Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XXXV fəsil

HEK SƏRVƏTDƏN İMTİNA EDİR 


Oxucu əmin ola bilər ki, Tomla Hekin tapdıqları xəzinə Sent-Pitersburq kimi kiçik bir şəhərdə bərk səs-küy qopardı və hamının beynini yerindən oynatdı. Bu qədər böyük bir məbləğ, özü də nəqd, ağlasığmaz iş idi! Hamı bu haqda danışır, heyrət edir, həsəd aparırdı; şəhər əhalisindən bir çoxu hətta, belə zərərli həyəcana davam gətirə bilməyib ağlını itirmişdi. Xəzinə axtarmaq həvəsinə düşmüş adamlar şəhərdə və onun ətraf qəsəbələrində bütün "cin-şəyatin" dolaşan evlərin taxtalarını, dirəklərini bir-bir söküb çıxartmış, bünövrələrini, yan-yörələrini qazıq-qazıq etmişdilər. Təkcə uşaqlar deyil, hətta xəyalpərəst olmayan yaşlı, ağır-səngin adamlar belə bu işə əl atmışdı. Tomla Hek hara gedirlərsə getsinlər, hər yerdə onlara hörmət göstərir, onlara tamaşa edir, valeh olurdular. Uşaqların yadına gəlmirdi ki, əvvəllər onların dedikləri sözlərə birisi qulaq asmış olsun, lakin indi onların ağzından çıxan hər sözü göydə qapır və onu təkrar edirdilər. Hər nə eləsəydilər çox gözəl çıxırdı; onlar, görünür, adi insanlar kimi hərəkət etmək və danışmaq qabiliyyətini itirmişdilər. Bundan başqa adamlar hətta onların keçmiş həyatlarından belə bəzi əlamətlər xatırlayırdılar ki, bu da uşaqların elə əvvəldən orijinal və istedadlı olduqlarını aşkar sübut edirdi; şəhər qəzeti onların tərcümeyi-halını da dərc etmişdi. 


Dul qadın Duqlas Hekin pullarını banka qoydu, hakim Tetçer də Polli xalanın xahişi ilə Tom üçün eyni işi gördü. İndi uşaqların böyük gəlirləri var idi - hər gün bir dollar, bazar günləri isə yarım dollar. Bu, keşişin gündəlik alacağı pula bərabər idi. Fərq orasında idi ki, keşişə ancaq vəd edirdilər, almağına isə o bu qədər pulu ala bilmirdi. O zamanlar başqa cür idi - həftədə bir dollar iyirmi beş sent gəliri olan uşaq bu pula yeyib-içər, məktəbdə oxuyar, geyinər, hətta yuyunub, saçlarını da düzəltdirə bilərdi. 

 

Hakim Tetçer Tom haqqında çox yüksək fikirdə idi. O deyirdi ki, adi bir oğlan uşağı onun qızını mağaradan çıxarıb xilas edə bilməzdi. Bekki, məktəbdə Tomun onun əvəzinə nə cürə cəza çəkdiyini xəlvətcə atasına nağıl etdikdə hakim olduqca mütəəssir oldu. Bekki, Tomun bütün təqsirləri öz üzərinə götürərək onu qamçı cəzasından qurtarmaq üçün nə kimi yalanlar uydurduğunu atasına xəbər verdikdə və bu yalanlar üçün Toma bəraət qazandırmaq istədikdə hakim böyük bir həyəcanla bildirdi ki, bu, çox alicənab və müqəddəs bir yalandır. Bekki heç bir zaman atasını, otaqda xalçanın üstü ilə o baş-bu başa addımlayaraq, ayaqlarını yerə döyə-döyə bu sözləri dediyi dəqiqədəki qədər əzəmətli və nüfuzedici görməmişdi. Qız o saatca Tomun yanına qaçıb, bunların hamısını ona xəbər verdi. 

