YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rüstəmov Səid

Azərbaycan-sovet bəstəkarı, dirijoru, pedaqoqu Səid Əli oğlu Rüstəmov 1907-ci il mayın 12-də İrəvanda anadan olub. Yaradıcılığında muğam formalarından, aşıq musiqisi və xalq mahnılarından istifadə edərək özünə məxsus musiqi dili yaradan S.Rüstəmov "Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların müəllifidir.

 

O, 1924-cü ildə musiqi məktəbinin (texnikumun) tar sinifinə qəbul edilib. Musiqi texnikumunda not üzrə Üzeyir Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs alıb. 1926-ci ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlayıb. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmiş, 1926-cı ildə isə  "Süleyman Sani məktəbi" adı ilə tanınan, Süleyman Sani Axundovun direktoru olduğu 19 saylı orta məktəbə müəllim təyin edilmişdir. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (indiki Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası) tar ixtisası üzrə dərs deməyə başlayıb.

 

1935 - 1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Səid Rüstəmovun 1935-ci ildə yaratdığı "Tar məktəbi" kitabı tarın tədrisində mühüm rol oynamışdır. Həmçinin Səid Rüstəmovun 1950-ci ildə çap olunmuş "Tar üçün melodik etüdlər" adlı dərsliyində də tədris prosesində olan tələbat azalmamışdır. Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" adlı dərs kitabını çap etmişdir. Bəstəkar kimi Səid Rüstəmovun yaradıcılığı janr etibarilə kifayət qədər genişdir. O, musiqili komediya janrına müraciət etmişdir; bir çox irihəcmli vokal-instrumental və instrumental əsərlər yaratmışdır; bir sıra dram tamaşalarına musiqi bəstələmişdir. Onun yaratdığı çoxsaylı mahnılar milli bəstəkar yaradıcılığı tarixində bu janrda yaradılan klassik nümunələr hesab edilir.

 

O, 1938-ci ildə Əməkdar İncəsənət xadimi, 1957-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülmüşdür. İki dəfə Qırmızı Əmək Bayrağı ordeni və Xalqlar Dostluğu ordeni və bir sıra medallarla təltif olunmuşdur.

 

Səid Rüstəmov 1983-cü ilin iyun ayında 76 yaşında vəfat etmişdir. Bəstəkar I Fəxri Xiyabanda dəfn olunmuşdur.