YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Kolumbiya

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sahəsi: 1141568 km2

Əhalisi: 45,5 mln. nəfər (2010)

Paytaxtı: Boqota (Santa-Fe-de-Boqota, 8494 min nəfər)

Rəsmi dil: ispan

Dini etiqad: katolisizm (90%)

Pul vahidi: Kolumbiya pesosu

Dövlət quruluşu: respublika

 

 

Nadir təbiəti, məhsuldar torpaqları, faydalı qazıntıların zəngin ehtiyatlarına baxmayaraq, Kolumbiya siyasi qeyri-sabitliyin mənfi təsiri ilə əlaqədar çoxsaylı problemlərlə qarşılaşır. Paytaxt Boqota iki dağ arasındakı maili düzənlikdə yerləşir. Şəhərdə Cənubi Amerikada ən qədim iki universitet vardır. Onlara əsası 1580-ci ildə qoyulan Santa-Tomas və əsası 1622-ci ildə qoyulan Xavyer Yepiskop Universitetləri aiddir.

 

Kolumbiyanın Cənubi Panama ilə olan qısa sərhəddi eyni zamanda Cənubi Amerika materikinin şimal sərhəddidir. Ölkənin qərb hissəs əsasən dağlıqdır. Buradan üç iri And silsiləsi - Şərqi, Mərkəzi və Qərbi Kordilyer sıra dağları yüksəlir. Silsilələr arasında dərin vadilər yerləşir. Bu vadilərdən şərqdə olan dərə üzrə Maqdalena çayı şimala doğru axır. Üç And silsiləsindən əlavə Qərbi Kolumbiyanın şimalını ayrıca Syerra-Nevada-de-Santa-Marta dağlıq sistemi tutur. Bu, dünyada ən yüksək sahilboyu silsilədir, onun ən yüksək zirvəsi olan Kristobal-Kolon (5775 m) eyni zamanda Kolumbiyanın ən yüksək nöqtəsidir.

 

Ölkə ərazisinin yarısından çoxunu düzənliklər tutur. Lyanosdan cənuba doğru Amazon çayının hövzəsinin tərkibinə daxil olan ovalıqlar yerləşir. Onlar sıx rütubətli tropik meşələrlə örtülüdür. Bu regionun çayları hövzənin uzaqda olan vilayətləri ilə ən mühüm, bəzən yeganə əlaqə vasitəsidir. Ölkə ekvatorial və subekvatorial enliklərdə yerləşdiyinə görə əsasən tropik iqlim hakimdir və il ərzində az dəyişir. Lakin ərazilərin mütləq hündürlüyündən və onun dağ silsilələrinə nisbətən yerləşməsindən asılı olaraq temperatur və yağıntılarda böyük fərqlər vardır. 3000 m-dən yuxarıda iqlim soyuqdur, temperatur -18°C-dən 13°C -yə qədər dəyişir. And dağlarında 4500 m-dən yuxarı dağ zirvələri daimi buz və qarla örtülüdür. Kolumbiyada, düzənliklərdə yağıntılı və quru mövsüm, dağlarda iki quru, iki yağıntıl mövsüm yaranır. Kolumbiya çoxsaylı bitki və heyvanların vətənidir, dünyanın bioloji cəhətdən ən müxtəlif tipli ölkələrindən biri hesab olunur. Burada 130 mindən çox bitki növü müəyyən edilmişdir.

 

Düzənliklərdə və alçaq dağlıq qurşaqda meymun, puma, yaquar, pekar, tapir, armadil, oxlu kirpi, tənbəl, opossum, ilan və kərtənkələnin müxtəlif növləri, çaylarda timsah, tısbağa və balıqlar yaşayır. Kolumbiyada 1500- dən çox quş növü müəyyən edilmişdir. Bu, dünyanın hər hansı ölkəsində olan göstəriciyə nisbətən çoxdur. 1990-1995-ci illərdə otlaq və əkin sahələrinin genişləndirilməsi və oduncaq tədarükü üçün ağacların qırılması nəticəsində meşələrin sahəsi 1,3 mln. ha azalmışdır.

 

Əhalinin tərkibində metislər - hindular və ağ dərililər arasındakı qarışıq nikahdan olanların nəsilləri üstünlük təşkil edir (58%). Əhalinin 10%-dən azı təmiz hindulardır, bəzi kiçik hindu qrupları hətta öz ana dilini saxlaya bilmişdir. Kolumbiya mis, qurğuşun və civənin böyük ehtiyatına malikdir. 2008-ci ildə başlıca olaraq kiçik yataqlarda 45 ton qızıl hasil edilmişdir. Boqotadan şimal-şərqdə zümrüd çıxarılır. Kolumbiya kömür ehtiyatlarına görə Cənubi Amerikada birinci yeri tutur. Neft mədənləri orta hesabla sutkada 670 min barrel neft verir. Neft yataqlarının əksəriyyəti Maqdalena vadisində və Venesuela ilə sərhəddə yaxın yerləşir.

 

Elektrik enerjisinin 70%-i sürətlə axan çoxsaylı dağ çayları üzərindəki SES-lərdə istehsal olunur. Kolumbiya müxtəlif iqlim zonalarında yerləşən məhsuldar torpaqlara malikdir. Kənd təsərrüfatında əhalinin 18%-dən çoxu məşğul olur. Ən mühüm əmtəəlik bitki qəhvədir. And dağlarının yamaclarında qəhvənin xüsusi ətirli növü becərilir. Qərbi Kolumbiyada yerləşən Manisales şəhəri qəhvə, kakao, qızıl satışında və ixracında mühüm mərkəzdir. Banan, pambıq, qarğıdalı, çəltik və kartof mühüm əhəmiyyət kəsb edir. Kolumbiya artıq on illərdir ki, vətəndaş müharibəsi şəraitində yaşayır.