Yumor

Zeytun yağı tökürəm

Molla bir nəfərlə yol yoldaşı olur. Şəhərdən ikisi şərikli bir qab qatıq alırlar. Yolun yarısında əyləşib nahar eləməyə başlayırlar.

 

Yoldaşı cibindən bir az qənd ovuntusu çıxarıb deyir:

 

– Mən öz tərəfimə qənd tökəcəyəm.

 

Molla: – Olmaz ki, onu hər tərəfə tökəsən?

 

Yoldaşı: – Yox, öz tərəfimə tökəcəyəm.

 

Molla: – Adamsan, çıxart hər tərəfə tök!

 

Yoldaşı inad eləyir ki: “Olmaz! Öz tərəfimə tökəcəyəm”.

 

Molla acıqlanıb cibindən bir şüşə zeytun yağı çıxardıb deyir:

 

– Mən də öz tərəfimə zeytun yağı tökəcəyəm.

 

Yoldaşı: – Molla, dayan! Nə qayırırsan? Heç qatığa da zeytun yağı tökərlər?

 

Molla: – Sənə nə var? Öz tərəfimə tökürəm də...

 

Yoldaşı: – Molla, axı o yağ duru bir şeydi, axıb bu tərəfə də gələcək.

 

Molla: – Bilmirəm. Mənə dəxli yoxdu. Ya qəndi qabın hər tərəfinə tök, ya da mən öz tərəfimə zeytun yağı tökürəm.