Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXIII fəsil

Hersoq ilə kral bütün günü yorulmaq bilmədən işlədilər, səhnəni qurdular, pərdə asdılar, rampa əvəzinə səhnənin qırağına şam düzdülər, axşam isə gözümüzü açmağa macal tapmamış, zal ağzınacan adamla doldu; tamaşaçıların hamısı kişi idi. Daha adam buraxılmağa yer qalmadığı vaxt hersoq biletləri yoxlamaqdan əl çəkib binanı bayır tərəfdən hərlənərək gəlib səhnəyə çıxdı, pərdə qarşısında duraraq qısa nitq söylədi.
 
Əvvəlcə faciəni tərifləyib dedi ki, guya dünyada ən maraqlı faciə varsa o da budur, daha sonra isə yenə faciə haqqında və bu faciədə ən baş rolu ifa edən Böyük Edmund Kin barədə ağlagəlməz yalanlar söylədi; bütün tamaşaçılar maraqdan alışıb yandıqları vaxt pərdəni qaldırdı və elə həmin dəqiqədə kral tamam çılpaq halda iməkləyərək səhnəyə çıxdı; kralın bədəninə müxtəlif rənglərdən zolaqlar çəkilmişdi, o, göy qurşağı kimi parıltılı idi; qalan şeylər haqqında isə heç danışmağa da dəyməz, tamam cəfəngiyat idi, amma bununla belə çox gülməli idi. Tamaşaçılar gülməkdən az qala partlayırdılar; kral xeyli atılıb-düşdükdən sonra səhnə arxasına çəkildikdə tamaşaçılar o vaxtadək əl çalıb qışqırdılar, qəhqəhə çəkərək gülüb özlərindən çıxdılar ki, o, bir daha səhnəyə qayıdıb bu gülməli oyunu yenidən oynamalı oldu, bundan sonra da onu hər bir şeyi başdan təkrar etməyə məcbur elədilər. Bizim qoca sarsaq elə gülünc hərəkətlər edirdi ki, buna nəinki adamın, hətta bişmiş toyuğun da gülməyi gələrdi.
 
Sonra hersoq pərdəni endirib camaata baş əydi və bildirdi ki, onlar təxirə salınmadan Londona, qastrola gedəcəklər, orada qarşıdakı tamaşalara artıq bütün biletlər satılıb qurtarmışdır, buna görə də bu gözəl faciəni bir daha cəmisi ikicə dəfə ifa edəcəkdir; sonra
yenə tamaşaçılara baş əyib dedi ki, əgər bu tamaşa hörmətli tamaşaçılara maraqlı və cəlbedici görünübsə, onlardan acizanə surətdə xahiş edirik ki, öz dost və tanışlarına da gedib bu tamaşaya baxmağı məsləhət görsünlər.
 
İyirmiyə qədər adam birdən qışqırdı:
- Necə, məgər tamaşa qurtardı? Hamısı budurmu?
 
Hersoq cavab verdi ki, bəli, qurtarıb. Bu vaxt cəncəl başlandı. Tamaşaçılar çığırmağa başladılar ki: "Bizi aldadıblar!" Coşub özlərindən çıxan bəzi tamaşaçılar yerlərindən atılıb səhnəni dağıtmaq və artistləri döymək istədilər. Lakin bu vaxt uca boylu, gözəl görkəmli bir kişi skamya üstünə çıxıb qışqırdı:
- Dayanın! Centlmenlər, bircə kəlmə sözüm vardır!
 
Hamı ona qulaq asmaq üçün dayandı:
- Bizi aldadıblar, həm də lap pis aldadıblar! Ancaq mənə elə gəlir ki, biz bütün şəhərdə gülünc vəziyyətə düşmək istəmirik, bütün bunların nə ilə qurtaracağını bilməliyik.
 
Bilirsinizmi nə var? Gəlin, sakitcə buradan dağılışaq, tamaşanı tərifləyib bütün şəhəri aldadaq! Onda hamımız eyni vəziyyətdə olarıq. Belədir, ya yox?
- Əlbəttə, elədir, doğrudur! Mərhəba, hakim! – deyə hamı bir ağızdan qışqırdı.
- Yaxşı, onda aldadıldığımız haqda bir kəlmə də danışmamalıyıq.
 
Evinizə gedib bir tamaşaya baxmağı hamıya məsləhət görün.
 
