Xəbərlər

İsmayıllı məktəbliləri Dövlət Bayrağı Gününü qeyd ediblər

İsmayıllı, 7 noyabr, AZƏRTAC 


İsmayıllıda 9 Noyabr - Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edilib. AZƏRTAC xəbər verir ki, Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon rəhbərliyi, ziyalılar və məktəblilər iştirak ediblər. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıları təbrik edərək, dövlət rəmzlərimizin, o cümlədən üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün əziz, müqəddəs olduğunu söyləyib.


Sonra şəhər 6 nömrəli tam orta məktəbin şagirdləri “Bir dəfə yüksələn bayraq bir daha enməz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. 


Qeyd edək ki, Dövlət Bayrağı Günü münasibətilə rayon məktəbliləri arasında “Dalğalan, dalğalan mənim bayrağım!” mövzusunda inşa yazı müsabiqəsi də keçirilib.