YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Ağcaqanadlar

Yay axşamları, xüsusən rütubətli bağ yerlərində ağcaqanadlar adamın qulağının dibində elə vızıldayır, bədənin açıq yerini elə sancıb göynədirlər ki, heç bilmirsən bunların əlindən qaçıb harada gizlənəsən. Ağcaqanadın sancması ağrılı deyil, lakin onun xortumcuğu ilə sancdığı yerə buraxdığı maye gicişmə, qaşınma yaradır. Malyariya ağcaqanadı adamı sancdıqda isə maye ilə birlikdə isitmə xəstəliyi törədən mikroblar da qana düşə bilər. 


Bəs, malyariya ağcaqanadını başqa ağcaqanadlardan necə fərqləndirmək olar? Bir yerə qonmuş malyariya ağcaqanadının qarıncığı arxa ayaqları üstündə maili vəziyyətdə qalxmış olur. Qarıncığı aşağı, beli bükülmüş kimi oturan ağcaqanadlar isə təhlükəsizdir. Qanı soran yalnız dişi ağcaqanadlardır, erkəkləri isə bitkilərin şirəsi ilə qidalanır. Dişi ağcaqanad qanı sorduqdan sonra onu həzm etmək üçün özünə tənha bir yer seçir, həzmetmə müddətində onun qarıncığında inkişaf edən yüz minlərlə yumurtacıq tədricən bütün qarıncığı doldurur və nəhayət, ağcaqanad uçub, yumurtacıqlarını suya yaxın yerdə qoyur. Ağcaqanadın suda – gölməçələrdə, nohurlarda yaşayan sürfələri sonra puplara çevrilir, puplardan isə bala ağcaqanadlar çıxır. 


İnsanlar ağcaqanadların malyariya xəstəliyi yaydığını bildikdən sonra onlara qarşı geniş və ciddi mübarizə aparmağa – bataqlıqları qurutmağa, ağcaqanad sürfələrini yeyən balıqlar yetişdirməyə, həmin sürfələri məhv edən müxtəlif maddələr hazırlamağa başlamışlar. Meşələrdə, xüsusilə tayqada, həmçinin küləksiz, rütubətli, bataqlıq yerlərdə ağcaqanadlar daha çox olur. 


Respublikamızın bəzi rütubətli, sulu ərazilərində ağcaqanadlara çox rast gəlmək olur. Heç bilirsiniz ki, Azərbaycanda bu cücünün neçə cinsi və növü var? Alimlərimiz müəyyənləşdirmişlər ki, respublikamızda 6 cinsə mənsub 24 növ ağcaqanada rast gəlinir.


Ağcaqanaddan qorunmaq üçün tor üzlüklərdən, gecələr tənzif miçətkəndən istifadə etmək, bədənin açıq yerlərinə ağcaqanadları qorxudub qaçıran xüsusi məhlul və ya mərhəm sürtmək məsləhətdir.