Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXII fəsil

Mən sirkin yanına gedib dal qapı tərəfdə veyllənməyə başladım, qarovulçu gəlib yanımdan keçdikdən sonra isə sirk çadırının brezentini qaldırıb içəri keçdim. Yanımda iyirmi dollarlıq bir qızı pul və başqa pullar vardı, ancaq mən onları xərcləmək istəmirdim. Bilmək olmazdı, evdən bu qədər uzaqda, həm də özgə adamlar içərisində həmişə pul lazım ola bilər. Ehtiyat yaxşı şeydir. Mən havayı keçmək mümkün olmayan yerdə sirkə pul verməyin ələyhinə deyiləm, ancaq pulu çöle tullamaq da olmaz.


Sirk çox yaxşı idi. Kişi və qadınların çiyin-çiyinə cüt-cüt at belində çapıb gəlmələrinə adam baxdıqca heyran olurdu. Əyinlərində toxunma sirk paltarı olan kişilər çəkməsiz və mahmızsız idilər, bununla belə atın üstündə çox sərbəst oturmuş, əllərini bellərinə vurmuşdular. Gərək ki, iyirmi nəfər olardı; qadınların isə hamısı al yanaqh idi, hamısı elə gözəl idi ki, əsl kraliçaya oxşayıb, əyinlərinə üstü tamam brilyaııl olan bahalı paltarlar geymişdilər, bu paltarların hər birinin qiyməti, yəqin ki, milyondan az olmazdı. Bütün bunlar adamın ürəyinə yatırdi, adam baxdıqca doymaq bilmirdi, bir də ki, mən, üınumiyyətlə, bu vaxtadək heç bir gözəl şey görməmişdim. Sonra onların hamısı yəhər üstündə ayağa qalxıb qamətlərini düzəltdilər, yavaş-yavaş və qəşəngcə yırğalanayırğalana, uzun bir sıra ilə sirk meydanını dolanmağa başladılar, bu vaxt onların başı az qala tavana toxunurdu; kişilər olduqca qamətli, boylu-buxunlu, cəld görünürdülər, qadınların isə paltarları qızılgül ləçəkləri kimi yüngülcə titrəyib yellənirdi, qadınların hər biri ən bəzəkli çətirə bənzəyirdi.


Sonra onlar sirk meydançasının ətrafında daha bərk çaparaq çevikliklə oynamağa başladılar; onların gah bu, gah da o biri ayaqları havada olurdu; onlara rəhbərlik edən artist isə əlindəki qırmancı yellədə-yellədə meydanın ortasında, nazik, uzım dirəyin ətrafında gəzişir və: "Gip, gip!" - deyə çığırırdı, kloun isə onun arxasınca gəzib, gülməli atmacalar söyləyirdi: sonra onlar yüyənləri buraxdılar, qadınlar zərif əllərini bellərinə qoydular, kişilər əllərini sinələrində çarpazladılar, atlar isə oynayır, sonra qabaq ayaqları üstı diz çökürdu. Onların hamısı bir-birinin ardınca atlardan yerə sıçradı, çox nəzakətlə tamaşaçılara baş endirib getdi, tamaşaçılar isə əl çalır, lap özlərindən çıxaraq qışqırırdılar.


Bu qayda ilə onlar tamaşanın axırınacan müxtəlif qəribə şeylər etdilər, kloun isə tamaşaçıları elə güldürürdü ki, adam gülməkdən az qala ölürdü. Rəhbərlik edən artist ona nə deyirdisə, o söz üçün məəttəl qalmırdı; o saat cavab verir, həmişə də gülməli söz danışırdı; hər şeyi o elə tez, elə gözəl deyirdi ki, bunu nə cür düzəltdiyini ağlıma belə sığışdıra bilmirdim. Mən onun dediklərini heç bir ilə də tapıb quraşdıra bilməzdim. Sonra haradansa bir sərxoş adam sirkin meydançasına girdi və dedi ki, at minmək istəyir, at sürməyi isə heç bir kəsdən pis bilmir. Onu dilə tutdular, meydançaya buraxmadılar, ancaq o, bir söz belə eşitmək istəmirdi, buna görə də tənəffüs elan etməli oldular. Bu vaxt tamaşaçılar onun üstünə qışqırmağa, onu lağa qoymağa başladılar, o isə özündən çıxıb dava salmağa başladı; belə olduqda tamaşaçılar daha dözə bilməyib yerlərindən qalxaraq meydançaya tərəf tökülüşdülər; çoxları qışqırırdı: "Onu yaxşıca vurun!


