YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Qərbi Avstraliya

Ölkənin ən böyük ştatı olan Qərbi Avstraliya mineral ehtiyatlarla zəngindir. Ştatın cənub-qərbində torpaq və iqlim şəraiti kənd təsərrüfatının inkişafı üçün əlverişlidir.

 

Geniş quraq ərazilərə malik olan Qərbi Avstraliyanın sahilləri cənubda və qərbdə Hind okeanının, şimalda Timor dənizinin suları ilə yuyulur.

 

Ştatın sahəsi 2,5 mln. km2-dir. Ərazisinin çox hissəsi seyrək bitkilərdən ibarət orta yüksəkliyə malik yayladan ibarətdir. Qərbi Avstraliyanın daxili hissələrinin yarısından çoxunu Böyük Qumlu, Hibson və Böyük Viktoriya səhraları tutur. Hər üç səhrada meşələrdən ibarət savannalara, bataqlıqlara və duzlu göllərə rast gəlinməsinə baxmayaraq burada səhra iqlimi hakimdir.

 

Havanın temperaturu 30°C-dən yuxarıdır, yağıntıların orta illik miqdarı 200 mm-dən azdır. Ştatın dağlıq rayonları bir-birindən təcrid olunmuşdur. Şimal-qərbdə Xamersli silsiləsi yüksəlir, şimalda faydalı qazıntılarla zəngin olan Kimberli yaylasının yastı zirvələri qalxır. Ştatın şimalında regionun ən böyük su hövzəsi olan Arqayl gölü vardır. Cənub-şərqdə isə əhəng daşından ibarət Nallarbor düzənliyi yerləşir. Burada səthin hamar olması Transavstraliya dəmir yolunun çəkilməsinə şərait yaratmışdır. Qərbi Avstraliya quraq rayon olsa da, onun geniş ərazisində iqlimin bir-birindən fərqlənən xüsusiyyətləri də vardır. Ucqar şimalda dövri olaraq siklonlar yaranan subekvatorial (yayda - dekabr-fevral aylarında ekvatorial hava kütlələrinin təsiri ilə bol yağıntı düşür), mərkəzdə quru tropik iqlim, cənubda isə Aralıq dənizi tipi (qış yağıntılı, yay quraq) mövcuddur. Şimalda və cənubda yağıntıların orta illik miqdarı 1600 mm-ə çatır. Materikin daxilinə doğru yağıntıların miqdarı azalır, yayda orta sutkalıq temperatur 30°C-dən yüksək olur, qışda isə tez-tez 0°C-dən aşağı düşür. Olbanidən şimalda yerləşən alçaq dağlıq tirələr regionda qar yağan yeganə yerdir.

 

Cənub-qərbdə əsas kənd təsərrüfatı məhsulları istehsal edilən məhsuldar torpaqlar yerləşir. Ərazidə yulaf, tərəvəz, yağlı bitkilər, meyvə, həmçinin buğda əkilir. Ştat buğda yığımına görə ölkədə birinci yeri tutur. Regionun təsərrüfatının əsas sahəsi maldarlıqdır. Ştatın hökuməti tərəfindən nəzarət edilən ağac tədarükü və sahilboyu ərazilərdə aparılan balıq ovu onun inkişafına öz töhvəsini verir. 1960-cı illərdən intensiv əkinçilik və faydalı qazıntı hasilatı əsasında Qərbi Avstraliyanın iqtisadiyyatı ölkədə ən yüksək templə inkişaf edir. Bu sahələr ştatın büdcə gəlirlərinin 25%-ə qədərini verir. Son vaxtlarda sürətlə inkişaf edən turizm də ştatın inkişafında böyük rol oynayır.

 

Sürətlə inkişaf edən və Pert şəhərinin ətrafında cəmlənən sənaye müəssisələrində hasil edilən xammallar emal olunur. İri işgüzar və maliyyə mərkəzinə çevrilən Pert şəhəri Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməsinə imkan verir.