YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Elektrik

Gözqamaşdıran qığılcım, səmada ildırımın odlu qövsü, göy gurultusu. Min illər boyu adamlar təbiətin bu qorxunc hadisələrini müşahidə etmiş, onları başa düşməmiş və qorxmuşlar. İldırımı öyrənmək cəhdləri çox halda faciə ilə qurtarırdı. Məsələn, 1753-cü ildə təcrübələr zamanı ildırım vurması nəticəsində rus fiziki V.V.Rixman həlak olmuşdu. Yalnız 100 ildən bir az əvvəl insanlar təbiətin elektrik qüvvələrindən istifadə etməyi öyrəndilər, elektriki özlərinə xidmət etməyə məcbur etdilər. 


Adamlar elektrik haqqında nə bilirlər?


Təbiətdə yüklü zərrəciklər mövcuddur. Zərrəciklərin bir qismi müsbət yüklü, bir qismi isə mənfi yüklüdür. Mənfi yüklü ən kiçik zərrəciklər elektronlardır. Elektronlar metal naqillərin içində hərəkət edə bilir. Yüklü zərrəciklərin bir istiqamətdə axınını alimlər elektrik cərəyanı adlandırıblar. 


Siz evə daxil olarkən elektrik açarının düyməsini basırsınız və elektrik lampası otağı gur işığa qərq edir. Niyə? Çünki açarın düyməsini basmaqla siz naqilləri birləşdirirsiniz, bu zaman onlardan lampaya elektron seli axır. 


Lampadakı nazik məftildən volfram spiralı asılmışdır. Bu spiral (onu çox vaxt lampanın teli adlandırırlar) mühüm əhəmiyyətə malikdir; onda elektronlar çox çətinliklə hərəkət edir.


Spiraldan elektron seli keçdikdə elektronlar volframın atomlarını itələyir. O dərhal qızır və közərib işıq verir. Elektron seli güclü olduqca lampanın volfram teli də bərk közərir və daha güclü işıq verir. Daha yoğun spiral elektrik ütülərini və plitələrini qızdırır. Bu hadisədən (elektrik cərəyanı ilə qızdırmadan) zavod elektrik peçlərində metalı əritmək üçün istifadə olunur. Amma belə peçlərdə olan spirallar sizin barmağınız yoğunluğundadır. Adamlar elektrikdən maşınları hərəkətə gətirmək üçün də istifadə edirlər. Maşinist xüsusi elektrik açarının dəstəyini dartır və güclü elektrik mühərrikləri elektrovozun təkərlərini hərəkətə gətirir, qatar relslərlə irəliləməyə başlayır.


Mühərriklər bu gücü haradan alır? Alimlər müşahidə ediblər ki, paralel yerləşmiş iki naqildən eyni istiqamətdə cərəyan buraxdıqda bu naqillər bir-birinə cəzb olunur, cərəyan müxtəlif istiqamətlərdə buraxıldıqda məftillər bir-birini itələyir. Cərəyanlı naqillərin bu qarşılıqlı hərəkət qüvvəsi elektrik mühərrikini fırlanmağa məcbur edir. 


Elektrik oyuncaqlarında lap kiçik mühərriklər görmüsünüz. Onların işləməsi üçün bir kiçik elektrik batareyası kifayətdir. Milyonlarla elektrik lampasının işıqlanması, dəzgahları və maşınları, tramvayları və elektrik qatarlarını hərəkətə gətirən mühərrikləri elektrik cərəyanı ilə təmin etmək üçün böyük miqdarda elektrik enerjisi tələb olunur. Bu enerji elektrik stansiyalarında yaradılır və elektrik ötürən xətlərlə şəhər və kəndlərə verilir. Bilirsinizmi, XIX əsrdə alimləri hansı kəşf daha çox təəccübləndirib? Elektrik enerjisinin boşluqda ötürülməsi – heç nəyin, heç bir hissəciyin olmadığı yerdə. Demə, bu mütləq boşluqda da elektromaqnit sahəsi – enerjini daşıyan elektromaqnit dalğaları varmış. 


Elektrikin köməyi ilə metal əşyaların üzərinə nazik örtük çəkilir. Məsələn, konkiyə xrom vurulur. Elektrikin tətbiq edildiyi bütün texniki sahələri saymaq çətindir və bu sahələrin sayı getdikcə artır.