YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Zeytun

Əziz uşaqlar! Siz yəqin ki, həmişəyaşıl subtropik meyvə bitkisi olan zeytun ağaclarına Bakı şəhərinin küçələrində, bağlarında, dənizkənarı parkında rast gəlmisiniz. Zeytun ağacının hündürlüyü 4-15 metrədək, çəyirdəkli acı meyvəsi əvvəlcə bərk, tünd yaşıl rəngdə, yetişdikdən sonra qara və yumşaq olur; əzdikdə, hətta yağı da çıxır. Zeytun bitkisinin 500-dək sortu məlumdur. Quraqlığa, soyuğa davamlıdır. 300-400 il yaşayır. Zeytun texniki bitkidir. 10-12 ildən sonra məhsul verir. Hər ağacından 20-40 kiloqram məhsul yığılır. Meyvəsi çox qidalı olub duza qoyulmuş, ya da konservləşdirilmiş halda yeyilir. Zeytunun tərkibində 25-80 faiz yağ və zülal, şəkər, pektin, kalium duzları, dəmir, fosfor, A, B, C vitaminləri var. Yağından yeyintidə, sənayedə, tibbdə istifadə edilir. Zeytun yağı orqanizm tərəfindən tamamilə sovrulur, həzm orqanlarının və qaraciyərin sekresiya fəaliyyətini yaxşılaşdırır. Bu yağ mədə xəstəliklərinin müalicəsində işlədilir. Zeytundan kosmetik maddələr, inyeksiya (iynə vurmaq üçün) preparatları və s. hazırlanır. Cecəsi (yağlı bitkilərin yağı çıxarıldıqdan sonra qalan qalıqları) heyvanlar üçün yaxşı yemdir; oduncağı isə dülgərlikdə, çilingərlikdə işlədilir. Zeytun qədim bitkidir. Onun vətəni Yaxın Şərqdir. Hələ eramızdan əvvəl XV-XIV əsrlərdə misirlilər zeytun yağından müalicə məlhəmləri hazırlayırdılar. İtaliya, İspaniya, Türkiyə və Yunanıstanda geniş zeytun sahələri vardır. Krımda, Qafqazda, Türkmənistanda və s. yerlərdə zeytunun 80-dək sortu yayılıb. Azərbaycanda zeytun bitkisi daha çox Abşeron yarımadasında becərilir.