N

Nağıyev Ağa Musa

Nağıyev Ağa Musa
 
Tanınmış azərbaycanlı milyonçu, neft hasilatçısı, xeyriyyəçi
 
1848-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub. İbtidai təhsilini kənd mollaxanasında alan Ağa Musa 25 yaşınadək saman satmaqla məşğul olan atasına kömək edir. Atası vəfat edərkən 300 manat borcu qalır. Ruhdan düşməyən Ağa Musa 200 manat da borc eləyib, özünə kiçik bir dükan açır. Beş ildən sonra 2 000 manat toplayır və Qara şəhərdə əl ilə işləyən kiçik bir kerosin sexi alır.
 
Bir neçə ildən sonra Bakıda torpaq sahələri alaraq neft quyuları qazdırır. Çox keçmədən milyonçu olur.
 
 
Oğlu İsmayıl vərəm xəstəliyinə tutularaq vəfat edir. Ağa Musa oğlunun xatirəsinə indiki İstiqlaliyyət küçəsində bina tikdirir. Bu bina İsmayılın xatirəsinə “İsmailiyyə” adlandırılır.
1914-cü ilin maliyyə hesabına görə Ağa Musanın təkcə qızılla yetmiş milyon manata yaxın kapitalı va bundan xeyli artıq əmlakı var idi.
 
Ağa Musa Nağıyev Realnı məktəbin binasının yarımçıq qalmış üçüncü mərtəbəsinin xərcini ödəyir, şəhər kənarında xəstəxana tikdirir (indiki Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanası) və Bakı su kəməri üçün xeyli vəsait ayırır.
 
Bundan başqa 28 May küçəsindəki qoşa imarətlər, qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera və Balet teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli bina, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa” mehmanxanaları, Bakının bu kimi 98 gözəgəlimli binaları Ağa Musa Nağıyevin pulu ilə tikilib.
 
O, birinci Realnı məktəbin hamiliyini boynuna alaraq, ildə əlavə olaraq hazırlıq sinfinə iyirmi beş müsəlman uşağını qəbul etdirib. Bunun nəticəsində az bir zamanda məktəbdə müsəlman şagirdlərinin sayı əlli faizə çatıb.
Ağa Musa Nağıyev fransız yazıçısı və memuarçısı Baninin (Ummul Banu Mirzə qızı) ana tərəfdən babasıdır.
 
1919-cu ilin mart ayında vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. Daha sonra nəşi Biləcəridəki “Proparka” adlanan qəbiristanlığa, sonradan isə Biləcəridəki Dağüstü parka köçürülüb.