YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Aristotel

Qədim yunan filosofu. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman “Staqirit” deyirdilər). Atası Nikomax Makedoniya çarı III Amintanın sarayında həkim işləyirdi. Gənc yaşlarında ailəsini itirən Aristotel atasından qalan miras hesabına məşhur filosof Platonun Akademiyasında təhsil alıb. Makedoniyalı İsgəndərin tərbiyəçisi olub. Afinada Likey fəlsəfə məktəbini təsis edib, məntiq, psixologiya, fizika, biologiya, tarix, etika, estetika və siyasət kimi fundamental elmlərlə bağlı tədqiqatlar aparıb.
 
Hələ Platondan elm öyrənərkən “o, mənim dostumdur, amma həqiqət daha vacibdir” deyən filosof onun bəzi nəzəriyyələrini tənqid edib. Platondan fərqli olaraq Aristotel maddi aləmin obyektiv varlığını qəbul edir və hisslərə, anlayışlara və təsəvvürlərə real aləmin törəmələri kimi baxırdı. Varlığın mahiyyətini varlığın özündə axtarır, maddədə yalnız passiv başlanğıc görürdü. Onun fikrincə bu başlanğıc xüsusi aktiv başlanğıca – “formaya” tabe idi. Aristotelə görə, bütün “formaların forması”nın fövqündə ən yüksəyində Allah dayanırdı.
 
O, təbiətdə və cəmiyyətdə hərəkəti qəbul edir, hərəkətin müxtəlif növlərinin (yaranış, məhv olma, inkişaf, azalma, keyfiyyətcə dəyişmə) mövcud olmasına inanırdı. Hərəkətin mənbəyinin Allah olduğunu göstərən Aristotel İlahi varlığın maddədən kənarda qaldığını və bütün dünyanı hərəkətə gətirdiyini təbliğ edirdi.
 
Formal məntiqin inkişafında, xüsusilə Nəticələr Nəzəriyyəsinin (Sillogizm) işlənməsində Aristotelin böyük xidməti olub. Kosmologiya sahəsində isə Geosentrizm Nəzəriyyəsinin tərəfdarı idi. Onun kosmoloji fikirlərini sonradan Ptolomey inkişaf etdirmiş, daha sonra isə bu nəzəriyyə Xristian kilsəsi tərəfindən ehkamlaşmışdı.
 
500-dən artıq heyvan növünü təsvir edərək onların təsnifatını vermiş, canlıları insan, bitki və heyvanlar olaraq üç qrupa bölmüşdü. Aristotel estetikanın tarixində incəsənətə gerçəkliyi əks etdirən sahə kimi yanaşmışdı. Müəllimi Platonun “İdeyalar ideyası” əsərini tənqid edən Aristotel etika məsələlərinə insanların ictimai vəziyyətləri ilə vəhdətdə baxılmalı olduğunu bildirirdi.
 
Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.