Xəbərlər

Kitabxanada “Krılovun təmsilləri” adlı müsabiqə təşkil olunub

Firidun Köçərli adına Respublika Uşaq kitabxanasında Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə birgə rus yazıçısı İvan Andreyeviç Krılovun anadan olmasının 250 illik yubileyi münasibətilə “Krılovun təmsilləri” adlı müsabiqə keçirilib.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları görkəmli təmsil ustası haqqında təşkil olunmuş kitab sərgisi ilə tanış olublar.

 

Tədbirdə 151, 42, 46, 95 nömrəli tam orta məktəb, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi və Bakı Avropa Liseyinin müxtəlif sinif şagirdləri, müəllim kollektivi və valideynlər iştirak ediblər.

 

Sonra İvan Andreyeviç Krılovun həyat və yaradıcılığı barədə videoslayd nümayiş olunub.

 

Bildirilib ki, hələ on dörd yaşında ikən yaradıcılığa başlayan Krılov bir çox satirik əsərlər yazıb və ədəbiyyat aləmində böyük şöhrət qazandıran gözəl təmsillərin müəllifi olub. Böyük şair A.S.Puşkin, məşhur tənqidçi Belinski, yazıçı Qoqol və başqaları onu həqiqi bir xalq sənətkarı adlandırıblar. Krılovun ən gözəl tərcüməsini Mirzə Ələkbər Sabir və Abbas Səhhət verib. Bu iki sənətkarın tərcüməsi böyük rus şairini həmişəlik olaraq Azərbaycan oxucularına sevdirib.

 

İki mərhələdən ibarət yarışmada hər məktəb komanda şəklində yarışıb. İlkin mərhələdə komandalar Krılovun təmsillərində olan personajları canlandırıb. Sonuncu mərhələdə isə Krılovun şeirləri səsləndirilib. Sonra viktorina keçirilib. Münsiflər heyətinin qərarı əsasında 1-ci yerə 46 nömrəli tam orta məktəb, 2-ci yerə Bakı Avropa Liseyi, 3-cü yerə isə Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi layiq görülüb.

 

Sonda iştirakçı uşaqların hər birinə kitabxana tərəfindən hədiyyə təqdim edilib.