Ertəsi gün butün şəhərdə söhbət yalnız bizim gözəl tamaşamız barədə idi. Zal yenə də ağzınacan tamaşaçı ilə doldu və biz onları da yamanca aldatdıq. Kral və hersoqla birlikdə qayıdıb sala gələrək yaxşıca şam etdik, sonra gecə yarısı onlar mənimlə Cimə dedilər ki, sah çayın ortasıyla şəhərdən azı iki mil aşağıya sürək və bir yerdə gizlədək.
 
Üçüncü gecə də zal ağzınacan adamla doldu, bu dəfə gələnlər təzə tamaşaçılar deyil, birinci iki tamaşada olan həmin adamlar idi. Mən hersoqla birlikdə qapı ağzında durmuşdum; fikir verib gördüm ki, hər bir tamaşaçı cibində, yaxud ətəyinin altında nə isə gizlədib; mən o saat başa düşdüm ki, bu ətriyyat və bəzək şeyi deyil, bunun tamam əksidir. Çoxlu iylənmiş yumurta və çürük kələm iyi gəlirdi, mən ölü pişik iyini yaxşı tanıyıram, heç vaxt səhv eləmərəm, gördüm ki, yanımdan altmış dörd dənəsini içəri keçirtdilər. Bir dəqiqəliyə özümü zala saldım, artıq dayana bilmədim, çox pis iy gəlirdi.
 
Zal ağzınacan adamla dolub, daha bir kimsəni içəriyə buraxmaq mümkün olmadıqda bersoq cavan oğlanlardan birinə iyirmi beş sent verib qapıda durmasını xahiş etdi, özü isə guya binanı hərlənərək səhnəyə çıxmaq üçün getdi, mən də onun dalınca düşdüm tini
burulub qaranlıq bir yerə çıxan kimi o mənə dedi:
- İndi yeyin get, evlərdən uzaqlaşan kimi var gücünlə sala doğru qaç, elə bil cinşeyatin dalınca düşüb səni qovur!
 
Biz ikimiz də götürüldük, Eyni bir vaxtda qaçaraq özümüzü sala saldıq və heç ikicə saniyə belə keçməmiş tam sakitlik və qaranlıq zülmət içərisində çayaşağı üzməyə başladıq, salı çəpəki çayın ortasına doğru sürür, bir kəlmə də danışmırdıq. Mən elə düşünürdüm ki, yazıq kralın işi bitib, amma belə deyilmiş, azca sonra o, iməkləyərək çadırdan çıxıb soruşdu:
- Hersoq, bir də görək bu işdən nə qədər qazanmışıq?
 
Demə, kral heç şəhərdə deyilmiş.
Biz şəhərdən ən azı on mil uzaqlaşıncayadək fənər asmadıq. Sonra isə fənəri yandırıb şam etdik; kral ilə hersoq camaatı necə aldatdıqlarını yada saldıqca gülməkdən qırılırdılar.
 
Hersoq dedi:
- Çox qanmaz və maymaq adamlar idi! Mən düz başa düşmüşdüm, birinci tamaşada susacaqdılar ki, qalanları da bu oyuna düşüb biabır olsun, onu da bilirdim ki, üçüncü dəfə bizə gözlənilməz hədiyyə hazırlayacaqlar, elə güman edirdilər ki, indi növbə onlarındır.
Doğrudan da, indi onların növbəsi idi; bu saat onların nə hala düşdüklərini bilmək üçün nə qədər pul istəsən verərdim. Orada nə etdiklərini bilmək heç pis olmazdı. Ağıllarına gəlsə şəhər kənarına çıxıb yaxşı kef məclisi düzəldə bilərlər, axı azuqələri çox idi.
Bu fırıldaqçılar üç gecədə dörd yüz altmış beş dollar pul yığmışdılar. Mən hələ indiyədək heç vaxt görməmişdim ki, bu qədər pul qazanmaq mümkün olsun.
 
