Təbiət

Salvador vulkanlar ölkəsidir

Salvador Mərkəzi Amerikada ən kiçik dövlətdir. O, həm də Mərkəzi Amerikanın ən sıx əhalisi olan  ölkəsidir. Maraqlıdır, salvadorlular nə üçün sanki “vulkan üzərində yaşayır” və nə üçün özlərini iki xalqın - hindilərin və ispanların nəsilləri sayırlar? Qədim zamanlarda Salvadorun adı başqa idi. Bu ölkə Kuskatlan adı ilə  tanınırdı. Kuskatlan  “xoşbəxtlik diyarı” deməkdir.  Bu qədim şəhər-dövlətin öz kübar cəmiyyəti, tacirləri və kölələri olub. Kuskatlan kəndliləri tarlada çalışır, torpağı toxa ilə əkib-becərirdilər.  Hazırda Salvadorun arxeologiya muzeylərində onların əmək alətlərini, habelə qədim qab-qacağı və bəzək əşyalarını görmək olar. Bundan əlavə, ölkədə  hindilərin evləri və  müqəddəs məbəd rolu oynayan qədim ehramlar  qalıb. Onları pipil və lenka adlanan  hindi tayfaları inşa ediblər. 
 
Lakin 1524-cü ildə bu torpaqlara ispanlar gəliblər. Kuskatlanlılar  150 əsgər, 100 zabit  və müttəfiq  tayfalardan olan  5 min hindidən ibarət  kiçik qoşun toplayıblar. Pipil  döyüşçüləri  işğalçılara qarşı  qəhrəmancasına vuruşublar. Buna baxmayaraq, ispanlar daha güclü olublar və Kuskatlanı işğal ediblər. Yeni ağalar nə şəhərə, nə də onun sakinlərinə aman veriblər. Onlar bu yerdə  öz paytaxtlarının  bünövrəsini qoyub, onu “Müqəddəs Xilaskar” adlandırıblar. 
 
Ölkənin paytaxtı San-Salvador eyniadlı vulkanın ətəklərində  yerləşir. Son vaxtlar  şəhər xeyli genişlənib. Tez-tez baş verən zəlzələlər, vulkan püskürmələri onun köhnə rayonlarını demək olar məhv edib.  Paytaxtın yerləşdiyi  Amakas çayı vadisi  baxımsız vəziyyətdədir. Burada yaşayan əhalinin sayı həddindən çoxdur.  Hakimiyyət orqanları şəhərin əvvəlki görkəmini  bərpa etməyə, müstəmləkə dövrünə aid  gözəl tikililəri  təmir etməyə çalışırlar. 
 
San-Salvadorun mərkəzində Barrios meydanı yerləşir. Kafedral kilsə, hökumət binası və Milli Kitabxana bu   meydandadır. Turistlər  Milli Teatra gedə,  İqlesiya-La-Mersed kilsəsi kimi memarlıq abidələrinə tamaşa edə bilərlər. Keşiş Delqado məhz bu kilsədə salvadorluları İspaniya ağalığından müstəqillik əldə etmək üçün üsyüna çağırıb. 
 
Salvadoru əbəs yerə vulkanlar  ölkəsi adlandırmırlar. Daha kiçik və sönmüş vulkanlar ölkənin cənubunda toplaşıb.  Fəal vulkanlar respublikanın qərbində və şərqində yerləşir. Milli parkda isə böyüklü-kiçikli vulkanlara rast gəlmək  olar. 
 
Serro-Verde  vulkanı çoxdan sönüb.  Sonuncu dəfə  2500 il əvvəl  püskürüb. Santa-Ana vulkanının hündürlüyü  2385 metrdir.  Salvadorun bu ən uca vulkanı son 500 ildə  təqribən 17 dəfə püskürüb.  Sonuncu dəfə 2005-ci ildə, özü də az qala avtomobil boyda qənbərlər püskürüb.  İsalko adlanan  üçüncü vulkanı  daim püskürdüyünə görə Sakit okean mayakı adlandırıblar.  Bu vulkan hər  8 dəqiqədən bir  300 metr hündürlüyə  kül sütunu  tullayır. Onun şəfəqi okeandan yaxşı görünür və gecə saatlarında  dənizçilərə yol göstərir.  
 
Serre-Verde  qoruğunda  təkcə vulkanları seyr etmirsən.  Park  127 quş növünün, o cümlədən  zümrüdü tukanların, zığ-zığ quşunun, ağacdələnlərin və təqribən 17 kolibri növünün oylağıdır.  Milli parkın ərazisində meymunlar, yaquarlar, koyot canavarları, kuquarlar və oselotlar yaşayır. Parkda başdan-başa səhləb çiçəyi bitir.