YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Niyazi Zülfüqar oğlu Tağızadə

Bütün musiqisevərlər ona “maestro” deyə müraciət edərdilər (“maestro” italyan sözü olub, “ustad” deməkdir). Dirijor və bəstəkar Niyazi Tağızadәnin musiqi marağının formalaşmasına atası bəstəkar Zülfüqar Hacıbəyovla yanaşı, əmisi Üzeyir Hacıbəylinin də böyük təsiri olub. Niyazi Tağızadә musiqi təhsilini 1926-1931-ci illərdə Moskvadakı Qnesinlər adına musiqi məktəbində, sonralar isə Leninqrad Mərkəzi Musiqi Texnikumunda alıb. O, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxuyub. Niyazi Tağızadә Azərbaycan Dövlət Simfonik Orkestrinin təşkilində fəal iştirak edib, 1938-ci ildən (fasilələrlə) ömrünün sonunadək həmin orkestrin bədii rəhbəri və baş dirijoru olub. Niyazi Tağızadәnin ifaçılıq fəaliyyəti, həmçinin Azərbaycan Dövlət Opera və Balet Teatrının adı ilə bağlıdır. O, 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və balet Teatrının baş dirijoru, 1979-cu ildən ömrünün axırınadək M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru olub.


Niyazi Tağızadә bəstəkarlıq və dirijorluq fəaliyyətinə 1930-cu illərdən başlayıb. O, dərin musiqi savadına, böyük iradəyə və möhkəm xarakterə malik sənətkar idi. Onun repertuarında Qərbi Avropa, rus, sovet klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri mühüm yer tuturdu. 


Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqimizin təbliğində Niyazi Tağızadәnin xidmətləri böyükdür. O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin, kantata və oratoriyalarının ilk ifaçısı olub, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. 


Azərbaycan milli dirijorluq məktəbinin formalaşması və inkişafı da Niyazi Tağızadәnin adı ilə bağlıdır. Onun dirijorluğu ilə şərh edilən milli bəstəkarların bir çox əsəri, o cümlədən Ü.Hacıbəylinin “Koroğlu” operası sovet musiqisinin qızıl fonduna daxil olunub. 


Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazinin 1949-cu ildə bəstələdiyi “Rast” simfonik muğamı güclü emosional təsiri, zəngin melodikası ilə diqqəti cəlb edir. Niyazi Tağızadә Nizaminin eyniadlı poeması əsasında “Xosrov və Şirin” operasını bəstələyib. O, “Çitra” baletində hind xalq musiqisinin ritm və intonasiyalarından məharətlə istifadə edib.


O, həmçinin bir çox mahnıların, dram tamaşalarına, kinofilmlərə bəstələnmiş musiqinin də müəllifidir. Niyazi Tağızadә dünyanın bir çox ölkəsində qastrolda olub, opera, balet və s. musiqi əsərlərinə dirijorluq edib. Niyazi Tağızadәnin sənəti ölkənin ən yüksək mükafatlarına layiq görülüb.