Şeirlər

A.S.Puşkin. Balıqçı və balıq nağılı

Tərcümə edən: Mirmehdi Seyidzadə
 

Keçmiş zamanlarda bir qoca varmış,
Qoca qansiyla birgə yaşarmış
Geniş göy dənizin lap sahilində
Köhnə qazmasmda, uçuq evində
Onlar otuz üç il ömür sürmüşdü,
Nə xoş bir güzəran, nə gün görmüşdü.
Qocanın qarısı cəhrə əyirər,
Balığa gedərmiş özü hər səhər.
Bir gün yenə qoca suya tor atdı,
Lakin balıq deyil, o, lil çıxartdı.
Toru təmizləyib yenə də atdı,
Sudan dənizotu dartıb çıxartdı.
O, üçüncü dəfə toru çəkirkən
Toruna bir balıq düşdü dənizdən.
Adi balıq deyil, qızıl balıqdı.
Elə ki, dənizdən sahilə çıxdı
İnsan tək danışdı, dil açdı birdən;
Dedi: "Gəl ayırma məni dənizdən.
Qoca, burax suya, rəhm elə mənə,
Könlün nə istəsə, verərəm sənə".
Sarı yarpaq kimi rəngi saraldı,
Qocanın canını bir qorxu aldı.
Balıq ovlamışdı düz otuz üç il,
Hələ görməmişdi balıq açsın dil.
Odur ki, balığın sözünə baxdı,
Yaxşılıq eyləyib suya buraxdı.
Dedi: "Gərək deyil mənə haqq, balıq,
Get, köməyin olsun sənin haqq, balıq.
Buraxıram səni, get, üz dərində,
О gömgöy suların coşqun yerində".
Qarının yanına qayıtdı qoca:
"Bir möcüz görmüşəm, - dedi, - olduqca,
Qəribə bir möcüz. Bu gün tor atdım,
Dənizdən bir qızıl balıq çıxartdım.
Balıq insan kimi dil açdı birdən,
Dedi: - Gəl ayırma məni dənizdən,
Qoca, burax suya, rəhm elə mənə,
Könlün nə istəsə, verərəm sənə -
Qorxdum, haqq almadım, sözünə baxdım,
Yaxşılıq eyləyib suya buraxdım".
Söydü, donquldandı, söyləndi qarı:
"Balıqdan bir təknə alaydın barı;
Görmürsən təknəmiz sınıqdır, axmaq!
Sarsaqdan baş verər belə iş ancaq".
Qoca tez dənizə yollandı birbaş,
Gördü dalğalanır su yavaş-yavaş.
Qışqırdı, balığı səslədi. Birdən
Balıq üzə çıxdı dərinliklərdən.
Soruşdu: "Ay qoca, nə istəyirsən?"
Qoca baş endirib söylədi ki, "Sən
Ey balıqlar şahı, mənə rəhm elə,
Deyinib dalaşır qarım mənimlə,
Bağırır, - təknəmiz sınıqdır, - deyir,
О səndən bir yeni təknə istəyir".
Balıq dedi: "Qoca! Burax kədəri,
Haqq köməyin olar dön evə geri,
Düzələr sizinçin bir yeni təknə".
 
Qoca döndü birbaş gəldi evinə.
Gördü qazmasında yeni təknə var,
Qarının üzündən yağır zəhrimar.
Qarı söydü onu, dedi: "Ay axmaq,
Balıqdan bir təknə istədin ancaq?
Təknə nə şeydir ki; get əl-əl üstə
Baş endir balığa, ondan ev istə!"
Qoca göy dənizə getdi həvəssiz
Gördü rəngi dönüb bulanıb dəniz;
Çağırdı, balığı səslədi, birdən
Balıq üzə çıxdı dərinliklərdən.
Soruşdu: "Ay qoca, nə istəyirsən?"
Qoca baş endirib söylədi ki, "Sən
Ey balıqlar şahı, mənə rəhm elə,
Yenə bərk dalaşdı qarı mənimlə,
İndi də yeni bir daxma istəyir. –
Qazmamız uçuqdur, köhnədir, deyir".
Balıq cavab verdi: "Qəm çəkmə bunca
Haqq köməyin olar, dön, get, ay qoca!"
Qoca gəlib gördü yox olub qazma,
Köhnə xarabadan qalmayıb bir iz.
Yerində tikilib bir ev, bir dəhliz,
Otağın kərpicdən bacası da var.
Açılıb taybatay palıd qapılar.
Pəncərə önündə oturub qarı,
Onu görən kimi qudurab qarı,
Üstünə qışqırıb dedi: "Ay axmaq,
Balıqdan bir daxma istədin ancaq?
Tez qayıt baş endir ona, sonra de
Olmaq istəməyir qarım bir kəndli,
Keçir ürəyindən zadəgan olmaq.
Eşitdinmi, daha dayanma, sarsaq!‘‘
Yollandı dənizə qoca həvəssiz
Gördü ki, çalxalanır, gurlayır dəniz;
O, qızıl balığı çağırdı. Birdən
Balıq üzə çıxdı dərinliklərdən.
Soraşdu: "Ay qoca, nə istəyirsən?"
Qoca baş endirib söylədi ki: "Sən,
Ey balıqlar şahı, mənə rəhm elə,
Qarı bərk dalaşdı yenə mənimlə.
İndi də zadəgan olmaq istəyir,
Adi kəndlilikdən çıxıram, deyir".
Balıq cavab verdi: "Burax kədəri,
Haqq köməyin olar, qoca, dön geri."
Qoca qarısının yanına döncək,
Gördü ki, çox qəşəng, olduqca yüksək
Bir ev tikilmişdir, eyvanda qarı
Dayanmış seyr edir xiyabanları.
Əynində qarının xəzdən donu var,
Başında zərxara çıqqası parlar.
Boynunda incidən var boyunbağı,
Şövq salır qolunda qızıl qolbağı,
Üzüklər parlayır barmaqlarında,
Qırmızı çəkmə var ayaqlarında.
Onun dörd yanında nökərlər durur,
Qarı birçəkləyib onları vurur!
Qoca dedi: "Salam, mülkədar xanım,
İndi olmusanmı bəxtiyar, xanım?"
Bağırdı, yağdırdı qarı söyüşlər.
Qocanı töylədə eylədi mehtər.
 
