YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Rəşid bəy İsmayılov

Tanınmış publisist, tarixşünas-alim və pedaqoq Rəşid bəy Əsəd oğlu İsmayılov 1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. O, 1903-cü ildə “Şərqi-rus” qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuatda (“Sankt-Peterburqskiye vedomosti” və s.) məqalələr dərc etdirmişdir. Rəşid bəy İsmayılov bir il “Tiflisskiy listok” qəzetində çalışmışdır. Dövrün görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstərmişdir. “Şərqi-rus” qəzetinin nəşri dayandırıldıqdan sonra “Novoye obozreniye” qəzetinin müsəlman həyatı və Yaxın Şərq şöbələrinə rəhbərlik etmişdir. Rəşid bəy İsmayılov “Təzə zaman” adlı qəzet nəşr etdirmək üçün Qafqaz canişininə ərizə ilə müraciət etsə də, onun panislamist olmasını bəhanə gərirərək qəzetin nəşrinə icazə verilməmişdi.


Onun “Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları” kitabı 1904-cü ildə Tiflisdə “Şərqi-rus” mətbəəsində Azərbaycan türkcəsində çap olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır. Rəşid bəy İsmayılov Zurab Antonovun “Koroğlu” pyesini gürcü dilindən azərbaycancaya çevirmiş və həmin əsər Tiflis teatrında  tamaşaya qoyulmuşdu.


Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışmışdır. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan quberniyası müsəlmanlarının Həmyerlilər Cəmiyyəti təsis edilmişdir. Rəşid bəy İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir.


Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıdakı 18 nömrəli məktəbdə tarix müəllimi işləmişdir.


Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində A.A.Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılov göstərmişdir. Onun Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran “Azərbaycan tarixi” adlı kitabı 1923 ildə Bakıda çap olunmuşdur. Əsərdə “Mavərayi-Qafqazın elani-istiqlalı” bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, “Azərbaycan Cümhuriyyəti” bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır.


Rəşid bəy İsmayılov1941-ci ildə Bakıda vəfat etmişdir.


Rəşid bəy İsmayılovun “Azərbaycan tarixi” əsəri 1993-cü ildə “Azərnəşr” tərəfindən kiril əlifbası ilə yenidən çap edilmişdir.


Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, “Molla Nəsrəddin” jurnalının əməkdaşı olmuşdu.