YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Basketbol

“Basket” ingilis dilində “səbət” deməkdir. XIX əsrin sonunda, bu oyun yenicə meydana gələrkən, müasir basketboldakı torlu halqa əvəzinə divara dibi çıxarılmış səbət bərkidərdilər. “Bol” isə ingilis dilində “top” deməkdir. Basketbol topu futbol və voleybol topundan fərqlənir. O, daha böyük və ağırdır. Əgər basketbol topunuz yoxdursa, siz həyətdə elə futbol və ya voleybol topu ilə də basketbol oynaya bilərsiniz. Çoxları belə fikirləşir ki, guya basketbol oynamaq üçün hökmən ucaboy olmaq lazımdır. Əlbəttə, basketbolçu üçün ucaboyluğun böyük əhəmiyyəti var, axı ucaboy oyunçu topu səbətə daha asanlıqla atır. Lakin ortaboy və alçaqboy uşaqlar da yaxşı basketbolçu ola bilərlər. Oyunda hər şey zirəklikdən və dözümlülükdən asılıdır. Oyunun məqsədi əl ilə topu lövhəyə bərkidilmiş səbətə salmaqdır. Oyun ölçüsü 26x14 metr olan hamar dördbucaqlı meydançada iki komanda arasında keçirilir. Hər komandada beş əsas və beş ehtiyat oyunçu olur: mərkəz oyunçular, hücumçular və müdafiəçilər. Top oyunda səbətə düşmüşsə, topu atan komanda 2 xal, 6,25 metr məsafədən uzaqda atılmışsa 3 xal qazanır. Səbətə salınmış cərimə topu isə yalnız 1 xal qazandırır. Oyun hər biri 20 dəqiqə sürən iki hissədən ibarətdir. 13-14 yaşlı uşaqlar hər hissədə 12 dəqiqə oynayırlar. Topu ayaqla, ya da yumruqla vurmaq olmaz. Rəqibi tutub saxlamaq və yaxud itələmək qadağandır. 


Kiçik yaşlı uşaqlar üçün mini basketbol oyunu var. Mini basketbolda oyunun qaydaları daha sadədir. 12x6 metr ölçüdə meydançanı həyətdə asfalt üzərində tabaşirlə də çəkmək olar. Hər komandada dörd oyunçu olur (çox da ola bilər). 


Basketbolçu səbətə topu sərrast ata bilməli, həm sağ, həm də sol əllə topu atmağı və tutmağı bacarmalıdır. Buna nail olmaq üçün hədəfə xırda daş atmaqla məşq etmək faydalıdır. Bundan başqa, divarda bir nişan qoyun və hündürə atılaraq, əllərinizlə o nişana çatmağa çalışın. Get-gedə nişanı yuxarı qaldırın. Məşq edin!


Basketbolla məşğul olmaq hərəkətləri nizama salır, tənəffüs orqanlarını və qan dövranını yaxşılaşdırır, sinir sisteminin funksiyasını tənzimləyir, əzələləri inkişaf etdirir, sağlamlığı möhkəmləndirir.