Görkəmli şəxsiyyətlər

Məşədi Cəmil Əmirov

Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi,  tanınmış bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada doğulub. İlk təhsilini mədrəsədə alıb, sonra musiqiyə maraq göstərib, tarzən olmaqla yanaşı həm də xanəndə, bəstəkar və dirijor kimi tanınıb.

 

12 yaşında ikən atası Kərbəlayi Əmiraslan bəyi itirən Məşədi Cəmil Şuşanın Torpaq meydanında bişmiş noxud satmağa başlayıb və buna görə də təhsilini yarımçıq dayandırıb. 

 

Məşədi Cəmil Əmirovun musiqi müəllimi məşhur musiqiçi Mir Möhsün Nəvvab olub və Şuşada musiqi məclislərinə onu da aparıb. Məşədi Cəmil Əmirov Şuşadan başqa Qarabağın digər yerlərinə, Gəncə, Şəki, Şirvan və digər şəhərlərdə məclislərə dəvət olunub.

 

1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedib. İki ilə yaxın İstanbulda yaşayıb və təhsil alıb. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin fəal təbliğatçısı kimi çıxış edib. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görüblər. 
 
 
O, Azərbaycan muğamlarını nota köçürən ilk musiqiçi kimi tanınıb. İstanbulda Avropa və Şərq bəstəkarlarının əsərləri ilə tanış olub, həm də vaxtaşırı konsertlər verib, klassik muğamlar, təsniflər, xalq mahnıları oxuyub. 1912-ci ildə Heyratı muğamını nota salıb, “Şəhbal” jurnalında nəşr etdirib.
 
 
Gəncəyə qayıtdıqdan sonra muğam kursu açıb. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanıb. 
 
1923-cü ildə uzun mübarizədən sonra Məşədi Cəmil  Gəncədə musiqi məktəbi açmağa nail olub və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilib. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseynli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Bundan əlavə o, məktəbdə tardan dərs deyib, həm də xalq çalğı alətlərindən ibarət orkestrə rəhbərlik edib. Sonralar bu məktəb böyüyərək 1928-1929-cu tədris ilində musiqi texnikumuna çevrilib.
 
 
Məşədi Cəmil Əmirov 1928-ci ildə Gəncədə vəfat edib və burada da dəfn olunub.