi kimi tanınmış adamlar marka kolleksiyaları toplayıb.