C

Cavanşir qalası

VII əsrə aid müdafiə istehkamı
 
İsmayıllı rayonunun Talıstan kəndindən 4 kilometr şimalda, Ağcaçayın sağ sahilində yerləşir.
 
Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikilmiş qalanın tam sxemini ilk dəfə 1963-cü ildə coğrafiya elmləri doktoru, professor Ramazan Tarverdiyev bussol planaalma yolu ilə tərtib edib.
 
Qalanın sahəsi təqribən 2 hektardır. Qərb divarları sürüşmə nəticəsində tamamilə dağılıb. Kompleks əsas hissədən və "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 metr, hündürlüyü 10 metrdən çoxdur. "içqala" dağın ən hündür yerində tikilib. Müdafiə kompleksinə hündürlüyü 8 metrə çatan 6 bürc də daxildir.