YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Tufan

Yayda hava bəzən bürkü olur. Əmələ gələn topa-topa buludlar get-gedə qaralır, qalınlaşaraq Günəşin qabağını, sonra isə bir sahədə göy üzünü tutur. Bir anlığa sakitlik çökür. Birdən külək güclənir, qara buluddan iri-iri yağış damcıları düşür. Sonra şiddətli leysan yağışı başlayır ki, “tut ucundan, çıx göyə”. Göy guruldayır, ildırım çıxır, tufan başlayır.


Görəsən tufan nədən baş verir? Yerin səthindən yuxarıya qalxan su buxarı şiddətlə soyuyur və su damcılarına çevrilir. Bu damcılar birləşərək böyüyür və hava axını onları aşağıya endirir, yuxarı qaldırır. Yuxarı qalxdıqca hava daha da soyuyur və damcılar buz dənələrinə çevrilir. Buz dənələri su damcıları ilə toqquşanda su buzu bürüyür və özü də buza çevrilir. Buz dənəsi get-gedə ağırlaşır və buludların “aşağı təbəqəsinə” düşür. Buralar nisbətən isti olduğuna görə buzlar əriyir. Lakin küləklər su damcılarını yenidən yuxarı qaldırır, həmin su damcıları buzlarla toqquşur, su donur və nəticədə buz dənələri böyüyür və ağırlaşır. Ağır buz dənələri buludlarda qala bilmədiyindən aşağı düşməyə başlayır. Yerə yaxınlaşdıqca buz dənələri əriyərək, yağışa çevrilir. Bəzən buz dənələri əriməyə vaxt tapmır və elə buz parçaları halında yerə düşür, dolu yağmağa başlayır.


Buludların daxilində buz dənələri və su damcılarının hərəkəti dayanmır, onlar toqquşur, bir-birinə sürtünür, elektrik yükü əldə edirlər. Budur, artıq buludların üst qatı müsbət, alt qatı isə mənfi elektrik yükü daşıyır, onların arasında qığılcım əmələ gəlir. İldırım çıxır. İldırım bir anlığa ətraf havanı qızdırır və sürətlə genişlənir. Bunun nəticəsində partlayış baş verir. Bu, göy gurultusudur.


Tufan sakitləşir, qara buludlar dağılır, hava təmizlənir. Adam rahat nəfəs alır. Leysan həm havanı, həm də yeri yuyub təmizləyir. Əbəs yerə deyil ki, bəzi xalqlar tufan allahına sitayiş edirdi. Planetimizdə tufanlar ən çox ekvator ətrafındakı quru üzərində baş verir.

Okeanlar üzərində tufanlar az olur və əsasən, qışda müşahidə edilir. Cənubi Qafqazda, həmçinin Azərbaycanın dağlıq ərazilərində ilin isti mövsümlərində tez-tez tufan olur.