Yumor

Padşah və balıqçı

Qoca bir balıqçı dəryanın kənarında tor atıb balıq tuturmuş. Bu zaman vəzir səyahətdən qayıdırmış. O, qocanı görüb deyir:
-Qoca, başqa sənətin yoxdurmu? Bu soyuqda oturub balıq tutursan?


Qoca cavab verir ki, mən yerin altını da bilirəm, üstünü də, amma indi qocalmışam, halal zəhmətimlə dəryadan balıq tuturam, onunla dolanıram.


Vəzir qocanı özü ilə saraya aparır ki, gələcəkdə padşaha lazım olar. Padşah üç il bu adamı yanında saxlayır, bu müddətdə bir kəlmə də olsun onun səsini eşitmir. 


Axırda gedib Bəhlulu gətirirlər ki, bəlkə, bu adamı o danışdıra. Padşah Bəhlula deyir:
-Bəhlul, bu zalım oğlunun, deyəsən, qandığı, bildiyi bir şey yoxdur. Nə qədər eləyirik danışdıra bilmirik. 


Qoca, padşahın sözünü eşidib, mənalı-mənalı onu təpədən dırnağacan süzür, başını bulayır. Sonra əllərini yerə qoyub təpəsi üstə durur. 


Bəhlul deyir:
-Padşah, bəs deyirdin ki, bu adamın qandığı bir şey yoxdur, amma mən onu yaxşı başa düşdüm. Sən deyəndə onun qandığı şey yoxdur, o səni təpədən dırnağacan süzüb demək istəyirdi ki, sənin dünyada bildiyin şey yoxdur. Sonra o təpəsi üstə durmaqla demək istədi ki, sənin sarayında hər şey tərsinə, təpəsi üstədir. 


Padşah Bəhlulun sözlərindən bərk qəzəblənib deyir:
-Bəhlul, sən çox baş aparırsan, bu adam heç nə demədi, bu sözlər sənin ürəyindəki öz sözlərindir, mənə deyirsən. Əgər dediyin sözləri sübut eləməsən, sənə cəza verəcəyəm.


Padşah Bəhlulu saldırır zindana. Vəzirə əmr eləyir ki, apar bu adamı at dəryaya, rədd olsun.


Kişini aparırlar. Yolda bir pinəçinin yanından keçəndə görürlər, bir kişi pinəçiyə bir cüt ayaqqabı verib deyir:
-Bunları elə yama ki, heç olmasa beş-altı ay geyə bilim. 


Qoca bu sözləri eşidən kimi bərkdən qəhqəhə çəkib gülür. Vəzir balıqçının güldüyü görüb istəyir onu qaytarsın padşahın yanına, fikirləşir ki, birdən şahin yanında gülməz, biabır olaram. Bir az da gedəndən sonra görür daşın üstünə bir falçı oturub, gəlib-gedənin falına baxır. Falçının yanından keçəndə qoca bir də bərkdən gülür. Vəzir yenə istəyir padşahın yanına qayıdıb xəbər versin ki, kişi gülür, amma qorxur ki, birdən orda gülməsə, padşahın qəzəbi tutar. Axır ki, dərya kənarına çatıb qocanı buraxır. Bu vaxt vəzir deyir:
-Səni and verirəm nəyə inanırsan ona, de görüm, yolda nəyə gülürdün?


Qoca deyir:
-O adam ki, pinəçiyə deyirdi ayaqqabımı elə yama, beş-altı ay geyə bilim, həmin adam bilmirdi ki, elə o gecə özü öləcək. Falçının yanından keçəndə ona görə güldüm ki, əgər bilici adamdırsa, oturduğu daşın altında yeddi küp qızıl basdırılıb, elə onu tapardı. 
Vəzir deyir:
-Bəs bu üç ildə niyə danışmırdın?
-Görürdüm ki, sizin padşahın məmləkətində düz iş yoxdur. Mən düz iş olan yerdə danışıram, o da ki, sizdə yox idi. Havayı danışmaqdansa, susmaq yaxşıdır. 


Qoca sözünün deyib gedir. Vəzir başılovlu qayıdıb gördüklərini hamısını padşaha danışır. 


Səhərisi gün vəzirlə padşah gəlirlər pinəçinin yanına, görsünlər dünən ayaqqabı yamayan kişi harada olur. Onların bu sorğusuna pinəçi belə cavab verir:
-Yazıq kişi dünən axşam öldü, ayaqqabıları da burda qalıb. 


Vəzirlə padşah burdan çıxıb gedirlər yolda daşın üstündə oturan falçının yanına, fəhlə tutub oranı qazdırdılar, görürlər, doğrudan da, burda yeddi küp qızıl basdırırlıb. Padşah vəzirin sözünə tamam inanır, evə gələndən sonra Bəhlulu zindandan buraxdırıb deyir:
-Bəhlul, sənə hər kim divanə deyirsə, səhv eləyir, sən ağıllı adamsan, sən deyən düz çıxdı.