Atalar sözləri

Ulduzu parlamaq

Habelə “ulduzu üzünə gülmək”, “ulduzu xoşbəxt olmaq” və s. ifadələr obrazlı şəkildə səadətə çatmaq, xoşbəxt olmaq mənasında işlənir.


Qədimdə, xüsusilə orta əsrlərdə geniş şöhrət tapmış astrologiya (yalançı nücum elmi) “elmi” öz ehkamlarını yeddi səyyarə və on iki bürc əsasında qurmuşdu. Qəmərə (“qəmər” ərəbcə “ay” deməkdir) olan uzaqlıq dərəcəsinə görə səyyarələr belə sıralanırdı: Zühəl, Müştəri, Mərrix, Şəms, Zöhrə, Utarid, Qəmər.


Göydə günəş dairəsinin bölünmüş olduğu on iki qismin hər biri “bürc” hesab edilirdi. Bürclər bunlardır: Həməl (Quzu) bürcü, Sur (Öküz) bürcü, Cövza (Əkizlər) bürcü, Sərətan (Xərçəng) bürcü, Əzra (Sünbülə) bürcü, Əsəd (Aslan) bürcü, Mizan (Tərəzi) bürcü, Əqrəb bürcü, Kaman bürcü, Böyük ayı bürcü, Kiçik ayı bürcü, Əjdaha bürcü.


Günəş və aydan başqa bütün qalan göy cisimləri, xalq danışıq dilində fərqləndirilməyib, ümumi “ulduz” sözü ilə ifadə edilir. 

 

Astrologiya elminə görə insan və heyvanlar, bitki və minerallar bu ulduzlarla əlaqədar olub, onların təsiri altındadır, hər birinin rəngi və xüsusiyyətləri başqalarından fərqlənən ulduzlar yer üzərindəki bütün varlıqların hissiyyatına, təbiətinə, sağlamlığına, davranışına təsir göstərir, hər bir şəxs də müəyyən bir ulduzun təsiri ilə doğulur, yaşayır və bu təsirlə əlaqədar xoşbəxt və ya bədbəxt olur, yaxşı və ya pis adam olur və s. Dildə və ədəbiyyatda həmin inamın izləri çox yayılmışdır.


İndinin özündə də kapitalist ölkələrində astroloqlar ulduz falları hazırlayır, bu elmə aid jurnallar, bülletenlər buraxırlar.

 

S.Vurğunun “Aygün” poemasında deyilir:


Karvan-karvan göydən ulduzlar köçür.
Öz bəxtinə hər kəs bir ülkər seçir.


L.İ.Brejnevin “Xam torpaq” əsərində deyilir: “Qardaş respublikalar kəhkəşanında Qazaxıstanın ulduzu indi daha parlaq işıq saçır”.