Bu maraqlıdır!

Hierapolis antik şəhəri

Hierapolis, kalsium oksidli yeraltı suların yığılması ilə yaranan terasları, Yelena və Roma dövrlərinə aid arxeoloji xarabalıqları ilə təbiət və sivilizasiyanın qarşılaşdığı qədim bir şəhərdir. Pluton, Kibela, Apollo, Dionis kimi tanrıların məkanı olaraq da tarixə keçən əfsanəvi şəhər Türkiyənin Dənizli ilçəsindən 22 km uzaqda yerləşir. Bölgə 1988-ci ildə YUNESKO-nun irsinə daxil edilib. Kalsium oksidli suların şəkilləndirdiyi pambıq görünüşü erkən Yelena və Xristianlıq dövrünə aid qalıqları özündə birləşdirən Hierapolis bizim e.ə II əsrdə Pergamon krallığını yaradan və idarə edən Atallos sülaləsindən II. Eumenes tərəfindən qurulmuşdu. 

 

Lakin, daha öncələri e.ə III əsrin birinci yarısında frigiyalılar tərəfindən bir məbəd inşa edildiyi, məbədin bir Frigiya şəhəri olan Laodikiya xalqı tərəfindən istifadə edildiyi düşünülür. Şəhər adını Yunan mifalogiyasında Berqama şəhərinin əfsanəvi qurucusu Telephusun arvadı Hieradan aldığı sanılır. Amazonlar kraliçası olaraq bilinən Hiera Troya savaşı əsnasında yunan savaşçı Nireus tərəfındən öldürülür. Hieranın Berqamadakı qurbangahın içində təsviri öz yerini almışdır. Bu təsvir şəhərin adının Hieradan gəldiyi fikrini çoxaltsa da, “hierapolis” yunan dilində “müqəddəs şəhər” mənasını verir. Bizanslı coğrafiyaşünas Stephanusa görə çoxlu sayda məbədin olması və erkən xristianlığın mərkəzi olaraq məşhurlaşması da şəhərin “müqəddəs şəhər” olaraq adlanmasının səbəblərindən biridir. 


Çökelez dağının cənub ətəyindən axıb gələn kalsium oksitli qaynar suların meydana gətirdiyi pambıq ağlığını xatırladan yayla olduqca qeyri-adi mənzərə yaradır. Burada yerin altından saniyədə 360 litr su çıxır. Özündə kalsium duzları və karbon qazı ehtiva edən 35 dərəcə istilikdəki termal suyun əsrlərdən bu yana müxtəlif xəstəliklər üçün dərman olduğuna hər kəs inanıb. Bu üzdən də şəfa axtaran insanların ən çox baş çəkdikləri yerlərindən biri olaraq tanınır. Bu maraq qaynaqların ətrafında Hierapolis adlı bir məskunlaşma məkanının meydana gəlməsinə də səbəb olub.

 

Hierapolisdə qazıntılar ilk dəfə 1887-ci ildə Alman arxeoloq Carl Humann tərəfindən başladılıb. O, qazıntı zamanı yazdığı qeydləri “Altertümer von Hierapolis” adlı kitabında1889-cu ildə nəşr edib. 

 

Ancaq qazıntılar qədim şəhəri tamamilə ortaya çıxarmaq üçün kifayət etmədi. 1957-ci ildə italiyan arxeoloq Paolo Verzone tərəfindən yenidən daha ətraflı və ciddi şəkildə qazıntılar aparılmış və bərpa işləri ilə birlikdə 2008-ci ilə qədər davam etmişdir. Əsas küçə boyunca böyük sütunlar tikildi. XI əsrdə bir həyət evi də daxil olmaqla bir çox Bizans evləri aşkar edildi. Qazıntılar zamanı tapılan bir çox heykəllər London, Berlin və Roma muzeylərinə aparılıb. Digər əsərlər isə Hierapolis Arxeologiya Muzeyində nümayiş etdirildi.

 

Pamukkale müalicə məqsədilə istifadə edilən yeraltı suları (travertenler) sayəsində tarix boyunca çoxsaylı turistləri özünə cəlb edib. 

 


Antik Kleopatra hovuzu Pamukkalenin ən əhəmiyyətli simvollarından biridir. Xüsusilə sağlamlığa faydalı olan suyu ilə dünyanın sayılı hovuzlarından biri olaraq qəbul edilir. İldə minlərlə adamın üzdüyü bu hovuz bir çox xəstəliklərə dərmandır. Məsələn, araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hovuzun suyu ürək xəstəliyi, damar sərtliyi, təzyiq, revmatizm, dəri, göz, raxit, iflic, sinir və damar xəstəliklərinə, içildikdə isə mədə xəstəliyinə çox yaxşı təsir edir. Bu da Roma dövründən etibarən Antik hovuzun ətrafında davamlı olaraq səhiyyə mərkəzlərinin qurulmasına səbəb olub.

 

Bu hovuzun suyunun özəlliklərindən biri də, deyilənə görə, burada çimənlərin cildinin gözəlləşməsidir. Guya burda yuyunmaqla Misir hökmdarı Kleopatra kimi gözəl olmaq da mümkündür. Bu üzdən də buraya Kleopatra hovuzu da deyirlər.