 

Hakim Tetçer Tomu bir zamanlar böyük ictimai xadim və ya məşhur bir sərkərdə görəcəyinə ümid bəsləyirdi. O deyirdi ki, var qüvvəsilə çalışıb Tomu Milli hərbi akademiyaya düzəldəcək, sonra isə ölkənin ən yaxşı məktəblərindən birində hüquq elmini öyrənməsinə nail olacaq. Beləliklə, Tom bu iki sənətdən birinə və bəlkə də hər ikisinə birdən yiyələnəcəkdir. 

 

Hek Finnin var-dövləti, bəlkə də dul qadın Duqlasın himayəsi altında olması onu cəmiyyətə daxil etdi, - yox, daha doğrusu güclə çəkib gətirdi. Hek indi olmazın əzablar çəkirdi. Dul qadının xidmətçiləri onu geyindirir, yuyundurur, baş-gözünü darayır, sığallayır, üstundə bircə ləkəsi belə olmayan iyrənc ağappaq döşəkağıda yatızdırırdılar. Hek azad olduğu o çirk-pasa indi köhnə bir dost kimi sevinərdi. İndi xörəyi nimçədə yemək, çəngəl-bıçaqdan istifadə etmək, ağzı dəsmalla silmək, fincanda çay içmək lazım gəlirdi. Kitabdan dərs oxumaq və kilsəyə getmək lazım gəlirdi. İndi Hek elə nəzakətlə danışmalı olurdu ki, az qala əvvəlki, gözəl danışıq qabiliyyətini itirəcəkdi. Hara tərpənsə ədəb çərçivəsi və zəncirləri onu azadlıqdan məhrum edir, əl-qolunu bağlayırdı. 

 

O, bütün bu iztirablara düz üç həftə qəhrəmancasına davam gətirdikdən sonra günlərin bir günü qaçıb canını qurtardı. Bərk həyəcanlanmış dul qadın iki gün hər tərəfi gəzib onu axtardı. Axtarışda hamı iştirak edirdi. Hek üçün demək olar ki, hər yeri axtardılar, hətta meyitini tutmaq niyyəti ilə çaya tor da atdılar. Üçüncü gün Tomun ağlına gəldi ki, köhnə sallaqxananın dalındakı boş çəlləkləri yoxlasın. Tom qaçağı həmin çəlləklərdən birində tapdı. Hek gecəni də burada qalırdı; o haradansa yeməli bir şey çırpışdıraraq səhər yeməyini yemiş, indi isə rahatca sərələnərək qəlyan çəkirdi. O, əl-üzünü yumamışdı, başını daramamışdı, əynində də azad və xoşbəxt olduğu keçmiş gözəl vaxtlarda ona elə qəribə görkəm verən cır-cındır var idi. Tom çəkib onu çəlləkdən çıxartdı, hamını nə qədər əzaba salmış olduğunu ona danışdı və tələb etdi ki, bu saatca çıxıb evə getsin. Hekin üzündəki sakit və xoş ifadə o saatca yox oldu, onu dərd aldı. Hek Toma dedi: 
- Tom, bu barədə heç danışmasan yaxşıdır! Mən təcrübə etdim mümkün deyil, qətiyyən mümkün deyil, Tom. Elə şeylər mənə lazım deyil, mən onlara öyrəşməmişəm. Dul qadın çox mehribandır, o məni incitmir, ancaq onun evindəki qayda-qanun mən istəyən deyil. Deyir hər səhər eyni bir vaxtda yuxudan durmalısan, yuyunmalısan, başımı özü darayır... Saçlarımın hamısını daraya-daraya çəkib yerindən çıxarıbdır. Odun anbarında yatmağa da qoymur. Bir də o zəhrimara qalmış kostyumu əynimə keçirir, içində nəfəs də ala bilmirəm. Hava buraxmır, özü də andıra qalmış elə təmiz və şaxdır ki, adam nə uzana bilir, nə rahat yeyib-içə, nə də yerdə eşələnə bilir. Anbarların qapısından sallanmadığını elə bil ki, yüz ildir! Hələ gərək kilsəyə də gedəm, o dualardan da ki, mənim lap zəhləm gedir. Milçək tutmaq olmaz, çox danışmaq olmaz, ayaqqabısız gəzmək olmaz, bütün bazar günü gərək çəkmə ayağında olsun - belə şeylərə dözmək olar? Arvad zənglə yemək yeyir, zənglə yatır, zənglə ayağa qalxır - onun hər işi qayda-qanunladır, adam nə qədər davam gətirə bilər?! 

