YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Orucova İzzət

Azərbaycanın ilk milli kinoaktrisası, Azərbaycan Milli Elmlər Akademiyasının Akademiki (1972), texnika elmləri doktoru (1962), Azərbaycan Əməkdar Elm və Texnika Xadimi (1964) İzzət Mirzəağa qızı Oruczadə (Orucova) 16 sentyabr 1909-cu ildə Bakı şəhərində anadan olub.

 

Ölkəmizə ilk səsli kinonu böyük dramaturq Cəfər Cabbarlı özünün “Sevil”i ilə gətirdi və baş qəhrəman roluna çox gənc bir qızı - İzzət Orucovanı çəkdi. Beləliklə, İzzət Orucova ilk Azərbaycan səsli kinosunda rol aldı. O, ilk azərbaycanlı qızı olaraq, “Sevil” və “Almaz” filmlərində baş rollarda çəkilib, azadlığa çıxan Azərbaycan qadınının lirik, canlı obrazını yaratmağa müvəffəq olub.

 

İzzət Orucova o zaman 20 yaşında, gənc bir xanım idi. Onu təsadüfən görən Cəfər Cabbarlı çoxdan bəri axtardığını tapdığı üçün sevinib.

 

O zaman aktyor sənətinə qəti aid olmayan bir xanım “Sevil” və “Almaz” filmlərində uğur qazanmasından sonra ulduzu parlasa da, çox keçmədən sənət karyerasını başa vurmalı olub. O dövrdə heç kim bilmirdi ki, 1929-cu ildə Sevil obrazını canlandıran və uğurlu rolu ilə bütün xanımların (hətta öz anasının belə) çarşabını yerə atmasına səbəb olan aktrisa 1937-ci ildə müəyyən mənada Sevilin taleyini yaşayacaq. Həyat yoldaşı - həkim və dövrünün tanınmış ziyalısı, Hüseyn Cavid və başqa ziyalılarla yaxın dostluq əlaqəsi olan və millətçilik ruhuna sahib olan Mövsüm İsmayılov güllələnmədən möcüzəli şəkildə xilas olur. Lakin bununla qurtula bilməyəcəyini anlayıb təcili şəkildə İzzət xanımdan boşanır. Səbəb isə yeni ailə qurduğu həyat yoldaşının və bir yaşlı oğlu Yılmazın təhlükəsizliyi olur. Əks halda, onlar da 1937-ci ildə başqa repressiya qurbanlarının arvad-uşaqları kimi uzaq Sibirə sürgün olunacaqdılar. Lakin bu, baş vermir. İzzət xanım ömrünü yeganə övladına və elmi fəaliyyətə həsr edərək sənətdən ayrılır.

 

Akademik İzzət Orucova Kanada, Almaniya, Macarıstan, Portuqaliya kimi ölkələrdə Azərbaycanın kimya elmini yüksək səviyyədə təmsil edib. Akademikin ictimai fəaliyyət dairəsi də geniş olub. O, Azərbaycan-Almaniya dostluq cəmiyyətinin sədri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiya heyətinin üzvü olub. O, Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, «Şərəf nişanı» ordenləri və bir sıra medallarla təltif edilib.

 

 

İzzət Orucova 1983-cü il aprelin 22-də 73 yaşında dünyasını dəyişib. Amma o, yaratdığı rollar, yazdığı elmi əsərlərlə mənsub olduğu millətin tarixində əbədiyaşarlı qazanıb.