Bir qədər sonra onların hər ikisi yatıb xoruldamağa başladıqda, Cim dedi:
- Hek, kralların özlərini bu cür aparmaları sənə təəccüblü gəlmir ki?
- Yox, - deyə cavab verdim, - təəccüblü gəlmir.
- Nə üçün təəccüblü gəlmir, Hek?
- Ona görə ki, onların cinsi belədir. Onlar hamılıqca belədirlər.
- Hek, axı bizim bu krallar əsl fırıldaqçıdırlar! Bax bunlar kimdir- əsl fırıldaqçıdırlar!
- Bəs mən sənə nə deyirəm, kralların, demək olar ki, hamısı fırıldaqçıdır, bu məlum işdir.
- Nə danışırsan?!
- Onlar haqqında oxu, onla bilərsən. Elə Səkkizinci Henrixin özünü götür; bizim bazar günü məktəbindəki müəllimin onu görməyə gözü yox idi. Sən qoca Henrixə onun cavan vaxtında bir baxaydın! Çox qəribə tip olub! Elə vaxt olub ki, hər gün özünə təzə arvad alıb, səhərisi də boynunu vurdurub! Həm də elə laqeydcəsinə deyirdi ki, elə bil özünə qayğanaq hazırlamağı tapşırır. Deyir: "Nelli Qvinni bura verin!" Onu gətirirlər. Səhəri gün isə: "Aparam boynunu vurun!" Onlar da vururlar.
 
"Ceyn Şoru bura verin!" Oda gəlir. Səhəri isə: "Aparın boynunu vurun!" Vururlar. "Gözəl Rozamundanı buraya çağırın!" Gözəl Rozamunda onun çağırışı ilə gəlir. Səhərisi isə:
 
"Aparın boynunu vurun!" O özünün hər bir arvadını hər gecə ona bir nağıl danışmağa məcbur edirmiş, nağıllar yığılıb min bir dənə olduqda isə onları yığıb bir kitab düzəltmiş, adını da "Məhşər gününün kitabı" qoymuşdu, bəd deyil, yaraşan addır! Cim, sən kralları
tanımırsan, mən isə onlara yaxşı bələdəm; bizim bu əyyaş, mənim tarixdən oxuduğum krallara nisbətən yaxşıdır. Elə Henrixin özünü götür. Haradansa ağlına gəlir ki, Amerika ilə qalmaqal salsın. Bundan ötrü nə edir? Xəbərdarlıq edirmi? Qüvvəsini toplamaq üçün
Amerikaya macal verirmi? Xeyrə! Birdən-birə, səbəbsiz yerə bütün çay kisələrini Boston limanında gəmidən dənizə atdırır, sonra da İstiqlaliyyət Bəyənnaməsini elan edir: - İndi, -deyir, - vuruşun. Həmişə belə edib, heç kimə fikir verməyib. Bir dəfə öz doğma atası
hersoq Velliqtondan şübhələnir. Nə etsə yaxşıdır? Onu sorğu-sual edirmi? Xeyr, götürüb pişik balası kimi malvaziya  boçkasına saldırıb boğdurur. Bir kimsə çaşıb pulunu baxımsız qoysa, necə bilirsən, o nə edərmiş? Mütləq götürüb öz cibinə qoyarmış. Əgər bir
işin düşürsə, onu düzəltmək üçün ona pul vermiş olsan və sonra gözdən qoysan, mütləq kələk gələcək, səni aldadıb işini düzəltməyəcəkdir. Ağzını açıb dediyi hər bir söz yalan olacaqdır. Bax, Henrix belə murdar adam olub! Əgər bizim kralların yerində yanımızda o olsaydı, bu şəhəri daha bədtər çapıb talayardı. Mən demirəm ki, bizimkilər məsum quzudurlar; əgər əməlli baxsan, bunlar da az aşın duzu deyillər; ancaq onlar həmin pozğun və əxlaqsız qocanın yanında toya getməlidirlər. Mənim dediyim budur: kral kraldır, vəssalam, bununla hesablaşmaq lazımdır. Ümumiyyətlə isə, onların hamısı bir zibildir.
 
Tərbiyələri belədir.
- Hek, bizimkindən həmişə bark araq iyi gəlir.
- Nə olsun ki, Cim, onlar hamısı belədir. Kralların hamısından araq iyi gəlir, nə edəcəksən ki, bunu tarix deyir.
- Hersoq bir qədər yaxşıdır, ona nisbətən xeyli ləyaqətli adamdır. 
- Hersoq, başqa məsələ. Amma fərqi o qədər də böyük deyil. Hersoq olsa da fərli adam deyil. İçəndə onu kraldan ayıra bilməzsən, yoxsa gözün görmür?
- Eh, lənətə gəlsinlər, mən daha belələrinə rast gəlmək istəmirəm.
Elə bunlara da güclə dözürəm.
- Mən də, Cim. Ancaq bir halda ki minib boynumuzda oturublar, gərək onların kim olduğunu unutmayaq və bununla həmişə hesablaşaq.
 
