Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXXIV fəsil

Hek dedi: 

- Tom, əgər kəndir olsaydı, pəncərədən sallanıb düşərdik. Pəncərə yerdən çox hündürdə deyil. 


- Axmaq söz danışırsan! Pəncərədən niyə düşürük? 


- Axı mən belə məclislərə öyrəşməmişəm. Mən orada otura bilmərəm. Bu saat pəncərədən əkilirəm, düz sözümdür! 


- Bəsdir, sən Allah! Boş-boş danışma! Görürsən ki, mən bir damcı da qorxmuram, heç sən də qorxma, mən sənin yanındayam! 


Sid içəri girib dedi: 
- Tom, xala bütün günü səni gözləyib. Meri sənin bazar günləri geydiyin kostyumu hazırlamışdı. Hamımız səndən nigaran qalmışdıq, hardasan? Bura bax, nə üçün ikinizin də paltarları palçığa, niyə batıb? 

- Bura baxın, cənab, başqasının işinə qarışmayın! Yaxşısı budur, de görək bu nə məclisdir? 
- Dul qadın həmişə olduğu kimi axşam məclisi düzəldib. Vallislinin və onun oğlanlarının şərəfinə. Ona görə ki, ata-oğul o gecə onu ölümdən qurtarıblar. İstəsən mən sənə bəzi sözlər də deyə bilərəm. 


- De, görək. 
- Bilirsənmi, mister Cons bu gecə camaatı bir məsələdə heyrətə gətirməyə hazırlaşır. Ancaq bu məsələni o xəlvətcə Polli xalaya danışdığını mən eşitmişəm, ona görə də bu, daha heç kim üçün sirr deyildir. Hamı çoxdan bilir, dul qadın da bilir, ancaq o özünü elə göstərir ki, guya heç bir şeydən xəbəri yoxdur. Ona görə də mister Cons mütləq Hekin burada olmasını istəmişdir. Heksiz onların heç bir işi baş tutmaz, bildinmi? 
- Nə sirr? Bu, nəyin barəsindədir? 


- Hekin; onun quldurları güdməsi barədə... Mister Cons elə bilir ki, bu xəbərlə camaatı heyrətə gətirəcək, ancaq məncə heç kəsin vecinə də olmayacaq, - deyə Sid sevinclə hırıldadı. 

 

- Sid, sən bunu hamıya demisən? 


- Kim demiş olduğunun sənin üçün nə fərqi var? Bilirlər, vəssalam.


 - Sid, bütün şəhərdə belə bir əclaflığa qadir bir adam varsa, o da sənsən. Əgər sən Hekin yerində olsaydın qorxudan tez dağaşağı götürülərdin, heç kəsə də quldurların haqqında ağzından bir söz qaçırmazdın. Əlindən ancaq pislik gəlir, yaxşı hərəkət üstündə birisini təriflədikdə dözə bilmirsən! Al payını - heç sağ ol da demə, lazım deyil. 

 

Tom Sidin qulağından dartaraq onu qapıdan bayıra itələdi. 
- Hünərin var, get Polli xalaya şikayət elə, onda qalanını da sabah alarsan! 

 

Bir neçə dəqiqədən sonra dul qadının qonaqları artıq stolun başına toplaşıb şam edirdilər, uşaqlar üçün də divarın yanında balaca stollar qoyulmuşdu. O zamanın və o yerlərin qayda-qanununa görə uşaqları belə oturdurdular. Nəhayət, mister Cons qısa bir nitqlə, özü və oğlanları üçün göstərilən bu hörmətin əvəzində dul qadına təşəkkür etdi və təntənə ilə bildirdi ki, onlardan başqa bir nəfər də vardır ki, təvazökarlıq edərək, özünü tanıtdırmaq istəmir və sairə. 

 

O, həmin gecəki əhvalatda iştirakını açıb danışdı, lakin onun dedikləri o qədər də qüvvətli təsir bağışlamadı. Bununla belə dul qadın elə təbii heyrətləndi və Hekə o qədər mehriban sözlər dedi, onu elə təriflədi, razılıq etdi ki, təzə kostyumun Hekə verdiyi əzab va sıxıntı bircə anda uşağın yadından çıxdı, çünki bu qədər hörmətə və tərifə dözməyin özü böyük iş idi. 

 

Dul qadın bildirdi ki, Heki öz yanına alıb ona tərbiyə vermək, əgər maddi vəziyyəti imkan versə onun bir işlə məşğul olmasına kömək etmək fikrindədir. Bu zaman növbə Toma çatdı. O dedi: 

- Hekin buna ehtiyacı yoxdur. O özü də varlıdır. 

 

Qonaqlar, cəmiyyətdə özlərini necə aparmalı olduqlarını xatırlayaraq, belə incə bir zarafatı qəhqəhə ilə qarşılamaqdan özlərini güclə saxlaya bildilər. Çox gərgin bir sükut çökdü. Bu sükutu birinci pozan Tom oldu: 

 

- Hekin pulu vardır. Siz bəlkə də inanmırsınız, ancaq onun pulu lap çoxdur. Gülməyin mənası yoxdur, mən bu saat sizə göstərə bilərəm. Bir dəqiqə dayanın. 

 

Tom qaçıb bayıra çıxdı. Qonaqların hamısı karıxmış halda və maraqla birbirlərinə, sonra da sualedici nəzərlərlə Hekə baxdılar. Hekin nitqi tutulmuşdu. 


Polli xala soruşdu: 
- Sid, Toma nə olub? O... Nə deyim, ondan hər nə desən gözləmək olar. Bu uşaq heç bir vaxt... 

Bu zaman Tom çiyninə aldığı kisənin ağırlığından ikiqat içəri girdi. Polli xala sözünün dalını deyib qurtara bilmədi. Tom qızıl pulları stolun üstünə boşaldaraq dedi: 

 

- Mən sizə bunu deyirdim! Yarısı Hekindir, yarısı mənim! Belə bir mənzərəni görən qonaqlar yerlərində quruyub qaldılar. Onlar gözlərini qızıllara zilləyərək, bircə kəlmə də danışa bilmirdilər. Sonra hamı bir səslə izahat tələb etdi. Tom dedi ki, bu saat hamısını nağıl edəcəkdir. O sözə başladı, hekayət çox uzun və olduqca maraqlı idi. Hamı qımıldanmadan, heyrətlə qulaq asırdı. Tomun sözü qurtardıqda mister Cons dedi:

 

 - Mən də elə zənn edirdim ki, sizin üçün gözəl bir sürpriz hazırlamışam! Bu əhvalatın qarşısında o heç bir şey imiş. Boynuma alıram ki, mənim dediklərim boş bir şey imiş! 

 

Pulları saymağa başladılar. Məlum oldu ki, on iki min dollardan bir az çoxdur. Orada oturanların bəzilərinin bundan artıq kapitalı olsa da hələ heç kəs ömründə bu qədər pulu bir yerdə görməmişdi.