Qolundan tutub çölə tullayın!". Bir-iki qadın isə çığırışdı. Bu vaxt rəhbərlık edən artist gəlib heç bir şuluqluq baş verməyəcəyinə əmin olduğunu bildirdi və dedi ki, qoy bu cənab özünü yaxşı aparacağına söz versin, onda, əgər o, atın üstündə dura biləcəyinə arxayındırsa, at sürməyinə icazə verərik. Hamı gülüşdü, yerlərdən qışqırdılar ki, razıyıq. Sərxoş adam at belinə qalxdı. Elə təzəcə əyləşmişdi ki, at şıllaq atmağa, dartınıb şahə qalxmağa başladı, onu tutmaq istəyən iki sirk xidmətçisi isə xalta qayışından asılıb qaldı; sərxoş adam atın yalından yapışdı, at hər dəfə sıçradıqca onun ayaqları yuxarı qalxıb bavada oynayırdi. Tamaşaçılar yerlərindən qalxıb qışqırır, gözləri yaşarana qədər gülürdülər. Nəhayət, sirk xidmətçilərinin bütün cəhdlərinə baxmayaraq, at onların əlindən çıxıb meydança ətrafında çapmağa başladı, sərxoş isə atın üstünə yatıb boynundan quçaqladı; onun gah bu, gah da o biri ayağı yellənib az qala yerə dəyirdi, tamaşaçılar isə hey gülürdülər. Mənə bütün bunlar gülməli gəlmirdi, mən tir-tir əsır, qorxurdum ki, ona bir şey olmasın. Lakin o əlləşdi, əlləşdi, əməlli-başlı yəhərdə oturaraq cilovlardan yapışdı; o hələ də gah bu, gah da o biri tərəfə yırğalanırdı; daha bir dəqiqə keçıniş gördüm ki, o cilovları buraxıb ayaq üstə sıçrayaraq yəhərin üstünə çıxdı. At isə var gücü ilə dördnala çapırdı. O, yəhərin üstündə elə sakit və sərbəst dayanmışdı ki, elə bil qətiyyən sərxoş deyildi, sonra gördüm ki, paltarlarını çıxarıb yerə atır. Bir-birinin ardınca elə tez-tez soyunurdu ki, adam görə bilmirdi; beləliklə, o əynindən on yeddi paltar çıxarıb atdı. İndi o, təsəvvürünüzə belə gətirə bilməzsinız ki, necə yaraşıqlı sirk paltarı geyinmjş, boylu-buxunlu və gözəl bir at sürücüsü idi. Sonra o atı qamçılayıb meydanda dördnala çapdırdı və nəhayət, at çapa-çapa yerə atıldı, tamaşaçılara baş əyərək qaçıb getdi, tamaşaçılar isə bu vaxt heyrət və sevincdən elə küy qopartmışdılar ki, gəl görəsən.


Mənə belə gəlir ki, rəhbərlik edən artist ona belə kələk gəldiklərini görüb bərk acıqlandı. Demə, bu onun öz xidmətçisi imiş! Bunu xidmətçi özü fikirləşib düzəltmiş və bu haqda heç kəsə bir şey deməmişdi. Mən özüm də bu cür aldadılmağımdan xoşlanmadım, ancaq lap min dollara da özümü həmin rəhbərlik edən artistin yerinə qoymazdım! Bilmirəm, bəlkə də başqa bir yerdə bundan da yaxşı sirk var, ancaq mən beləsini hec vaxt görməmişəm. Mənim fikrimcə, her halda bu da çox yaxşı idi, mən bu sirki harda gorsəm, mütləq yenə də gedib baxacağam. Biz də həmin axşam öz tamaşamızı düzəltdik, ancaq gələn az oldu. Cəmi on iki adam var idi, qazandığımız xərcimizi ödəməyə güclə çatdı. Tamaşaçılar bütün tamaşa boyu qəhqəhə çəkib gülürdülər, hersoqun isə acığı tutur, az qala partlayıb özündən çıxırdı; sonra isə yuxulamış bir oğlandan başqa hamı tamaşa qurtarmamış çıxıb getdi. Hersoq dedi ki, bu arkanzaslı səfehlər helə Şekspiri anlamaq səviyyəsinə yüksəlməyiblər, onlara çox axmaq bir məzhəkə, hətta axmaq məzhəkədən də pis bir şey göstərmək lazımdır. Onların zövqünə nəyin uyğun olduğunu o yaxşı bilir.


Hersoq ertəsi günü səhər böyük kağız vərəqələri götürüb qara rənglə aflşalar yazdı və aparıb şəhərin hər bir tərəfinə yapışdırdı.