YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Havanın rütubəti

Havanın rütubəti - havada olan su buxarının miqdarıdır. Bu göstərici hava və iqlimi müəyyən edən kəmiyyətlərdən biridir. Məsələn, temperatur və rütubətlilik qarşılıqlı təsir göstərərək ən mühüm iqlim faktorları hesab edilir və iqlimin “keyfiyyətini” təyin edir. Mövsüm ərzində yüksək rütubətlilik temperaturun kəskin dəyişməsini azaldır, bu, dəniz iqlimi sayılır. Havanın yüksək quraqlığı, yəni rütubətin aşağı düşməsi, temperaturun kəskin dəyişməsinə gətirib çıxarır, bu isə kontinental iqlim hesab olunur. Havanın nəmliyi, əsasən, su buxarının təzyiqi, mütləq rütubət (1 m3 havada olan su buxarının qramla miqdarı), nisbi rütubət, şeh nöqtəsi (havanı izobarik soyutduqda su buxarının doyma halına uyğun temperaturu) və s. göstəricilərlə ifadə edilir.


Havadakı su buxarı havanın rütubətini əmələ gətirməklə yanaşı, müəyyən şəraitdə dəyişilərək yağıntıya çevrilir. Bu su buxarının kondensasiyası (qaz haldan maye hala keçmə) zamanı baş verir. Su buxarı atmosferin alt qatında mövcuddur.


Müəyyən istilik şəraitində maksimal buxarlana bilən rütubət (su) miqdarına buxarlanma qabiliyyəti deyilir. Bu mümkün buxarlanma adlanır.


Tropik səhra və savannada buxarlanma qabiliyyəti daha yüksək, Arktik səhra və tundrada isə daha azdır. Buxarlanma qabiliyyəti daha böyük olan ərazilərdə - sutkalıq temperatur amplitudası böyük, fiziki aşınma intensiv, canlılar aləmi isə (bitki, heyvan) kasıb olur. Buxarlanma ilə buxarlanma qabiliyyəti arasındakı fərq ərazinin quraqlıq dərəcəsini göstərir. Bu fərq ən çox səhra və yarımsəhralarda, ən az isə su sahələri üzərində olur.


1 m3 havada olan su buxarının qramlarla miqdarına mütləq rütubətlilik deyilir. Bu ilk növbədə havanın temperaturu ilə düz mütənasibdir. Məsələn, -20°C-də havanın tərkibində 1 qram su olduğu halda, +20°C-də 17 qram su olur. Atmosferdə mütləq rütubət 0,1-1 q/m3- dən (qışda materiklərin qütb enlikləri üzərində) 30 q/ m3-ə qədər və daha çox (ekvatorial zonada) olur.


Havanın nəmliyi hiqrometr və ya psixrometrik termometrlərlə ölçülür.


Tüklü hidrometrin iş prinsipi insan tükünün rütubətlə uzanmasına əsaslanan cihazdır. Şkalanın üzərindəki əqrəb havanın nisbi rütubətini gostərir. Psixrometr - ha-vanın nisbi rütubətini təyin etməyə imkan verən cihazdır və əsasən, iki termometrdən ibarətdir. Onlardan biri-quru termometr havanın temperaturunu göstərir. Digər termo-metrin kürəciyi ucu suya salınmış parça ilə sarınmışdır. Su buxarlanır və termometri soyudur və bu səbəbdən quru və yaş termometrlərin göstəriciləri arasında fərq yaranır. Həmin fərq havanın nisbi rütubətindən asılıdır. Termometrlərin göstərişlərinə əsasən xüsusi cədvəllərin köməyi ilə havanın nisbi rütubətini təyin etmək mümkündür. Psixrometr hiqrometrə nisbətən rütubəti daha dəqiqliklə təyin etməyə imkan verir.


Məlumdur ki, havada olan su buxarının miqdarı daima doymuş halda olmur. Bu zaman havanın nisbi rütubətliliyi anlayışı ortaya çıxır. 1 m3 havada olan su buxarının (havadakı faktiki su buxarının) kütləsinin, həmin temperaturda mümkün olan su buxarının (yəni, havanın doyması üçün tələb olunan maksimal su buxarının və ya doymuş su buxarının və ya doymuş havanın) kütləsinin %-lə nisbətinə deyilir. Su buxarı fasiləsiz olaraq havaya su səthindən, torpaqdan və bitkilərdən buxarlanaraq daxil olur. Su buxarı şaquli istiqamətdə qalxır və yuxarıda hava axınları nəticəsində müxtəlif istiqamətlərə aparılır. Müəyyən olunmuşdur ki, havanın temperaturu artdıqca havada olan su buxarının da miqdarı artır və bu, o həddə qədər çatır ki, artıq hava su buxarını qəbul edə bilmir. Bu zaman doyan havaya doymuş hava deyilir. Yəni müəyyən temperaturda havanın tərkibində maksimal, mümkün miqdarda su buxarı varsa, o, doymuş hava adlanır. Belə desək, havanın özündə saxlaya bildiyi ən çox su buxarının miqdarı, doyma həddi hesab olunur və bu rütubət 100% qəbul edilir və yağıntının əmələ gəlməsi üçün başlıca səbəbdir. Nisbi rütubətin tərifində ifadə olunan 1 m3 havadakı su buxarı və ya mütləq rütubət anlaşılan olsa da, doymuş buxar ifadəsi şagirdlər üçün praktik olaraq bir qədər başadüşülməz ola bilər. Bu baxımdan doymuş buxar anlayışına dair praktik bir misal qeyd edək: Fərz edək ki, ağzıbağlı qabda olan mayenin səthindən su buxarlanır və molekullar qapaqla suyun səthi arasında olan fəzaya keçirlər. Bəzi molekullar yenidən mayeyə qayıdır: qapaq bağlı olduğundan buxarın çox hissəsi kondensasiya edir, yəni mayeyə çevrilir. Nəhayət, elə an gəlib çatır ki, vahid zamanda mayeyə qayıdan molekulların sayı mayeni tərk edən molekulların sayına bərabər olur. Bu hal dinamik tarazlıq adlanır. Dinamik tarazlıq halında qabdakı buxarın və mayenin miqdarı dəyişmir. Yəni qapaqla suyun səthi arasında olan fəzada su buxarının miqdarı dəyişmir, həmin fəza su buxarı ilə doyur və bu su buxarı fəzanın özündə saxlaya bildiyi maksimum su buxarı və ya doymuş buxar adlanır. Atmosfer havasında da buna oxşar proses baş verir. Öz mayesi ilə dinamik tarazlıqda olan buxara doymuş buxar deyilir. Doymuş buxarın sıxlığı və təzyiqi nədən asılıdır?


