Tapmacalar

Səma cisimləri, təbiət hadisələri haqqında tapmacalar

1. Ağ sandığım açıldı,
İçinnən nur saçıldı.


2. Ağ tas, qızıl tas,
Birin götür, birin as.


3. Ağac başında ağca yumaq.


4. Adam deyil, hey qaçır,
Meşə deyil, səs salır.


5. Ay gedər ha il gedər,
Gecə-gündüz yol gedər.
Nə dili var, nə ağzı,
Nərildər aslan kimi.


6. Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.


7. Ayağından aldırmaz,
Ağzına yüyən vurdurmaz.


8. Aləmə işıq salır,
Axşam gül kimi solur.


9. Alçacıq quyu,
Dambıldar suyu.


10. Anam atlandı,
Xalı qatlandı,
Quyruq bulandı,
Qum səpələndi.


11. Anası qaraca,
Qızı qırmızıca,
Oğlu qıvrımca.


12. Araba gedər, izi yox,
Yanar, yanar, gözü yox.


13. Ata minər, səslənməz,
Yerə düşər, paslanmaz.
Suya düşər, islanmaz.


14. Atamın bir qurşağı var,
Dəstələdikcə qurtarmır.


15. Atamın yeddi oğlu var,
Yeddisi də bir boyda.


16. Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdə ceyrana.


17. Axşam gedər,
Səhər gələr.


18. Ahanı, ha ahanı
Gəzər cümlə cahanı.
Dərələrdə öldürdüm,
Nə əti var, nə qanı.


19. Babamın bir donu var,
Qatlayıram, qat götürmür.


20. Babamın bir donu var, qatlamaq olmaz,
İçi dolu əşrəfidi, sanamaq olmaz.


21. Babamın bir donu var,
İçi dolu abbası,
Gündüz girər kisəyə
Gecə çıxar eşiyə.


22. Babamın bir çuxası var, on iki cibi,
Cibin hər küncündə otuz düymə,
Hər düymənin bir üzü ağ, bir üzü qara.


23. Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.


24. Balta vurdum nimçəyə,
Səsi gəldi Gəncəyə.


25. Balta vurdum çəkilə,
Çəkil yerə tökülə.
Quşlardan hansı quşdu,
Özü düzə çəkilə.


26. Basdırmışam iki toyuq,
Biri isti, biri soyuq.


27. Baş üstə durar,
Baxıb göz vurar.


28. Bir abam var, qatlamaq olmaz,
Bir patavam var, sarımaq olmaz,
Bir xəlbir aşığım var, sanamaq olmaz.


29. Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.


30. Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzü ağ.


31. Bir atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.


32. Bir atım var ağ alaca,
Özü gedər, yəhəri qalar.


33. Bir atım var səməndi,
Nə ucu var, nə bəndi.
Özü açılar, özü yumular.
Heç kəs bilməz bu fəndi.


34. Bir atım var cilovda durmaz,
Gecə gedər, gündüz yorulmaz.


35. Bir balaca mil daşı,
Yandırar dağı, daşı.


36. Bir balaca nar daşı,
Götürəmməz min kişi.


37. Bir xəlbir aşığım var,
İçində bir saqqası.


38. Bir qızıl öküzüm var,
Harda yatsa ot bitməz.


39. Bir kilimim var,
Min bir naxışı,
Yelbaba süpürər,
Payızı, qışı.


40. Bir kişinin dörd evi var,
Biri yaşıldı, o biri al,
Biri sarıdı, o biri ağ.


41. Bir nəlbəki nar giləsi,
Ələ gəlməz bir dənəsi.


42. Bir palazım var, çırpa bilmirəm,
Naxışı xırdadı, saya bilmirəm.


43. Bir sinidə iki toyuq -
Biri isti, biri soyuq.


44. Bir tabaq almaz,
Sabaha qalmaz.


45. Biri deyir, gəl gedək,
Biri deyir, getməyək,
Biri başın buluyur.


46. Biri gedər, gəlməz,
Biri yatar, durmaz.


47. Bulud-bulud içində,
Ay da bulud içində,
Göydən yerə od yağdı,
Biz də yandıq içində.


48. Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Anam bir oğlan doğub,
Yerin, göyün sultanı.


49. Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Qara qız oğlan doğdu
Yerin, göyün sultanı.


50. Burdan vurar qılıncı,
Bağdadda oynar ucu.


51. Buruq-buruq hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?


52. Buxarı, ha buxarı,
Buxarıdan yuxarı,
Ordan bir oğlan çıxdı,
Çiyni qara çuxalı.


53. Qazdım, qazdım qum çıxdı,
Qumdan miranə çıxdı.
Bu gecə ölən oğlan
Sabah bazara çıxdı.


54. Qara sacın altı qara,
Dur üstündə ocaq qala.


55. Qara toyuq,
Qamı yarıq.


56. Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar.


57. Qara toyuq, göy cücələr.


58. Qara xanım qamı yarıq,
İçi dolu qızıl balıq.


59. Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.


60. Qızıl ləyən, qızıl tas,
Birin götür, birin as.


61. Qızıl öküz yatdı, qalxmadı,
Boz öküz getdi, gəlmədi.


62. Qır at qovar, boz at qaçar,
Boz at qovar, qır at qaçar.


63. Qırmızı nar,
Hər evdə var.


64. Dağdan, daşdan qan gəlir,
Qıvnlmış ilan gəlir.
Qabağında durmayın,
Qudurmuş aslan gəlir.


65. Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi.
Əyilir su içməyə,
Böyürür oğlaq kimi.


66. Dağdan gəlir, daşdan gəlir,
Qudurmuş bir aslan gəlir.


67. Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi,
Oturur həsir kimi,
Duranda yesir kimi.


68. Dağdan gəlir hozu kimi,
Dəyirmanın tozu kimi.


69. Dağlarda qar əridi,
Ayaq tutub yeridi,
Dərə görüb bağırdı,
Dərya görüb kiridi.


70. Dam dambıldar,
Su gumbuldar,
Heyva çalar,
Nar oynayar.


71. Dam üstə daylaq oynar,
Yerə dəyib oyular.


72. Dəyirmana dən doldu,
Zülf üzünə bənd oldu,
Düz üç yüz altmış taxta
Bir mismara bənd oldu.


73. Dəyirmi təpə,
Qızıldan küpə.


74. Dərd-bəlanı sovan kösöv,
Qurdu-quşu qovan kösöv.


75. Dilim-dilim nar,
Dizimətən qar.
Uçdu bir kəklik,
Qondu bir dilbər.


76. Eşiyə bir ağac düşüb,
Nə qolu var, nə budağı.
Bir quş gəldi, onu yedi,
Nə dili var, nə dodağı.


77. Əziziyəm, yasda,
Quyruğu dəstə.
Yeddi cam gördüm,
Bir başın üstə.


78. Əziziyəm, ay mələr,
Bulud göydə, ay mələr,
Qoç bir quzu görübdü,
Süd deyibən ay mələr.