Xəbərlər

Tur-aksiyaya qoşulan Beyləqan məktəbliləri ölkəmizin cənub bölgəsini yaxından tanıyacaqlar

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasına qoşulan beyləqanlı məktəblilər noyabrın 18-də Lənkəran-Masallı-Astara istiqaməti üzrə yola çıxıblar.

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə rayon icra hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, valideynlər iştirak ediblər.

 

Beyləqan Rayon İcra Hakimiyyətinin başçı Asif Ağayev gənclərə Vətənimizi daha yaxından tanıtmaq, onların dünyagörüşünü zənginləşdirmək məqsədilə keçirilən tur-aksiyanın əhəmiyyətindən danışıb.

 

Diqqətə çatdırılıb ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir. Azərbaycanın regionları ilə tanışlıq məktəblilərin dünyagörüşünü daha da zənginləşdirir, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

 

Bildirilib ki, tur-aksiyada iştirak edən 40 şagird, həmçinin onları müşayiət edən müəllimlər və 1 həkimdən ibarət heyət dörd gün ərzində Lənkəran, Astara və Masallı rayonlarının tarix və mədəniyyət abidələri, gözəl təbiəti və müasir inkişafı ilə yaxından tanış olacaq.

 

Tur-aksiyaya qoşulan şagirdlər və onları müşayiət edənlər ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, musiqi sədaları altında Lənkəran-Masallı-Astara istiqaməti üzrə yola düşüblər.