YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kenquru

Deyilənə görə, Avstraliyaya gələnlər bu heyvanı görüb yerli adamlardan onun adını soruşublar. Yerli adamlar “Kenquru” – yəni “Mən sizi başa düşmürəm” – deyə cavab veriblər. Gələnlər elə biliblər ki, bu söz heyvanın adıdır. Elə o vaxtdan da bu heyvan kenquru adlandırılıb.


Bu otyeyən heyvan çox qəribədir. Onun dal ayaqları qabaq ayaqlarından bir neçə dəfə uzundur, buna görə də kenquru başqa heyvanlardan fərqli olaraq gəzə bilmir. Lakin o, çox sürətli sıçrayışlarla hərəkət edir. Bu heyvanların bir-biri ilə ünsiyyəti də qəribədir. Burada da onların köməyinə dal ayaqları gəlir. Kenquru dal ayaqlarını yerə döyərək səs çıxarır və başqa kenqurulara işarə edir. Kenquru yalnız ot yeyəndə qabaq ayaqlarını yerə qoyur. Ən maraqlı və qeyri-adi görünən kenqurunun balasıdır. Əgər o, anası ilə yanaşı oturubsa, adi bir xışıltıdan, səsdən qorxub cəld başı üstə anasının kisəsinə girir, sonra kisədən başını çıxarıb ətrafına baxır. Kenquru balası anadan kor, aciz və çox kiçik doğulur. İki metr yarım uzunluğunda olan nəhəng kürən kenquru uzunluğu 3 santimetr olan bala doğur. Nə qədər ki, kenqurunun balası gəzə bilmir, anası onu qarnındakı kisədə saxlayır. Kisə dərin dəri qatından ibarət olub, bütün qarın hissəsini örtür. 


Kenquru balası 65 gün ana südü ilə qidalanır. İlk aylarda balanın ağzı ananın əmcəklərinə yapışıq halda qalır və süd vaxtaşırı olaraq təzyiqlə balanın ağzına fısqırılır. Bəzən kenquru balası səkkiz ayına qədər kisədə özünü müdafiə edir və ya sadəcə olaraq isinir. Bu vaxt onun uzunluğu anasının boyunun yarısı qədər olur. 


Kenqurunun uzun ayaqları, iri və güclü quyruğu, ensiz kürəyi, insan əlinə bənzər xırda qabaq pəncəsindən ibarət qəribə silueti var. O, dal ayaqları ilə vuruşur. Kenqurunun arxa pəncəsində cəmi dörd barmağı var, onun caynaqları, xüsusilə ən uzun dördüncü barmağındakı caynağı bıçaq kimidir. Doğrudur, kenquru çox vaxt özünü qaçaraq müdafiə edir. İri qüvvətli dal ayaqlarını dala itələyərək 12 metr uzununa və 3 metrədək hündürə hoppanıb sürətlə qaçır. 


Kenqurunun bəzi növləri ağaca dırmanmağa, digəri qayalıqlarda yaşamağa uyğunlaşmışdır. 10-15 il yaşayır. Vətəni, əsasən, Avstraliyadır. Yeni Qvineya, Tasmaniya adalarında və Bismark arxipelaqında yayılıblar. Bitkiyeyəndir, lakin bəzisi qurd və cücüləri də yeyir. Kenquru əkinlərə və kənd təsərrüfatı bitkilərinə zərər vurur. Ovlanır. Qiymətli xəzindən və ətindən istifadə olunur.