- Hek, axı hamı belədir, nə etmək olar?! 

 

- Hamının mənə dəxli yoxdur! Mən - hamı deyiləm, belə şeylərə dözə bilmərəm. Elə bil ki, əl-qolumu kəndirlə sarıyıblar. Yemək-içmək də asanlıqla əldə edilir, bu heç maraqlı deyil. Balıq tutmağa gedirsən - gərək icazə alasan, çimməyə gedirsən - gərək icazə alasan, hara gedirsən get - mütləq icazə almalısan, belə də iş olar?! Söyüş söymək isə Allah eləməsin! Adamın danışmağa da həvəsi olmur, gərək taxtapuşa dırmaşıb orada ürəyini boşaldasan, yoxsa adamın lap bağrı çatlayar. Qan papiros çəkməyə icazə vermir; çığırmağa, əsnəməyə də qoymur; deyir nə gərnəş, nə qaşın, xüsusən, qonaq olanda (burada Hek xüsusi hiss və hiddətlə möhkəm bir söyüş söydü)... Elə gərək işim-peşəm dua etmək ola, Allah vurmuşdu! Mən belə şeylər görməmişəm. Ona görə də qaçmalı oldum, Tom, nə etmək olar! Bir azdan məktəb açılacaqdır, hələ gərək oraya da gedəydim... Axır ki, davam gətirə bilmədim. Bilirsənmi, Tom: vardövlət o qədər də yaxşı şey deyilmiş, biz nahaq yerə elə düşünürdük. Elə onu bilirsən ki, qayğı çəkirsən, narahat olursan; belə yaşayış mənim nəyimə lazımdır. Ancaq bu geyim lap mənim ürəyimdəndir, çəllək də onun kimi, daha mən ömrümdə bunlardan ayrılmaram. Tom, əgər pul olmasaydı, mənim başıma bu işlər gəlməzdi, ona görə mənim də payımı sən özünə götür, hərdənbir mənə on sent versən, bol-bol bəsimdir. Mənim havayı pulla aram yoxdur. Bir də səndən xahiş edirəm: birtəhər dul arvadı dilə tut ki, məndən inciməsin. 
- Bilirsən, Hek, mən bunu edə bilmərəm. Yaxşı olmaz. Sən çalış bir az da döz, bəlkə elə xoşuma gələcək. 


- Xoşuma gələcək! Get özünü qaynar oda at, bəlkə elə sənin də xoşuna gələcək. Yox, Tom, bu var-dövləti mən daha istəmirəm. O, lənətə gəlmiş cansıxıcı evlərdə mən daha yaşamaq istəmirəm! Mənim meşə, çay, bu çəlləyin içi xoşuma gəlir, elə burada da yaşayacağam. Qəti fikrimdir! İndi, silahımız, mağaramız olan bir vaxtda, tamamilə quldurluğa hazır olduğumuz bir zamanda bütün bu zəhrimarlar ortaya çıxıb hər şeyi alt-üst etdi! Tom bu əlverişli fürsətdən istifadə etdi: 

- Bura bax, Hek, mən varlanmış olsam da mənimçün fərqi yoxdur, çıxıb gedəcəyəm quldurluğa. 

- Nə danışırsan! Elə şey olmaz! Sən bunu doğrumu deyirsən, Tom? - Lap doğru sözümdür. Ancaq bilirsənmi, Hek, sən belə pis geyinmiş olsan, biz səni öz dəstəmizə qəbul edə bilmərik. Hekin sevinci yox oldu. 
- Necə yəni götürə bilməzsiniz! Bəs dəniz quldurluğuna necə götürmüşdünüz? 


