Pirimov Qurban Baxşəli oğlu
Azərbaycanın xalq artisti, tarzən
1880-ci ilin oktyabr ayında, Şuşa qəzasının Abdal Gülablı kəndində anadan olub. Qarabağın məşhur aşığı Valehin nəticəsi olan Qurban müasir Azərbaycan tarının yaradıcısı Sadıqcandan dərs alıb.
15 yaşından etibarən Qarabağ toylarında məşhur xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tar çalmasını bəyənib və onu özünə tarzən götürüb. 1905-ci ildə Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasına valeh olub və İslam Abdullayevin razılığı ilə onu özü ilə Bakıya gətirib. Həmin vaxtdan etibarən Cabbar Qaryağdıoğlu və Saşa Oqanezaşvili ilə birlikdə musiqi üçlüyündə çıxış edib.
1908-ci ildə Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının ilk tamaşasında orkestrin solisti olub. 40 il Azərbaycan opera və balet teatrında çalışıb.
1910-1912-ci illərdə Varşava, Riqa və Moskva şəhərlərində Qurban Pirimovun ifa etdiyi muğamlar və təsniflər "Sport-rekord" firması tərəfindən qrammofon valına yazılıb.
1929-cu ildə Azərbaycan SSR-nin Əməkdar Artisti, 1931-ci ildə isə respublikanın Xalq Artisti adına layiq görülüb.
Qurban Pirimov eyni zamanda musiqidən dərs deyib. Onun tələbələri arasında Azərbaycan SSR Xalq Artistləri Bəhram Mənsurov, Həbib Bayramov və Sərvər İbrahimov da olub.
Nabat xanım Ağalar qızı ilə ailə həyatı qurub və bu nikahdan Əsgər, Sara, Tamara və Ədilə adlı dörd övladı dünyaya gəlib.
1965-ci il avqustun 29-da Bakı şəhərində vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
27.09.2014