YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Opera

Siz yəqin ki, dəfələrlə operaya radio ilə qulaq asmış, televizorda tamaşa etmişiniz. Əgər Bakıda yaşayırsınızsa, yəqin ki, opera teatrında da olmusunuz. Opera tamaşasından aldığınız ilk təəssüratı yadınıza salın. 


İşıqlara qərq olmuş bir neçə yarusdan ibarət geniş zal bayram əhval-ruhiyyəsi içindədir. Budur, işıqlar yavaş-yavaş sönür, səs-küy kəsilir. Hələ pərdə açılmamış, tamaşa zalına musiqi sədaları dolur. Bu səs səhnənin qarşısında, aşağıda yerləşdirilmiş orkestrin səsidir. Orkestrsiz opera ola bilməz. Axı, solistləri və xoru müşayiət edən, musiqi lövhələri yaradan orkestrdir. 


Orkestrin hələ pərdə açılmamış ifa etdiyi musiqi parçası uvertüra (opera müqəddiməsi) adlanır. Uvertüra dinləyiciləri sanki qabaqcadan operada eşidəcəkləri musiqi aləminə hazırlayır. Uvertürada, adətən, operanın əsas melodiyaları səslənir. Pərdə açılan kimi siz özünüzü tamam başqa aləmdə hiss edirsiniz. Sizin nəzərinizi gözəl dekorasiyalar aləmi cəlb edir. Dekorasiyalar operada baş verən hadisələrin yerini və vaxtını daha aydın təsəvvür etməyə kömək edir. 


Dekorasiyaları və əsərdə iştirak edən bütün artistlərin geyimlərini rəssamlar hazırlayır. Görürsünüz, opera tamaşası, əvvəl güman etdiyiniz kimi təkcə musiqidən ibarət olmayıb, incəsənətin müxtəlif növlərinin bir-birinə qovuşmasından əmələ gəlir. 


Opera artistləri də öz rollarını dram aktyoru kimi ifa edirlər. Lakin operanın qəhrəmanları öz fikir və hisslərini ariyalarla, mahnılarla ifadə edir, bir-biri ilə duet və reçitativlər (bir növ musiqi deklamasiyası) vasitəsilə danışırlar. Əgər iştirakçılardan bir neçəsi birlikdə oxuyursa, buna ansambl deyilir. Operada xor da mühüm rol oynayır. 


Opera sənəti ilk dəfə XVI əsrin sonu – XVII əsrin əvvəllərində, İntibah dövründə meydana gəlmişdir. Operanı İtaliyanın Florensiya şəhərinin şairləri, musiqiçiləri, rəssamları yaradıblar. Onlar operada incəsənətin müxtəlif növlərini – poeziya və musiqini, dram və boyakarlığı birləşdiriblər. O vaxtdan etibarən opera sənəti tez bir zamanda bütün Avropada yayılıb. 


Dünyanın bir çox ölkəsində milli opera bəstəkarları yetişib, musiqili teatrlar yaradılıb. XIX əsrdə və XX əsrin əvvəllərində opera sənəti ən yüksək inkişaf zirvəsinə çatmışdı. İtaliyada, C.Rossini, C.Verdi, C.Puççini, Almaniyada R.Vaqner, Fransada J.Bize, Rusiyada M.Qlinka, A.Borodin, P.Çaykovski və N.Rimski-Korsakov kimi dahi bəstəkarlar ölməz operalarını məhz bu dövrdə yaratmışlar. 
İlk Azərbaycan operası olan “Leyli və Məcnun”u 1908-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəyli yazmışdır. Onun 1937-ci ildə tamaşaya qoyulmuş “Koroğlu” operası isə bu janrın ən böyük nailiyyətlərindəndir.