YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Dekorasiya

Səhnədə pərdə qalxır. Gözümüzün qarşısında güllər, ağaclar, ev, bir qədər arxada isə yüksək dağ zirvələri, səma, buludlar canlanır. Əlbəttə, bütün bunlar təbii deyil, yalnız dekorasiyalardır.


Səhnənin dərinliyində kobud kətan parça üzərində yağlı boyalarla işlənmiş böyük bir tablo var. Bu, səhnə arxasıdır. Səhnə arxası ilə səhnənin ön hissəsi arasında asma dekorasiyalar olur. Fanerdən düzəldilmiş bu dekorasiyalar səhnədə ağacları, qayaları, sütunları, evin divarlarını təsvir edir. Bəzən səhnədə pilləkənləri, qapıları, eyvanı olan, demək olar ki, bütöv ev də dura bilər. Bütün bunlar memarlıq dekorasiyasıdır.


Ən mürəkkəb dekorasiyaları belə çox tez, cəmi bir neçə dəqiqə ərzində, pərdələr arasında fasilə zamanı dəyişmək olur. Səhnə arxası və asma dekorlar yuxarı qaldırılır və onların əvəzində başqaları endirilir. Yeni pərdədə lazım olmayacaq memarlıq dekorasiyaları kənara çəkilir, onları əvəz edəcək başqa dekorasiyalar gətirilir. Bütün bunlar xüsusi mexanizmlər vasitəsilə yerinə yetirilir. Siz səhnədə ay işığını da, günəşin doğmasını da, ildırımın parıltısını da, qədim fənərlərin işıqlarını da görə bilərsiniz. Bu kimi və başqa işıq effektlərinə saysız-hesabsız işıqlandırıcı cihazların köməyi ilə nail olunur. Teatr çox qədimdən mövcuddur. Lakin müxtəlif dövrlərdə ayrı-ayrı xalqların teatr səhnələri müxtəlif olub. Bəzi səhnələrdə nə dekorasiya, nə pərdə, nə də xüsusi işıq olmuşdur. Aktyorlar hadisələrin harada (meşədə, şah sarayında, yaxud dalğalar üzərindəki qayıqda) baş verdiyini öz oyunları ilə ifadə edirdilər; yaxud müəyyən bir əşya şərti olaraq hadisə yerini göstərirdi. Bəzən teatrlarda daimi dekorasiyalar qurulur və bütün pyeslərdə dəyişməz qalırdı. 


Sonralar yeni, dəyişdirilə bilən dekorasiyalar və səhnə tərtibatını tamaşaçıların gözü qabağında dəyişdirə bilən müxtəlif mürəkkəb maşınlar meydana gəldi. Bu maşınlar komanı saraya, səhranı güllü-çiçəkli bağa çevirir, tufanı, zəlzələni ifadə edə bilirdilər. 


Bizim müasir teatr səhnə tərtibatı üçün uzun illərdən bəri teatr rəssamlarının və maşinistlərinin icad etdiyi ən maraqlı və ifadəli üsullardan istifadə edir. Bəzən də aktyorlar, Şekspir teatrında olduğu kimi, tamam dekorasiyasız çıxış edirlər. 


Azərbaycanda dövlət teatrlarının təşkil olunması ilə əlaqədar Azərbaycan professional dekorasiya sənəti yaranmış, peşəkar teatr rəssamları yetişmişdir.