YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

“Gənc türklər” hərəkatı

“İttihad və tərəqqi” cəmiyyəti
 
Osmanlı imperiyasında fəaliyyət göstərən siyasi hərəkat
 
Avropadakı burjua hərəkatı ilə tanış olan və onların təsirinə düşən bir qism türk ziyalıları və tələbə gənclər Türkiyədə də konstitusiyalı quruluş yaradılmasını, Sultan idarəçiliyinin ləğv olunmasını, Osmanlı Dövlətinin parçalanmasını və islamın aradan qaldırılmasını zəruri hesab edərək, 1865-ci ildə “Yeni osmanlılar cəmiyyəti”ni qururlar. Onun yaradıcıları içində ədib İbrahim Sinasi və yazıçı-dramaturq Namiq Kamal da vardı. Lakin tezliklə “Yeni osmanlılar” cəmiyyətinin fəaliyyətinə son qoyulur, təşkilatın bir çox üzvləri həbs edilir, qalanları isə xaricə qaçmağa məcbur olur. 
 
1871-ci ildə onlara mühacirətdən ölkəyə qayıtmağa icazə verilir.  Bununla da «Yeni  osmanlılar» cəmiyyəti yenidən fəaliyyətə başlayır. 
 
1876-cı il mayın 30-da Osmanlı imperiyasında saray çevrilişi baş verir. Sultan Əbdüləziz Feriyə Sarayına köçürülür və üç gün sonra, Ovu Paşanın əmri ilə biləkləri kəsilərək qətl edilir. Sultan Əbdüləzdən sonra hakimiyyətə V Murad, daha sonra isə II Əbdülhəmid gəlir.
 
Ölkədə vətəndaş müharibəsinin başlamasından ehtiyatlanan II Əbdülhəmid «Yeni osmanlılar»ın liderlərindən biri olan Midhət Paşanı baş vəzir təyin edir və ona Konstitusiya layihəsi hazırlamağı tapşırır.
 
1877-ci ilin fevralında konstitusiya qəbul edildikdən az sonra, Midhət Paşa həbs olunur və sürgünə göndərilir.
 
1889-cu ildə İstanbuldakı hərbi tibb məktəbinin bir qrup tələbəsi İbrahim Tema, Çərkəz Mehmet Rəşid, Abdulla Cövdət və İshaq Sükuti “İttihad və tərəqqi” adlı gizli cəmiyyət yaradırlar. Bu, Türkiyədə burjua-demokratik hərəkatın başlanğıcı hesab edilir. “İttihad və tərəqqi” cəmiyyətinin üzvləri özlərini və tərəfdarlarını «Gənc türklər» adlandırırdılar və 1876-ci il Midhət Paşa konstitusiyanın bərpasını tələb edirlər. Geniş əlaqələr yaradan «Gənc türklər» ölkədə bir çox dövlət və hərbi xadimləri ələ almağa nail olurlar.
 
XIX əsrin 90-cı illərində xaricdən dəstək alan bu cəmiyyətin Cenevrədə və başqa iri şəhərlərdə açıq qrupları fəaliyyət göstərir. 1907-ci ilin sonlarında Parisdə “İttihad və tərəqqi” cəmiyyətinin və ona qoşulmuş təşkilatların birləşmiş qurultayı çağırılır. Qurultay mövcud rejimi silahlı üsyan yolu ilə devirmək və 1876-cı il konstitusiyanı bərpa etmək haqqında qərar qəbul edir.
 
İlk qiyam Makedoniyanın Resne şəhərində başlayır. 1908-ci il iyulun 3-də şəhərin komendantı leytenant Niyazi bəy öz dəstəsi ilə dağlara çəkilir. Hökumətin qiyamı yatırmaq cəhdləri boşa çıxır. Ordunun əsas hissəsini ələ alan üsyançılar çox keçmədən üstünlüyə yiyələnirlər.
 
1908-ci il iyulun 23-də “İttihad və tərəqqi” cəmiyyətinin Mərkəzi Komitəsi sultana konstitusiyanın bərpa edilməsi barədə ultimatum təqdim edir. Vətəndaş müharibəsinin genişlənəcəyindən ehtiyat edən II Əbdülhəmid həmin gün 1876-ci il Konstitusiyasının bərpası və parlament seçkiləri keçirilməsi barədə fərman imzalayır. Türkiyə konstitusiyalı monarxiya elan olunur. Bu hadisə Türkiyə tarixinə gənc türklər inqilabı və ya 23 iyul inqilabı kimi daxil olur.
 
«Gənc türklər» öz təəssübkeşlərindən ibarət hökumət təşkil etdilər. 1908-1909-ci illərdə bu hökumətə Səid Paşa, Kamil Paşa və Süleyman Paşa başçılıq edir.
 
1908-ci il noyabrın 2-də parlamentin ilk iclası çağırılır, parlamentə seçilmiş deputatların (250 nəfər) yarıdan çoxunu (150 nəfəri) «Gənc türklər” təşkil edir.
 
“Gənc türklər»in hakimiyyəti uzun çəkmir. II Əbdülhəmid “Əhrar” (Liberallar) partiyası və ruhanilərin “İttihadı müsəlman” (Müsəlman cəmiyyəti) təşkilatı ilə birlikdə İstanbul hərbi qarnizonu komandanlığının köməyi ilə hakimiyyət hüquqlarını bərpa etməyə nail olur. 
 
İstanbuldan qaçmağa məcbur olan «Gənc türklər»in təsiri altında olan Makedoniya ordusu 1909-cu il aprelin 23-də Mahmud Şövkət Paşanın komandanlığı altında İstanbul üzərinə hücuma keçir. Sultan II Əbdülhəmid taxtdan salınır və Salonikiyə sürgün edilir.
 
Hakimiyyəti istədikləri kimi yönləndirmək üçün Sultan II Əbdülhəmidin yerinə onun iradəsiz qardaşı V Mehmet Rəşadı sultan elan edirlər. «Gənc türklər» ölkəni İtaliya-Türkiyə (1911-1912), birinci (1912-1913) və ikinci (1913) Balkan müharibələrinə sürükləyir. Bu müharibələr ərəfəsində ölkədə daxili ziddiyyətlər daha da kəskinləşir. Belə bir şəraitdə «Gənc türklər» 1913-cü il yanvarın 23-də hökumət sarayını ələ keçirərək dövlət çevrilişi həyata keçirirlər.
 
1914-cü ilin əvvəlində Osmanlı İmperiyasında “Gənc türklər”in diktaturası qurulur. Bu diktaturada hərbi nazir və ordunun qərargah rəisi Ənvər Paşa, “İttihad və tərəqqi” partiyası Mərkəzi Komitəsinin sədri, daxili işlər naziri Tələt Paşa və İstanbul şəhərinin valisi Camal Paşa təmsil olunur.
 
«Gənc türklər»in hakimiyyəti dövrü bir sıra islahatlar və repressiyalarla yadda qalıb.