YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nağıl

İnsanlar ta qədimdən təbiət qüvvələrini idarə etməyə, dünyada baş verən hadisələri başa düşməyə çalışmış, azad əmək, ədalət, xoşbəxtlik haqqında xəyallara dalmışlar. Bütün ölkələrdə adamların arzu və istəkləri bir-birinə bənzəmiş, lakin hər xalq onları müxtəlif cür ifadə etmişdir. Xalqın bu xəyal və ümidlərindən isə özünəməxsus qanunları ilə yaşayan sehrli nağıl dünyası yaranmışdır.


Nağılda xalqın bədii yaradıcılıq meylini, zəngin fantaziyasını ifadə etmək səyi öz əksini tapmışdır. Xalq arasında deyirlər: “Nağıl dili yüyrək olar”. Nağıl dinləyicidən də cəsarətli fantaziya və yaradıcı təxəyyül tələb edir. Bəzən ən cəsarətli nağılvarı uydurmalar da həqiqətə çevrilir. Məsələn, siz bilirsinizmi ki, “təyyarə” anlayışı sehrli nağıllardan – uçan xalçadan götürülmüşdür?


Hələ heç bir insanın göyə uçmadığı qədim zamanlarda Azərbaycan nağılının qəhrəmanı Məlikməmməd Simurq quşuna minərək mənzilbaşına çatır. Əlbəttə, insanı göyə qaldıran əsl təyyarə nağıldakına oxşamır, lakin onlarda bəşəriyyətin göyə uçmaq haqqında çoxdankı arzusu ifadə olunmuşdur. 


Qanadlı xəyallar və nəcib fikirlər dünyanın bir çox yazıçılarının diqqətini xalq nağıllarına cəlb etmişdir. Fransız nağılçısı Perro, danimarkalı Andersen, alman yazıçıları Qrimm qardaşları, Azərbaycan şair və yazıçılarından A.Şaiq, S.Rəhimov, Ə.Vəliyev, Ə.Abbasov, M.Rzaquluzadə, M.Seyidzadə və başqaları xalq nağılları əsasında şeir, poema, hekayə və pyeslər yazmışlar. 


Nağıl bu gün də bizə lazımdır. O, təkcə əyləndirmir, həm də adamlarda ədalət və xeyirxahlıq hissləri, geniş düşüncə və cəsarətli fikir yürütmək bacarığı tərbiyə edir. Bu keyfiyyətlər insanlara bütün əsrlərdə lazım olmuş, indi isə daha çox gərəkdir. Çünki əsrimiz fövqəladə hadisələr və kəşflər dövrüdür. Bunun üçün isə, nağıllarda olduğu kimi, sehrkar fantaziya tələb olunur.