Fərz edək ki, ağzıbağlı qabda maye və onun doymuş buxarı var. Qab qızdırılır. Temperatur artdıqca mayeni tərk edən molekulların sayı mayeyə qayıdan molekulların sayından çox olur. Bu halda dinamik tarazlıq və buxarın doymuş halı pozulur. Bir müddətdən sonra dinamik tarazlıq bərpa olur, lakin qapalı fəzanın vahid həcminə düşən buxar molekullarının sayı artdığından doymuş buxarın sıxlığı artır. Sıxlıq artdıqca buxarın təzyiqi də artır.


Ağzıaçıq qabda isə dinamik tarazlıq halı yaranmır, çünki mayeni tərk edən molekulların çox hissəsi ətrafa yayılır. Belə buxar doymayandır. Öz mayesi ilə dinamik tarazlıqda olmayan buxara doymayan buxar deyilir.


Nisbi rütubət temperaturla tərs mütənasibdir. Nisbi rütubət ekvator və qütb ərazilərində maksimuma, tropik səhralarda isə minimuma çatır. Nisbi rütubət nə qədər çox olarsa, yağıntının düşməsi üçün bir o qədər real şərait yaranır. Nisbi rütubətin miqdarı artdıqca hava doyma həddinə yaxınlaşır. Nisbi rütubət 30%-dən az olduqda hava quru, 70% çox olduqda isə hava rütubətli sayılır və yağıntının düşməsi ehtimalı çoxalır. Əraziyə düşən yağıntının (Y) buxarlanmaya (B) olan nisbəti rütubətlik əmsalı (Rə) adlanır.


Rütubətlik əmsalı - istilik və rütubət arasında asılılığı, məntəqənin coğrafi mövqeyini, çay və göl şəbəkəsinin sıxlığını, fiziki və kimyəvi aşınmanın intensivliyini, kənd təsərrüfatının yerləşməsini, əhalinin sıxlığını göstərir, təbii zona və bitki örtüyü haqqında məlumat verir. Rütubətlik əmsalı: R.ə.= 1 olduqda normaldır; R.ə < 1 (vahiddən kiçik) olduqda rütubət çatışmamazlığı var. Bu cür ərazilərdə quraqlığa davamlı kserofit bitki örtüyünün inkişafı və duzlu göllərin əmələ gəlməsi üçün əlverişli şərait yaranır. Quraq (arid) iqlimdir. Suvarma tələb olunur. Düz radiasiya çox, fiziki aşınma intensivdir; R.ə. > 1 Bu cür ərazilərdə yağıntı buxarlanmadan çox olduğundan rütubət boldur, düz radiasiyanın miqdarı az, su hövzələri, çaylar, göllər sıx, bataqlıqların yaranması üçün əlverişli təbii şərait mövcuddur. Rütubətli (humid) iqlimdir. Yuxarıda göründüyü kimi, rütubət əmsalı nə qədər kiçik olursa, iqlim bir o qədər quru olur.


Havanın nəmliyi bitkidə fizioloji proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, çox quru havada yarpağın ağızcıqları qapanır, transpirasiya (yarpaqdan suyun buxarlanması) və assimilyasiyanı (maddələr mübadiləsi nəticəsində bitkidə üzvü maddələrin toplanması) azaldır.


Nisbi rütubətin normadan çoxluğu yarpağın transpirasiyasını azaldır. Havanın rütubəti transpirasiyanı tənzim edən mühüm amillərdəndir. Havada rütubət artdıqda transpirasiya zəifləyir, azaldıqda isə intensivləşir. Havanın temperaturunun yüksəlməsi transpirasiyanın sürətlənməsinə səbəb olur. Külək transpirasiyanı şiddətləndirir. Əksər bitkilər üçün havanın optimal nəmliyi 70-80 % təşkil edir.


Havanın nisbi rütubəti və suvarma suyu azlıq edən yerlərdə quraqlığa davamlı sortlar əkilməlidir. Gecə şehi və isti yay yağışları yarpaqları gec quruyan və havalanma pis olan yerlərdə göbələk xəstəliklərindən mildiu, antraknoz və çürümə xəstəlikləri tez baş verir.

Havanın nəmliyi 25%-dən aşağı olduqda dişicik ağızcığındakı şirə quruyur.