Təbiət

Xəşəmbül

Dünya florasının tərkibində xəşəmbül cinsinin 20-yə qədər növü yayılmışdır. Azərbaycanda isə yabanı halında 7 növünə təsadüf olunur. Xəşəmbül cinsinə daxil olan növlərin əksəriyyəti Qərbi Аvropa, Kiçik və Mərkəzi Asiya ərazilərində yayılmışdır. Bundan başqa bitkinin bir neçə növünə Rusiyanın Avropa hissəsində, Qərbi və Şərqi Sibirdə, Uzaq Şərq ərazilərində, Orta Asiyada, Qalqazda, o cümlədən Azərbaycanda rast gəlmək olar. Xəşəmbül növlərinin əksəriyyəti dərman, ədviyyat, yem, boyaq və nektar ləbiətli bitkilərdir. Xalq təsərrüfatının müxtəlif sahələrində isə ən çox 1 növündən sarı Xəşəmbüldən — Melilotus officinaliss-dən istifadə edilir. Sarı Xəşəmbül ikiillik ot bitkisidir, kökü budaqlanan saçaqlı olub, dikduran, qol-budaqlı, 100-150 (200) sm hündürlükdə olan gövdəyə malikdir. Uzun saplaqlı növbəli xırda mürəkkəb üçqat bizvari-itiləşmiş yarpaqları var. Gövdənin aşağı hissəsində yerləşən yarpaqları tərs yumurtaşəkilli, yuxarıdakılar isə lansetvaridir. Çiçəkləri xırda, sarı rəngli çoxlu miqdarda olub, uzunluğu 15 sm olan salxımda toplanmışdır. Meyvələri bir və ya iki qonurumtul rəngli paxladan ibarətdir. Toxumları yumurta formalı hamar xırda sarımtıl-qonur rəngdədir. 1000 ədəd toxumunun çəkisi 2,5 qramdır. Toxumları öz cücərmə qabiliyyətlərini 6-7 il saxlayır. Sarı xəşəmbül iyul ayından başlayıb avqust ayına kimi çiçək açır. Bitki torpağa az tələbkardır. İşıqsevəndir, şaxtaya və quraqlığa dözümlüdür. Sarı xəşəmbül Azərbaycanın Quba-Xaçmaz, Şamaxı-Ağsu. Naxçıvan MR, Qarabağ və Lənkəran ərazilərində geniş yayılmışdır.


Qeyd etdiyimiz ərazilərin çəmənlik yerlərində, əkin sahələrində, arxların, kanalların ətrafında ehtiyatı çoxdur. 


Sarı xəşəmbül toxumları vasitəsilə əkilib- becərilir. Toxumları sahəyə mart-aprel aylarında səpirlər. Səpin qabağı toxumları 3-4 saat 20-25" temperaturlu suda isladırlar. Bitkini payızlıq və yazlıq mədəni bitkilərin sahələrində əkib bol məhsul əldə edirlər. Toxumları enli cərgələrarası sahələrə səpilir. Hər hektar sahəyə dərinliyi 2-3 sm olmaqla 14-18 kq toxum səpilir. İlk cücərtilər 14-20 gündən sonra əmələ gəlir. Birinci ili bitki kök və erkən yarpaqları ilə vegetasiya dövrünü başa çatdırır. İkinci ilin erkən yazında sahə malalanır, alaq otlarından təmizlənir, üzvi və qeyri-üzvi gübrələrlə qidalandırılır. 

 

Dərman və ədviyyat məqsədləri üçün bitkinin çiçəklərini iyul ayında toplayırlar. Toplanmış xammalı mehvuran kölgəli yerlərə sərib qurudurlar. Toxumlarını isə ikinci yığım vaxtı tədarük edirlər. Toxumlar yetişdikdə asanlıqla zəif küləyin təsirindən ətratlara tökülüb məhsul itkisinə səbəb olur. Bunun qarşısını almaq üçün bitkidə toxumlar aşağı nahiyələrdə yetişməyə başlayan dövrlərdə  biçib məhsulu toplayırlar.


Xəşəmbülün toplanıb qurudulmuş çiçək və yaşıl xammalı xoş ətirli olub, şortəhər-acımtıl kəskin tama malikdir. Sarı xəşəmbülün qurudulmuş xammalını narın toz halına salıb bir sıra Qərb ölkələrində istehsal olunan yaşıl pendirin tərkibinə qatılır. 


Bitkinin çiçək və yarpağı bir sıra Mərkəzi Avropa ölkələrində mətbəx ədviyyatı olaraq sup, şorba, ət xörəklərinin, salat növlərinin, qarnir və kompotların tərkibinə qatılır. Bişirilmiş yaşıl kütləsi xiyar və pomidor turşularının tərkibinə əlavə edilir. 


Çiçəkləyənə qədər mal-qaranın bütün növləri tərəfindən həvəslə yeyilir. Qymətii nektar bitgisi hesab edilir. Hər hektar sahəsindən 200-250 kq bol tədarük edilir.

 

Xəşəmbül balının  müalicəvi əhəmiyyəti var. Ürək xəstəliklərinin müalicə və profilaktikasında əvəzsizdir. Belə ki, xəşəmbül balı qan dövranını tənzimləyir, damarların genişləndirir və ürək mənşəli şişkinliklərin qarşısını alır, təzyiqi stabilləşdirir.