YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Mərkəzi Avstraliya

Şimal ərazisi və Cənubi Avstraliya ştatını özündə birləşdirən Mərkəzi Avstraliya quraq iqlimi olan geniş ovalıq regiondur. Mərkəzi Avstraliyanın çox hissəsini səhralar (Tanami, Simpson və Böyük Viktoriya) tutur. Onlar tikanlı kolluqlardan (skreblendlərdən) ibarət olan yarımsəhralarla əhatə olunmuşdur. Regionun mərkəzində bir neçə dağ massivi yüksəlir. Onlara Alis-Sprinqs şəhərindən qərbdə uzanan Мак-Donnell və Uluru (Ayers-Rok, 867 m) zirvəsindən cənubda yüksələn Masqreyv dağ silsilələri aiddir.

 

Şimalda yarımsəhralar savannalara keçir, onlar da rütubətli tropik meşələr, sahilboyu ərazilərdə bataqlıqlarla əvəz olunur. Cənub vilayətlərində ovalıqlar üstünlük təşkil edir, onların relyefini sıx tropik meşələrlə örtmüş Flinders dağ silsiləsi pozur. Dağ massivinin şərqində və qərbində böyük göl çökəklikləri yerləşir. Eyrz Torrens, Blans, Qerdner və From gölləri ilin çox hissəsində duz qatı ilə örtülür, yalnız zaman-zaman su ilə dolur. Materikin ən böyük gölü olan Eyr okean səviyyəsindən 16 m aşağıda yerləşir. Onun sutoplayıcı hövzəsinin sahəsi 1 mln. km2-dir. Ayrı-ayrı vaxtlarda göldə su səthinin sahəsi 9 min km2-ə çatır.

 

Avstraliyanın ən böyük çayı Murrey bu ərazidən keçərək Adelaidadan şərqdə okeana tökülür. Cənubi Avstraliya ölkənin ən quraq ştatı hesab olunur. Subtropik qurşağın mövcud olduğu sahilboyu ərazilərdə yağıntılar çox düşdüyü halda, daxili rayonlarda arid iqlim hakimdir və illik yağıntının miqdarı 300 mm-dən az olur. Şimal ərazisinin çox hissəsində də isti və quru iqlim üstünlük təşkil edir. Lakin ştatın sahilboyu ərazilərində il ərzində leysan xarakterli 1800 mm-ə qədər yağıntılar düşən rütubətli tropik iqlim hakimdir. Yağıntıların əsas hissəsi noyabrdan aprelə qədər davam edən musson mövsümündə düşür. Hər iki ştatın quraq rayonlarında şərait imkan verən ərazilərdə iri buynuzlu mal-qara və qoyun saxlanılır. Cənubi Avstraliyanın cənubunda daha məhsuldar torpaqlar buğda, arpa, yulaf, meyvə-tərəvəzdən yüksək məhsuldarlıq əldə etməyə imkan verir.

 

Barossa vadisində inkişaf etmiş suvarma sistemləri yaradılması ilə əlaqədar ölkədə ən çox üzüm toplanır. Avstraliyada şərabçılıq sənayesi son 20 ildə intensiv inkişaf etdirilir. Ölkədə istehsal edilən yüksək keyfiyyətli şərab dünyanın bir çox ölkələrinə ixrac edilir. Şimal ərazisinin sahilləri boyu tropik meyvə və tərəvəz, o cümlədən sitrus bitkiləri və banan yetişdirilir. Avstraliyanın yüksək səmərəli kənd təsərrüfatı təkcə ölkənin ərzaq məhsullarına olan tələbatını tam ödəmir, həm də ət, süd, pendir, yun, həmçinin buğda, şərab və meyvə ixracında dünyada aparıcı yerlərdən birini tutmasına imkan verir.