YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Herbari

Herbari qurudulmuş bitki kolleksiyasıdır. Latın dilində herba– “ot”, herbari – “otluq” deməkdir. Lakin təkcə otlardan deyil, yarpaqlardan da, çiçəklərdən də herbari düzəldilir.

 

Baharda tarlaya fikir verin. Elə bil ki, yerə başdan–başa gözəl, əlvan xalı döşənib. Orada–burada alabəzək çiçəklər görünür. Diqqətlə baxın, görün bir bu canlı mənzərə nə qədər rəngarəng bitkilərdən ibarətdir. Çəməndə bir cür, çayların sahillərində isə başqa cür ot bitir. Bir sözlə, bitki kolleksiyası toplamaq istəyən üçün nə qədər desən, bitki növü var.

 

Bitki nümunələri toplamaq çox da asan iş deyil. Bəzən xeyli gəzmək, diqqətlə axtarmaq lazım gəlir ki, maraqlı bir bitkini gözdən qaçırmayasan. Həm də hər bir bitkinin tapıldığı vaxtı və yeri qeyd etmək lazımdır.

 

Toplanmış bitkiləri səliqə ilə iki vərəq arasına yerləşdirmək , üstünə də ağır bir kitab qoymaq lazımdır. Bir azdan sonra bitkilər quruyacaq, lakin öz rəngini və formasını saxlayacaq. Herbarinin kağızını bir neçə dəfə dəyişirlər. Qurumuş bitkilər çox kövrək olur. Buna görə də onlarla çox ehtiyatla davranmaq lazımdır. Bundan sonra bitkiləri qalın kağız üzərinə qoyur, nazik kağız zolaqlarla onları bərkidir və altında həmin bitkilər barədə lazımı məlumat yazılır.

 

 

Yadınızda saxlamalısınız ki, eyni bir kağız üzərinə təsadüfi bitkiləri toplamaq olmaz. Məsələn, ot bitkiləri bir vərəqə, kol bitkiləri isə başqa vərəqə yapışdırılır. Adətən bir mövzuya uyğun, yaxud eyni bir növdən olan bitkilər bir yerə yığılır. Bəzən bitkilər tapıldıqları yerə görə ayrılırlar : məsələn, meşə bitkiləri və çöl bitkiləri.

 

Müəyyən bir ərazinin florasının planlı öyrənilməsində, elmi tədqiqatlar aparılmasında herbarinin böyük əhəmiyyəti var.

 

Dünyanın bir sıra böyük şəhərlərində -  Londonda, Parisdə, Cenevrədə, Vyanada, Sankt – Peterburqda, Kiyevdə, Moskvada , Tbilisidə və Tomskda zəngin herbarilər var.

 

Siz gözəl herbari görmək, səliqəli herbari düzəltmək istəyirsinizsə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutundakı herbariyə baxin! Burada Azərbaycanın bütün yabanı bitkilərinin nümunələri toplanmışdır. Siz həmin herbaridən öyrənməklə, özünüz üçün səliqəli herbari toplaya bilərsiniz.