Amma adam, bununla belə, kralların tamam qırılıb yox olduqları bir ölkə olubolmadığını bilmək istəyir.
Cimo bunların əsl kral və hersoq olmadıqlarını söyləməyin nə mənası vardı? Bunun heç bir yaxşı nəticəsi ola bilməzdi, bundan başqa isə mənim dediyim kimi, onlar əsl kral və hersoqdan heç bir şeylə fərqlənmirdilər.
Uzanıb yatdım; növbə çəkmək vaxtım çatdıqda Cim məni oyatmadı. O çox vaxt belə edər, məni yuxudan ayıltmazdı. Sübh vaxtı oyanıb gördüm ki, Cim oturub başını dizləri üstə qoyaraq dərindən içini çəkə-çəkə ağlayır. Belə hallarda mən adətən ona fikir vermir,
özümü görməməzliyə vururdum. Mən onun nə üçün ağladığını bilirdim. O, arvadı və uşaqlarını yadına salıb evləri üçün darıxırdı, axı bu vaxtadək heç bir zaman ailəsindən ayrılmamışdı; uşaqlarını da, məncə, hər hansı bir ağ adamın öz uşaqlarını istədiyindən az
istəmirdi. Bu qəribə görünsə də, belədir ki, var. Cim çox vaxt mənim yatmış olduğumu güman edərək gecələr inildəyir, ağlayırdı; ağlaya-ağlaya da belə deyirdi:
- Yazıq Lizabet, yazıq Conni! Ah, nə böyük dərddir! Yəqin ki, mən bir daha sizi görməyəcəyəm, heç bir vaxt görməyəcəyəm! Bu cim çox yaxşı zəncidir!
 
Lakin bu dəfə mən onunla arvadı və uşaqları haqqında söhbətə başladım, o dedi:
- Övqətim ona görə belə təlxdir ki, indicə sahildə nəyinsə şappıldadığını, ya da tappıldadığını eşitdim, bundan da bir dəfə öz kiçik Lizabetimi incitdiyim yadıma düşdü.
 
Onun o vaxt cəmisi dörd yaşı vardı, skarlatina tutulub bərk xəstələnmişdi, sonra isə sağalıb yaxşılaşdı; bir dəfə gəlib yanımda dayanmışdı, mən ona dedim:
"Qapını ört!"
O isə qapını örtməyib əvvəlki kimi durmuş, hələ üstəlik mənə baxaraq gülümsəyirdi.
 
Mən özümdən çıxdım; bu dəfə ona lap bərkdən dedim:
"Məgər eşitmirsən? Ört qapını!" 
O isə yenə əvvəlki kimi durub gülümsəyirdi. Mən dəli kimi özümdən çıxıb qışqırdım:
- Yaxşı, indi səni məcbur elərəm!
 
Başına zərbnən elə vurdum ki, döşəmənin üstünə sərildi. Mən durub o biri otağa keçdim, on dəqiqəyəcən orada durub yenə geri qayıtdım; baxıb gördüm ki, qapı əvvəlki kimi, laybalay açıqdır, qız da qapının lap yanında dayanıb, başını aşağı sallayaraq ağlayır,
elə bu vaxt birdən külək qalxdı və bayır tərəfə açılan bu qapını tappıltı ilə qızın lap qulağının dibində çırpdı, uşaq heç yerindən də tərpənmədi. Mən yerimdəcə quruyub qaldım, bu vaxt nələr fıkirləşdiyimi heç deyə də bilmirəm. Barmaqlarımın ucunda xəlvətcə qabağa keçib birdən bərkdən qışqırdım. Uşaq heç qımıldanmadı da. Bəli, Hek, bu vaxt mən özüm də ağladım. On əllərim üstə götürüb dedim:
"Ah, yazıq uşağım! Ya rəbbi, qoca Cimin günahından keç, Cim isə özünü heç vaxt əfv etməyəcəkdir!"
 
Hek, bilirsənmi, uşaq məxmərəkdən kar olnıuşdu, mən isə bilməyib onu belə incitmişdim.