YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Janna Dark

Janna Dark sadə fransız kəndlisinin qızı idi. Uşaqlıq illəri Lotaringiya vilayətinin Domremi kəndində keçib. Həmkəndlilərinin dediklərinə görə, Janna müəyyən vaxta qədər yaşıdlarından heç nə ilə fərqlənməyib. Lakin 14 yaşında nə isə baş verir. Ən yaxın adamlarına etiraf edir ki, müqəddəslərin səslərini eşidir və hətta bəzən onları görür: “Onlar deyirlər ki, Allah özü ingilisləri torpaqlarımızdan qovub çıxarmağı mənə tapşırır”. 

 

Doğmaları onu hər şeyi unutmağa və yaşamağa davam etməyə inandırmağa çalışırlar. Lakin Jannaya heç nə təsir etmir. 

 

O, yalnız bir məsələ barəsində düşünür: tezliklə Şinon qəsrinə gedib şahzadə Karl ilə görüşmək! Janna doğma kəndini tərk edib böyük çətinliklə Şinon qəsrinə gəlir. Dofinin yaxın adamları gənc çoban qızı fırıldaqçı zənn etsələr də, onu Karlın yanına aparmağa razı olurlar. Janna Şinon qəsrinin yarıqaranlıq zalına daxil olan kimi düz şahzadənin yanına gəlir və onun qarşısında diz çökür. Zəif iradəli, şərəf və heysiyyət məsələlərində bir o qədər də prinsipial olmayan Karl Jannanın səhvə yol verdiyini, dofin olmadığını söyləyir. 

— Allah xatirinə, şahzadə! – deyə Janna məzəmmətlə səslənir. 
— Fransanın həqiqi kralı siz və yalnız sizsiniz!
— Məndən nə istəyirsən? – deyə dofin soruşur.
— Mənə bir dəstə cəngavər verin. Onlarla birlikdə ingilisləri darmadağın edəcəyəm!

 

Ətrafdakılar Jannanı məsxərəyə qoyurlar. Buna baxmayaraq, ona kiçik bir dəstə həvalə edirlər. Janna bu dəstə ilə birlikdə mühasirədə olan Orleana girməyə müvəffəq olur, müəyyən müddətdən sonra isə onun başçılıq etdiyi könüllülər dəstəsi qalanı almağa cəhd göstərən seçmə ingilis alaylarını darmadağın edir və pərən-pərən salır.

 

Karl Valua Jannanın müşayiəti ilə Reymsə gəlir. Fransa krallarının tacqoyma mərasimi lap qədim zamanlardan məhz burada keçirilir. Janna Karl Valuanın başına tac qoyur. Lakin o vaxtdan gənc qəhrəmanımızı uğursuzluqlar təqib etməyə başlayır. “Balaca çoban artıq öz işini görüb və inəklərinin yanına gedə bilər” – deyən saray əyanları onu kralın gözündən salmağa çalışırlar.

 

Janna isə hesab edir ki, onun missiyası hələ başa çatmayıb. Krallığın yarısı hələ də ingilislərin tapdağı altındadır. Onun dəstələri Parisi azad etməyə can atır. Lakin şöhrətpərəst Karl ona geri çəkilmək əmri verir: paytaxta ağ atın belində qalib kimi onun deyil, sadə kəndli qızının daxil olması fikri onu dəhşətə gətirir. Janna kralın tələbini yerinə yetirərək, dəstəsini Parisdən geri çəkir.

 

Bir qədər sonra, satqınlıq nəticəsində qiyamçı feodala əsir düşür. O da Jannanı ingilislərə satır. Əfsuslar olsun ki, kral Jannanı azad etmək üçün əlini ağdan-qaraya vurmur. İngilislər onu zəncirləyib hələ də əllərində olan Ruana gətirirlər, fransız kilsə xadimlərindən onu kafir və cadugər kimi mühakimə etməyi tələb edirlər. Jannanı onlarca müstəntiq, prokuror, inkvizitor dindirir, işgəncələrlə hədələyirlər. Yetkinlik yaşına çatmadığı üçün müdafiə olunmalı halda, onu vəkillə təmin etmirlər.

 

Janna Darkı tonqalda yanmağa məhkum edirlər. Edamı izləyənlərin ürəyinə onları ömrü boyu təqib edən bir hiss – gözləri qarşısında günahsız bir insanın diri-diri yandırılması hissi hakim kəsilir. Edam səhnəsini izləyən bir neçə nəfər huşunu itirir. Yerindəcə quruyub qalan bir əsgərin ömürlük dili tutulur. Edama tamaşa edənlərdən biri sonralar əlini Bibliyaya basıb and içir ki, güclü alovun içindən qəflətən ağ bir göyərçinin pırıldayıb Fransa tərəfə uçmasının şahidi olub.

 

1920-ci ildə papa Janna Darkı müqəddəslər icmasına aid edib.