İki həftə keçdi qarı qudurdu.
Qocanı çağırıb ona buyurdu:
"Balığa, get, baş əy, ona söylə sən
Denən ki, şah olmaq istəyirəm mən".
Qocanın qorxudan rəngi saraldı,
Qarının sözündən narazı qaldı.
Dedi ki: "Qudurma, bunca, ay qarı!
Adam ol, gəl burax bu ədaları!
Oturab-durmağı sən bacarmırsan,
Hökmranlıq etmək deyildir asan,
Dünyanı güldürmə özünə, arvad!"
Bərk qızdı ərinin sözünə arvad,
Onu sillələyib dedi: "Ay mujik,
Gəl sanma özünü mənə tay, mujik!
Zadəgan xanımla nə cürətlə sən
Bu dildə danışıb höcət edirsən!
Bil ki, öz xoşunla getməsən əgər,
Zorla apararlar səni nökərlər‘‘
 
Yollandı dənizə qoca həvəssiz,
Gördü ki, coşubdur, tutqundur dəniz.
O, qızıl balığı səslədi. Birdən
Balıq üzə çıxdı dərinliklərdən.
Soruşdu: "Ay qoca, nə istəyirsən?"
Qoca baş endirib söylədi ki: "Sən,
Ey balıqlar şahı, mənə rəhm elə,
Qarım hay-küy salıb yenə qəzəblə.
Daha zadəganlıq gəlmir xoşuna.
İstəyir padşahlıq verəsən ona".
alıq cavab verdi: "Burax kədəri,
Qarın padşah olar, qoca, dön geri".
 
Qayıdıb gələndə nə gördü qoca:
Bir qəşəng saray var, bəzəkli, uca.
Oturmuş arvadı taxt üzərində,
Boyarlar, əyanlar durur əmrində,
Hamı baş endirir, xidmət eləyir,
Qarı şərab içir, şirniyyat yeyir.
Yanında qəzəbli keşikçilər var,
Onların çiynində iti baltalar.
Qoca bunu görüb, lap donub qaldı,
Qorxudan yazığın rəngi saraldı,
Diz çökdü, söylədi: "Böyük hökmran,
Söylə, razısanmı indi halından?"
Baxmaq istəmədi ərinə qarı.
Buyuruq verdi ki, qovun kaftarı.
Tez qalxıb bir neçə zadəgan, boyar
Onun peysərindən vurab qovdular.
Nökərlər boynunu vurmaq istədi;
Adamlar məsxərə eyləyib dedi:
"Sənə bir dərs olar ay qoca nadan,
Gərək öz yerini tanıya insan!"
 
İki həftə keçdi qudurdu qarı.
Qəzəblə əmr etdi, tez adamları
Ərini tapdılar. Dedi: "Get bu an
Baş endir balığa söylə, hökmran
Olmaq istəmirəm, gərək bu gündən,
Geniş dənizlərin şahı olum mən.
Dəryalar içində qəsrim qurulsun,
Gərək qızıl balıq nökərim olsun".
 
Qoca qorxusundan dinə bilmədi.
Bir söz də deməyə dili gəlmədi.
Yönəldi dənizə tərəf həvəssiz
Gördü tufan qopub, qaralıb dəniz.
Qəzəbli dalğalar coşub gurlayır,
Acıqla səslənib sanki ulayır.
Qışqırıb balığı səslədi, birdən
Balıq üzə çıxdı dərinliklərdən.
Soruşdu: "Ay qoca, nə istəyirsən?
Qoca baş endirib söylədi ki: "Sən,
Ey balıqlar şahı, mənə rəhm elə,
Neyləyim, qudurub qarı, qəzəblə
Deyir, istəmirəm padşahlıq etmək,
Dənizlər sultanı olum mən gərək.
Dəryalar içində qəsrim qurulsun,
Qızıl balıq gərək nökərim olsun".
Səs-səmir çıxmadı qızıl balıqdan,
Çırpıb quyruğunu yox oldu haman.
Sahildə dayanıb qoca bir müddət
Gözlədi, gözlədi, getdi nəhayət.
Gördü köhnə qazma önündə yenə
Oturmuş qarısı, yanında təknə.