Yumor

Bəhlul nə üçün gülürmüş

Deyilənə görə, Bəhlul heç gülməzmiş. Bunu bilən xəlifə hər yerə çarə çəkdirir ki, kim Bəhlulun güldüyünü görüb ona xəbər gətirsə, həmin adama böyük bəxşiş verəcək.

 

Bəhlul bir gün Təbrizin küçələrində avara-avara gəzərkən yolu bir qəssab dükanının qabağından düşür. Görür dükanda heyvan cəsədlərini qarmaqlara keçirib ayaqlarından asıblar; qarmağın birindən qoyun şaqqası, o birindən keçi, üçüncüsündən mal budu asılıb. Bunları görən Bəhlul bərkdən qəhqəhə çəkib gülür. Qəssab Bəhlulun güldüyünü görcək qaçır xəlifənin yanına, xəbər verir ki, bəs, qardaşın bu gün qəssab dükanının yanından keçəndə bərkdən gülübdür. Xəlifə dərhal Bəhlulu çağırtdırıb soruşur ki, eşitdiyimə görə, gülübsən, bu doğrudurmu?


Bəhlul cavab verir:


-Doğrudur.


Xəlifə qəssabın xələtini verib onu yola salır. Sonra Bəhlula deyir:


-Bəhlul, axı sən heç gülməzdin, mənə bu sirri aç görüm, səbəb nə olub ki, sən gülübsən?


Bəhlul deyir:


-Qardaş, mən sənin pis əməllərinə dözə bilməyib, baş götürüb bərri-biyabanı, şəhərləri, kəndləri gəzirdim, hey fikirləşirdim ki, qardaşın olduğum üçün görəsən məndən də əvəz çıxacaqlarmı?...qəssab dükanının qabağından keçəndə gördüm hər heyvanı öz ayağından asıblar. Nəticə çıxartdım ki, demək, sənin cəzanı yalnız sənə verəcəklər. Odur ki, özüm barədə arxayın olub güldüm.