- O tamamilə başqa iş idi. Elə-belə quldurlar, ümumiyyətlə, dəniz quldurlarından qat-qat yüksək olurlar. Onlar, demək olar ki, həmişə məşhur ailələrdən çıxırlar, hamısı hersoq olur, nə bilim, adlı-sanlı adamlar olur. 
- Tom, axı sən həmişə mənim dostum olmusan. Doğrudanmı sən məni öz dəstənizə qəbul etməyəcəksən? Qəbul edəcəksən, elə deyilmi, Tom? 
- Hek, mənə qalsa qəbul edərdim, mütləq qəbul edərdim, ancaq camaat adama nə deyər? Deyəcəklər ki, "Tom Soyyerin dəstəsinə baxın, hamısı cırcındırlıdır!". Bunu deyəcəklər, Hek. Nə sənin üçün yaxşı olacaq, nə də mənim üçün. Daxili mübarizəyə qapılmış Hek uzun müddət susdu. Nəhayat, dedi: 


- Yaxşı, Tom, əgər siz məni öz dəstənizə qəbul etsəniz, bir ay da gedib o dul qadının yanında qalaram, bəlkə birtəhər davam gətirə bildim. 
- Lap yaxşı, Hek! Buna sözüm yoxdur! Gedək, əzizim, mən dul qadından xahiş edərəm ki, sənə az zülm eləsin. 
- Doğrudanmı, Tom, doğrudanmı sən ondan xahiş edərsən? Bu lap qiyamət olar! O öz qayda-qanunu ilə mənim o qədər də zəhləmi tökməsə hərdən xəlvəti papiros da çəkərəm, söyüş də söyərəm, lap ölsəm də davam gətirərəm. Bəs sən nə zaman dəstə toplayıb quldurluğa gedəcəksən? 
- Lap elə bu saat! Bəlkə də bu axşam yığışıb andiçmə düzəldəcəyik. - Nə düzəldəcəyik? 
- Andiçmə. 
- Bu nə deməkdir? 
- O deməkdir ki, hamı bir yerə yığılıb, bir-birinə kömək etməyə və tikə-tikə doğrasalar da dəstənin sirrini heç yerdə açmamağa and içir. Bundan başqa, dəstəmizdə birisinə toxunan olarsa, həmin adamı və onun bütün qohum-əqrəbasını qırmağa da and içəcəyik. 
- Amma qiyamət kef olacaq, ha! - Bəs necə! Həm də düz gecəyarısı, heç kəs olmayan qorxulu bir yerdə cinşəyatinlər dolaşan xaraba bir evdə and içmək daha yaxşı olar. Heyf ki, indi elə evlərin hamisını qazıq-qazıq ediblər. - Gecəyarısı! Bu da yaxşı fikirdir, Tom.
 - Əlbəttə, yaxşıdır! Andı, tabut qarşısında içməli və öz qanımızla imza etməliyik. 


- Bax, əsl iş buna deyərlər! Bu, dəniz quldurluğundan milyon dəfə yaxşıdır! Lap ölsəm də dul qadının yanında yaşayacağam, Tom! Əgər məndən əməlli-başlı bir quldur çıxsa, söhbətim dildən-dilə gəzsə, yəqin ki, məni öz yanına götürmüş olduğuna dul qadının özü də sevinəcəkdir. 


NƏTİCƏ 
Bu əhvalat belə qurtardı. Balaca bir oğlanın əhvalatı olduğuna görə bu, elə burada da qurtarmalıdır, əgər davam etdirilsə, bu yaşlı bir adamın əhvalatı olardı. Yaşlılar haqqında roman yazdıqda harada nöqtə qoyulacağını bilirsən: əhvalat toyla qurtarır. Uşaqlar haqqında yazdıqda isə həm əlverişlidir, orada nöqtə qoymaq lazım gəlir. 


Bu kitabda iştirak edən qəhrəmanların əksəriyyəti ölməmişdir, onlar hələ də sağ-salamat və xoşbəxt həyat sürürlər. Bəlkə bir zamanlar müəllif öz kiçik qəhrəmanlarının gələcək taleyi ilə maraqlanıb, onların necə adam olmaları ilə məşğul oldu. Elə buna görə də indi onların sonrakı həyatları haqqında danışmaq lazım gəlmir.