Odlar Yurdu

Qala arxeoloji etnoqrafik muzey kompleksi

Dünyanın ən qədim yaşayış məskənlərindən olan Abşeron yarımadası tarixi, maddi-mədəni, arxeoloji və memarlıq abidələri ilə zəngindir. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş kurqanlar, ocaq izləri, qəbirlər, daş kitabələr, əlyazmalar Azərbaycanın qədim tarixindən soraq verir.
 
Abşeronun qərbində, Qobustan qayalıqlarında eradan əvvəlki dövrə aid qayaüstü təsvirlər, yeni daş-tunc dövrünə aid mağaralar, Ağdaş düzü, Xaşaxuna və Dübəndi ərazisindəki arxeoloji tapıntılar, kənd qəbiristanlıqlarındakı XIV-XVIII əsrlərə aid məzar daşları bu qəbildəndir.
 
Yarımadanın şimal-şərqində yerləşən, beş min illik tarixə malik Qala kəndi də qədim tariximizi özündə əks etdirən daş salnamədir.
 
2008-ci ildə Qala Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksi yaradılıb. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilən arxeoloji, memarlıq abidələri toplanılaraq bərpa olunub.
 
1,2 hektar ərazini əhatə edən muzey kompleksində bir çoxu eramızdan əvvəl III minilliyə aid olan tarixi əhəmiyyətli 215 memarlıq və arxeoloji abidə qorunub saxlanılır. Bura 5 məscid, 3 hamam, 4 ovdan, yaşayış evləri, sərdabələr, məqbərələr, kurqanlar, qəsrlərin qalıqları və başqaları daxildir.
 
Qala kəndində Azərbaycanda ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq və dəmirçilik nümunələri tapılıb. Xüsusən aşkarlanan saxsı məmulatlar bədii cəhətdən daha çox maraqlıdır.