YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Yosunlar

Siz yayda göllərdə suyun yaşıl olmasını yəqin ki, görmüşünüz. Belə halda “su çiçəkləyib” deyirlər. Bunun nədən baş verdiyini bilirsinizmi? Gölün ilıq suyunda xüsusi bitkilər – yosunlar sürətlə çoxalıb suyu yaşıl rəngə boyayır. Mikroskop altında “yaşıl” suya baxsanız, orada çoxlu kiçik yaşıl kürəciklər görəcəksiniz. Bunlar yosun koloniyasıdır. 


Yer kürəsində müxtəlif yosunlar var. Onların arasında uzunluğu 40 metrə çatan nəhəng yosunlar olur ki, bunlar da okeanlarda yaşayır. Yalnız bir hüceyrədən olan xırda yosunlar da var. Onlar, adətən koloniya-kürə şəklində yığılıb suyun səthində üzürlər və suyu müxtəlif rəngə boyayırlar. 


Yosunlar göy-yaşıl, yaşıl, qonur və qırmızı rəngdə olurlar. Göy-yaşıl yosunlar təkcə suda yaşamırlar. Qazaxıstan və Orta Asiya səhralarında onlar torpağın üstündə yaşayır. Yaz və payızda bu yerlərdə yağış yağdıqda göy-yaşıl yosunlar sürətlə çoxalır, quraqlıqda isə quruyub torpağın üzərini örtən qara nazik təbəqəyə çevrilirlər: bunları külək müxtəlif yerlərə aparır. Yağış yağanda göy-yaşıl yosunlar yenidən canlanır. Yaşıl yosunlar da torpağın üstündə yaşaya bilər, lakin onlar ən çox suda olur. Onların da arasında birhüceyrəli xırda yosunlar olur ki, bunlar suyun üzərində sərbəst üzür. İri yosunlar isə suyun dibinə yapışır. Bütün qonur yosunlar iri bitkilərdir. Onlar dəniz və okeanlarda əsl sualtı cəngəllik yaradırlar. Atlantik okeanının bir hissəsi olan Sarqas dənizində sarqas yosunları bitir. Dəniz də onların adı ilə adlandırılıb. Sahildə bunlar dibə yapışır, açıq dənizdə isə üzürlər. Onlar o qədər çoxdur ki, hətta gəmilərin hərəkətinə mane olurlar. Qırmızı yosunlar da dəniz və okeanlarda yaşayır, lakin üzə bilmir, qayalara, balıqqulağılara və ya başqa yosunlara yapışırlar. Suyun üzərində üzən xırda yosunlar kürəkayaqlı xərçənglərin və başqa su heyvanlarının yemidir. Bunlar da, öz növbəsində, balıqların qidasını təşkil edir. 


Yosunlar ev heyvanları üçün də yaxşı yemdir. Yosun suyu oksigenlə zənginləşdirir və onu çürüdücü bakteriyalardan təmizləyir. Yosunların bəzilərindən insanlar yeməkdə istifadə edirlər. Onların arasında şimal dənizlərində bitən laminariya da (iri su yosunu növü) var. Yosunlardan gübrə kimi, müalicə məqsədi ilə və kimyəvi məhsullar almaq üçün də istifadə edirlər.