YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mifologiya

Mif- şifahi xalq ədəbiyyatının ən qədim janrlarından biri hesab olunur. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaratmışdır. Mif yunanca mifos sözündən götürülüb, mənası əfsanə, nağıl, söz, dastan, rəvayət və s. deməkdir. Mifologiya isə miflər haqqında elmdir. Mifologiya bir elm sahəsi kimi XVIII əsrin ortalarında dünya alimlərinin diqqətini cəlb etsə də, XIX əsrdə yaranıb formalaşmışdır. Mif yaradıcılığı bəşəriyyətin mədəni tarixinin ən qədim hadisəsidir. 

 

Mifologiya dedikdə çox vaxt ictimai şüurun ilkin forması başa düşülür. Mifologiya bir sıra ictimai şüur formaları və elm sahələri ilə sıx əlaqədardır. Bu elm ilk növbədə din, tarix, ədəbiyyat, incəsənət, fəlsəfə, dilçilik və s. ilə bağlıdır.

 

Bəşər tarixinin inkişafı ilə əlaqədar olaraq mifologiyanın buddizm, xristianlıq, islam və yəhudi dinləri ilə əlaqəsi ayrıca bir mərhələ təşkil edir. Dünya xalqlarının demək olar ki, hamısının mifoloji şüurunda xaotik anlayış əsas yer tutur. Mifoloji şüurun ayrılaraq tarixi şüura keçməsi folklor mətnlərinin yaranmasına səbəb olmuşdur. Buna görə də folklorun müxtəlif növlərinin- nağılların, əfsanə və rəvayətlərin, dastanların, inanc və sınamaların və s. əmələ gəlməsində və formalaşmasında miflər mühüm rol oynamışdır. Dünya xalqlarının əski mədəniyyətlərinin rüşeymini miflər təşkil edir. Dünyanın bir çox mifoloqları (E.Teylor, Y.Meletinski, C.Ceyms, V.Vundt, M.Şaxnoviç və b.) mifləri təsnif etmişlər. Miflərin təsnifində aşağıdakı təsnifat daha geniş yayılmışdır: 

1. Kosmoqonik miflər 
2. Etnoqonik miflər 
3. Təqvim mifləri 

 

Kosmoqonik miflər hər bir mifoloji sistemin əsasını təşkil edir. Kainatın, müxtəlif obyektlərin və s. yaranması bu miflərdə mühüm yer tutur. Kosmoqonik miflərdə dünyanın və insanın əmələ gəlməsi qarşılıq təşkil edir: ya insan dünyanın yarandığı elementlərdən əmələ gəlir, yaxud da kainat ilk insanın bədən üzvlərindən yaranır. Dünyanın yaranmasında müəyyən qayda və ardıcıllıq gözlənilir. Kainatın kosmik modeli, əsasən üç ölçülü mahiyyət daşıyır: yuxarı dünya (göy)-tanrıların və pak ruhların məskəni; orta dünya (yer)-insanların məskəni; yeraltı dünya-bəd ruhların, iblis və şeytanların məskunlaşdığı ərazi. 

 

Etnoqonik (genealoji) miflər etnosun yaranması, evlənmə və qohumluq qaydaları, cəmiyyətin əmələ gəlib formalaşması və s. haqqındadır. Bu tipli mifik mətnlərdə insan və ya onun cütünün yaranmasında allahlarla birgə təbiət qüvvələri də fəal iştirak edir. Dünyanın bir çox xalqlarına məxsus etnoqonik miflərdə (Çin, Vyetnam, buşmen və s.) güclü yağışdan (daşqından) sonra insan nəslinin kəsilməsi üçün sağ qalmış bacı və qardaşın tanrıların məsləhəti ilə evlənməsi sujeti mühüm yer tutur.

 

Təqvim miflərində hər hansı bir xalqın real gerçəkliklə əlaqəsindən, onun zaman kateqoriyasına münasibətinin formalaşmasından, insan cəmiyyətinin nizamlanmasından, kainatın dövri xarakter daşımasından və s. bəhs edilir. Bu miflər, əsasən, qəbilə-tayfa quruluşunda keçirilən mərasimlərlə əlaqədar yaranmışdır. Burada ilin fəsillərinin növbələşməsi, bitkilərin yazda oyanması, təbiətin qışda ölməsi və s. motivlər başlıca yer tutur.