Yumor

Bəhlulun evlənmək istəyən bir nəfərə məsləhəti

Günlərin birində birisi gəlib Bəhlul Danəndəyə deyir:


- Bəhlul, mən evlənmək istəyirəm, bir ağıllı məsləhət ver, kimi alım?


Bəhlul deyir:


- Qız alsan sən bilərsən, dul alsan mən bilərəm, ərindən boşanmış alsan, nə sən bilərsən, nə mən.


Sonra Bəhlul:

- Dəh, atım, dəh,-d eyib qarğı atını səyridir. Kişi Bəhlulun dalınca yüyürüb deyir:


- Ay Bəhlul, axı mən səndən söz soruşdum, sən heç nə demədin.


Bəhlul deyir:


Bala, sən məni başa düşmədin, mən sənə öz məsləhətimi verdim. Özü də dedim ki, özün bilərsən hansını alarsan, qabaqcadan xasiyyətlərini də söylədim.


Oğlan yalvarır ki, Bəhlul Danəndə, yenə başa düşmədim, açıq de…


Bəhlul deyir:


- Bala, mənim sözlərimin mənası belədir: qız alsan, sən nə desən deyəcək ki, sən bilərsən, çünki qız səndən başqasını görmədiyinə görə elə səni hər şeyi bilən bir adam kimi tanıyacaq. Dul alsan, o deyəcək ki, yox, mən bilirəm. Çünki o köhnə ərindən çox şey öyrənib. Əgər ərindən boşanmış alsan, o heç sözə baxmayacaq. Bir söz deyəndə cin atına minib, “dəh” deyib sənnən də boşanacaq.