Xəbərlər

Təhlükə barədə fil siqnalı

Bakı, 15 noyabr, AZƏRTAC

 

Alimlər fillərin görüntü zonası xaricində olan həmcinsləri ilə ünsiyyət zamanı torpağın vibrasiyasından istifadə etdiklərini müəyyənləşdiriblər.

 

Altı tonluq bu nəhəng heyvanlar ayaqlarını yerə zərblə vuraraq öz yoldaşlarına səs dalğalarından daha uzaq məsafəyə yayılan siqnallar göndərir. Fillər onları 32 kilometrədək uzaqdan eşidə bilir. Siqnalın ünvanlandığı fillər də bu vibrasiyanı ayaqlarının köməyi ilə duyur.


Günlərin birində alimlər fil sürüsünün qəflətən öz yolunu dəyişdiyini müşahidə edirlər. Sonradan məlum olur ki, həmin yerdən bir neçə kilometr uzaqlıqda brakonyerlər digər fil sürüsünə hücum ediblər.  Beləliklə, alimlər təqib olunan heyvanların öz həmcinslərini ayaq zərbələri vasitəsi ilə təhlükədən xəbərdar etdikləri qənaətinə gəlirlər.